ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda konfransında Bakı Bəyanatı qəbul olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Noyabrın 22-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında Bakı Bəyanatı qəbul olunub.

Agsaqqallar.com Bəyanatı təqdim edir:

“Biz, 10 ölkənin 11 siyasi partiyasının liderləri və nümayəndələri 2022-ci il 20-22 noyabr tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda ICAPP-ın xüsusi konfransına toplaşaraq “Sülhyaratma proseslərində siyasi partiyaların iştirakı” və “Siyasi partiyalar arasında əməkdaşlıq yolu ilə regional və qlobal təhlükəsizliyin təşviqi” adlı iki mövzuya diqqətimizi yönəltdik və aşağıdakıları bir daha təsdiqlədik:

-Milli dövlətlərə əsaslanan qlobal təhlükəsizlik və beynəlxalq hüquq sisteminin böhran yaşadığı hazırkı dövrdə cəmiyyətin bütün təbəqələri ilə sıx təmasları olan siyasi partiyaların sülh və əməkdaşlıq məsələlərində dialoqa töhfə verən vasitəçi və iştirakçı kimi imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac vardır;

– Əksər siyasi partiyaların üzvlərinin və elektoratının müxtəlif etnik, dini, mədəni mənsubiyyəti və dəyərləri olan insanlardan ibarət olması onların tolerantlıq və dialoqun əsas təminatçılarından və təbliğatçılarından birinə çevrilməsinə zəmin yaradır. Siyasi partiyaların gücləndirilməsi daha gözəl gələcək naminə ortaq baxışla birləşən daha güclü və möhkəm cəmiyyətlər deməkdir;

– İdeoloji fərqlərinə baxmayaraq, demək olar ki, bütün partiyaların sülh, əməkdaşlıq, təhlükəsizlik, rifah kimi ortaq bəşəri dəyərləri bölüşməsi cəmiyyət daxilində siyasi partiyalar səviyyəsində qarşılıqlı anlaşma və əməkdaşlıq üçün təməl şərtləri formalaşdırır;

– Hazırkı şəraitdə qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək baxımından müxtəlif ölkələrin və regionların siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, onların vaxtaşırı bir araya gələrək aktual qlobal məsələləri müzakirə etməsinin, təcrübə və fikir mübadiləsi aparmasının, konkret mövzular üzrə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti daha da artmışdır.

– 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə zəmin yaratmış, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və hərtərəfli əməkdaşlıq üçün yeni imkanlara yol açmışdır. Cənubi Qafqazda sülh və təhlükəsizliyin faydalarının yalnız bu iki ölkənin sərhədləri ilə məhdudlaşmadığına inanan ICAPP davamlı əməkdaşlıq vasitəsilə regionun sülh və təhlükəsizliyinin genişləndirilməsi və möhkəmləndirilməsinə sadiqdir.

Biz ev sahibliyi edən Azərbaycan Respublikasının Yeni Azərbaycan Partiyasına səmimi qonaqpərvərliyə və konfransın mükəmməl təşkilinə görə dərin minnətdarlığımızı ifadə etdik. Həmçinin ICAPP Katibliyinə konfransın uğurla keçməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildirdik”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR