Xalq-dövlət birliyinin möhtəşəm qələbəsi
“Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərdi.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
Artıq tarixə dönən 2020-ci ilin əsas hadisələri və yekunları barədə söhbət açdıqda, ilk növbədə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi və müharibədə qazanılan şanlı qələbəmiz yada düşür. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalət xarakteri daşıyırdı. 44 gün davam edən müharibədə Azərbaycan öz gücünü düşmənə göstərdi, onun ordusunu tamamilə sıradan çıxardaraq diz çökdürdü. Müzəffər Ordumuz 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğalçılardan təmizlədi. Noyabrın 8-də Şuşa, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bundan sonra müharibəni davam etdirməyin mənasız olduğunu dərk edən işğalçı Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın əzmini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yaydılar. Eyni zamanda, 1128 QHT-nin xalqımıza müraciəti ünvanlandı. Müraciətdə QHT-lərin Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqları diqqətə çatdırıldı. Bundan başqa, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət edildi.
44 günlük Vətən müharibəsi dövründə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin cəmiyyətimizə müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Xalq-dövlət birliyinin möhtəşəm qələbəsi Azərbaycanın gələcək taleyinə və tarixinə qızıl hərflərlə yazıldı.
Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri