Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən iki il ötür. Artıq iki ildir ki, xalqımız  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir.

Qubadlının azad olunmasında Azərbaycan Ordusunun Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid bir neçə elit bölmələri iştirak etmişdir . Rayonun azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.

Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı.  Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdırdı.

Qubadlı həm təhlükəsizlik baxımından, həm də Ermənistanla sərhədlərin qorunması baxımından çox strateji bir ərazidir. Bu məqsədlə dövlətimiz tərəfindən həmin bölgədə kifayət qədər ciddi tədbirlər görüldü. İlk növbədə  Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi yaradıldı. Hərbi hissənin bütün təchizatı, hərbiçilərin şəraiti və digər zəruri məsələlər yüksək səviyyədə həll olundu. Cənab Prezidentin tapşırıqlarına əsasən Qubadlıda reallaşdırılan hərbi infrastruktur layihəsi dövlətimizin təhlükəsizlik məsələlərinə xüsusi önəm verməsinin bariz nümunəsi idi.

Hazırda Qubadlı rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bunların arasında 2021-ci ilin oktyabrın 25-də təməli qoyulan Xanlıq-Qubadlı avtomobil yolu çox mühüm layihədir. Bu yollardan həm də Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında istifadə ediləcək. Yaradılan bütün yolların hava limanları ilə birləşdirilməsi isə gələcəkdə Silahlı Qüvvələrimizin işğaldan azad olunmuş digər ərazilərdə manevr imkanlarına müsbət təsir edəcək.

 

Məhi Mehdiyev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri

İctimai Birliyinin Nizami rayon filialının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR