İkitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Toplantıda Azərbaycan Respublikasınnn Prezidenti cənab İlham Əliyev çıxış edib.
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. 1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, İran və Rusiyanın ikitərəfli və çoxtərəfli görüşlərində də Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. 2002-ci ildə Xəzərin hüquqi statusuna dair Aşqabad şəhərində ilk sammit keçirilmiş və həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsası qoyulmuşdur.
2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu haqqında 24 Maddədən ibarət Konvensiya imzalandı və bununla da Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini tapdı.
Zirvə Toplantısında çıxış edən möhtərəm Prezidentimiz qeyd edib ki, qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəkdir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əhəmiyyətini önə çəkən dövlətimizin başçısı deyib: «Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatlarda bağlanmış sazişlərin böyük rolu vardır. Cənab Prezident çıxışında bununla bağlı xüsusilə vurğulayıb: “Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı regional baxımdan sülhə və təhlükəsizliyə yeni çalarlar verəcək, sahilyanı ölkələrin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafına xidmət göstərəcəkdir.

Nurlan Hüseynov
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR