Zəngilan qədim Zəngəzur diyarının bir parçasıdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Çar Rusiyasının XIX əsrin əvvəllərində Qafqazı işğal edəndən sonra yaradılan yeni inzibati ərazi bölgüsünə əsasən Zəngəzur qəzası Gəncə (Yelizavetpol) quberniyasına tabe edilmişdır. Şərqdən Həkəri çayından qərbdə Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edən Zəngəzur qəzası 7 məntəqədən – Qarakilsə (Sisian), Qafan, Gorus, Mehri, Zəngilan, Qubadlı və Laçından ibarət olmuşdur. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edildikdən sonra bolşevik Rusiyasının işğalına keçən Azərbaycanın əzəli torpağı Zəngəzur zorla bizdən alınaraq, iki hissəyə parçalandı. Qərbi Zəngəzur- Qarakilsə, Qafan, Gorus, Mehri Ermənistana birləşdirildi., Laçın, Qubadlı və Zəngilan bölgələrindən ibarət Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. Beləliklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birbaşa əlaqəsi kəsilmişdi. Bu parçalanma bütün türk dünyasını bir-birindən qoparmaq siyasətinin tərkib hissəsi idi. Cənubi Qafqaz Respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi zamanı Sovet Rusiyasının müstəmləkəçilik siyasəti tərəfindən bizə qarşı edilmiş bu tarixi ədalətsizliklə Azərbaycan xalqı heç bir zaman barışmayıb. Çünki tarixi Zəngəzur torpağı əzəli qədim türk yurdu olmuş və ərazidə yerləşən bütün toponimlərin adları Azərbaycan adlarıdır. Misal üçün Meğri rayonunun Nüvədi kəndindəki “Qarqar yazıları” öz qədimliyi və əzəməti ilə seçilir. Nüvədi də yerləşən tarixi Sultan-Səlmə istehkamları, həmçinin müqəddəs Baba Hacı ziyarətgahı Babəkin adı ilə əlaqələndirilir.

Azərbaycandan qopardılaraq alınmış Zəngəzur qəzası daha sonra yaradılan rayonlaşma zamanı ərazi ayrı-ayrı rayonlara bölünərək, Zəngəzur tarixi bir vilayət adı kimi ləğv edilmişdi.

1861-ci ildə yaradılmış və mütləq əksəriyyəti Azərbaycanlılardan ibarət olan Zəngəzur qəzasının mərkəzi Gorus olmuşdur. Əhalinin digər qismi müsəlman kürdləri və Türkmənçay müqaviləsində sonra bura köçürülmüş ermənilər idi. Çar Rusiyasının köçürmə siyasəti nəticəsində müxtəlif yerlərdən tarixi Azərbaycan torpaqlarına, həmçinin Zəngəzura ermənilər köçürülməklə suni şəkildə sayları artırılmışdır. 1919-cu il 13 yanvar tarixində Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasınında daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Hələ o dövrlərdən dinc əhaliyə qarşı başlayan erməni qırğınları Azərbaycan Xalq Cümhuriyyəti dağılandan sonra daha da intensivləşdi. Ərazi iddiaları ilə çıxış edən ermənilər Azərbaycan xalqına qarşı bəşər tarixində görülməmiş vəhşiliklə soyqırım siyasəti həyata keçirdilər.

1930-cu ildə yaradılan Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində ekoloji terrora məruz qalan rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan edilərək məhv olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 2020-ci il 20 oktyabr tarixində Zəngilan rayonunu işğaldan azad etdi. İndi biz Zəngilanın işğaldan azad edilməsinin ikinci ilini qeyd edirik. 2020-ci il dekabr ayının 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana səfər etmiş və üçrəngli ay-ulduzlu bağrağımız şəhərin mərkəzində dalğalandırılmışdı.

Vətən müharibəsində biabırcasına məğlub olmuş Ermənistan 10 noyabr 2020-ci il bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması öhdəliyini götürüb. Ümid edirik ki, bir zamanlar zorla öz ata-baba torpaqlarından qovulmuş soydaşlarımız bu dəhliz vasitəsilə doğma yurdlarına qayıdacaqlar. Son zamanlar Ermənistan himayədarlarına arxalanaraq bu dəhlizin açılamsına suni maneələr yaratmağa çalışır. Ölkə rəhbəri cənab Prezidentin dediyi kimi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla edəcəyik”.

Rəşadətli ordumuzun zəfəri sayəsində biz Şərqi Zəngəzura qayıtmışıq. İndi qaldı Qərbi Zəngəzura qovuşmaq. Yaxın gələcəkdə dəhliz vasitəsilə biz buna da nail olacağıq və bütün türk dünyasının qapısı Naxçıvana maneəsiz giriş əldə edəcəyik.

Artıq Zəngilan çiçəklənir, öz dogma yurddaşlarını bağrına basır. Qeyd etmək istərdim ki, Böyük Qayıdış planına əsasən bu il ilk dəfə olaraq Zəngilanın Ağalı kəndinə soydaşlarımız qayıdıb. Ərazi minalardan təmizləndikcə yeni yaşayış binaları, fərdi evlər və digər infrastuktur layihələri tikilir və zəngilanlılar mərhələli şəkildə sevinc və qürür hissi ilə yeni və gözəl Zəngilana köçürülür. Strateji cöğrafi mövqeyə malik Zəngilanda yaxın günlərdə Beynəlxaq Hava Limanının təntənəli açılışı baş tutacaq.

Bizlərə bu sevinci yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuza qədər minnətdarıq.

Torpaqlarımızın azad olunması yolunda canlarından keçən bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında hörmətlə baş əyirik, qazilərimizə şəfalar diləyirik.

Eldəniz Zeynalov

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR