Ölkəmizdə iqtisadi islahatlar uğurla davam etdirilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 15-də 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə giriş nitqi ilə çıxış edib. Çıxışında İlham Əliyev xüsusilə qeyd edib ki, “Bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir”.
Müşavirədə vurğulanıb ki, hazırda qlobal miqyasda getdikcə daha da dərinləşən geosiyasi qarşıdurmalar bütün dünyada iqtisadi fəallığa ciddi təlükələr yaradıb. Bir çox ölkələrdə tənəzzül meyillərinin və inflyasiyanın artması müşahidə edilir. Lakin mövcud mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında Azərbaycan  iqtisadiyyatında həm neft, həm də qeyri-neft sektorları üzrə yüksək artım templəri müşahidə olunub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız  6,2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz artıb. Ən yaxşı istehsal göstəriciləri 11,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Mənfi amillərin təsirlərinə baxmayaraq, kənd təsərrüfatında da artım müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb.
İqtisadi artım Azərbaycanın gəlir imkanlarına müsbət təsir göstərib və bunun da sayəsində büdcəyə əlavə vəsaitlər cəlb olunub. Prezident İlham Əliyev bildirib ki, biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Onun sözlərinə görə, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Ölkədə aparılan iqtisadi məzmunlu islahatların yaxşı nəticələr verdiyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik”.
Uğurlu inkişaf sayəsində Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi ölkəmizin böyük uğurudur. Biz forpost dövlət olan Ermənistanın timsalında məhdud iqtisadi imkanların hansı ağır fəsadlara yol açdığını aydın şəkildə görürük. Bu ölkə yalnız sözdə müstəqildir, əslində isə asılı vəziyyətdədir, öz problemlərini özü həll etmək iqtidarında deyil. Buna görə də daim ayrı-ayrı güc mərkəzlərinin diktəsi və təsiri altında siyasi qərarlar qəbul etmək məcburiyyətində qalır. Azərbaycan isə dünyaya iqtisadi cəhətdən güclü, müstəqil siyasi qərarlar verən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət modeli təqdim edir.  “Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır”.
Dünya üçün çətin keçən 2022-ci ilin birinci yarısında Azərbaycanın davamlı iqtisadi inkişafını, həmçinin ölkənin xarici ticarətində müşahidə edilən müsbət saldonun timsalında da izləmək mümkündür. İlin birinci yarısında respublikamızın xarici ticarəti böyük dərəcədə – təxminən 70 faizdən çox artıb. O cümlədən ölkədən ixrac 2 dəfədən çox genişlənib. İxracın strukturunda qeyri-neft məhsullarının ixracının 25 faizdən çox artması məmnunluq doğurur. Bütövlükdə xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər.
Azərbaycanın digər bir üstünlüyü xarici borcun aşağı səviyyədə olması ilə bağlıdır. Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev hökumətə xarici borcun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə endirilməsi ilə bağlı tapşırıqlarını vermişdi. Bu strategiya uğurla həyata keçirilir. 2021-ci il iyulun 1-də ölkəmizin xarici dövlət borcu ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilər. Hazırda isə respublikamızın xarici borcu ümumi daxili məhsulun cəmi 10,7 faizini təşkil edir. Prezident İlham Əliyev Azərbaycanda xarici borcun azaldılması strategiyasına aydınlıq gətirərək bildirib: “Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.

Nərmin Cəfərova
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR