“İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu Səmərqənddə də nümayiş etdirdi” – Ramin Əhmədov
Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısındakı çıxışı barədə özünün Facebook səhifəsində diqqətçəkən paylaşım edib.
Agsaqqallar.com Ramin Əhmədovun fikirlərini olduğu kimi təqdim edir:
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısındakı çıxışı onun illər öncə elan etdiyi proqrama, söykəndiyi prinsiplərə sadiq olduğunu bir daha sübuta yetirdi. Dövlət başçısı öz çıxışı və toxunduğu məsələlərlə növbəti dəfə nümayiş etdirdi ki, onun nəinki qlobal siyasətdəki manevrlərinin, ümumən fəaliyyət proqramının və idarəçilik mexanizminin qayəsində birmənalı olaraq milli maraqlar dayanır. Bu da cənab Prezidentinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. İlham Əliyev üçün milli maraqlarımız hər şeydən önəmlidir və o, bu xüsusda heç vaxt, heç kimə güzəştə getmir.
Prezident İlham Əliyevin Səmərkənddəki çıxışı həm xarakter, həm də mahiyyətcə tarixi anlam daşıdı. Dövlət başçısı acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərin davam etdiriləcəyini xüsusi qeyd etməklə, həm “Gülüstan”, “Türkmənçay” müqavilələrinə açıq işarə etmiş oldu, həm də doğru bildiyi yoldan – tarixi ədaləti bərpa etmək missiyasından geri addım atmayacağını bayan etdi.
Azərbaycan Prezidentinin Səmərqənddəki çıxışı bizə onun illər öncə səsləndirdiyi bəyanatı da xatırlatdı. İlham Əliyev bütün dünyaya elan etmişdi ki, o, hər bir azərbaycanlının Prezidenti olacaq. Dövlət başçısı Səmərqənddəki çıxışında Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin öz ana dilində təhsil almaq imkanından məhrum olması faktını qabartmaqla bir daha göstərdi ki, o, yuxarıda qeyd etdiyim kimi, öz proqramlarına və prinsiplərinə sadiqdir, diqqət yetirəcəyini elan etdiyi istiqamətlər onun üçün heç vaxt aktuallığını itirmir və təkcə 10 milyonluq Respublikanın deyil, dünyadakı hər bir azərbaycanlının lideridir. Bir daha hamıya aydın oldu ki, İlham Əliyev heç bir sözü, heç bir vədi təsadüfən dilə gətirmir. Deyirsə, demək ki, konkret proqrama və dəqiq konturlara malik konsepsiyaya əsaslanır.
Sizinlə qürur duyuruq, cənab Prezident. Yolunuz yolumuz, andınız andımızdır!