Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı yeni inkşaf mərhələsinin başlanğıcı oldu
Cəmiyyətimizin aparıcı və avanqard siyasi qüvvəsinə çevrilən, dövlətimizin inkişafına layiqli töhfələr verən, ölkəmizdə gedən proseslərin mərkəzində mövqe tutan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında önəmli hadisə kimi tarixə düşdü.
Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycan daxilində hərc-mərclik, dərin böhran, özbaşnalıq hökm sürürdü. Xaricdən isə ərazi bütövlüyümüzə qarşı edilən təcavüzlər Azərbaycanı yox olma təhlükəsi ilə üz-üzə qoymuşdu: “Belə bir çətin şəraitdə Azərbaycanı bu böhrandan çıxarmaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək üçün yeni bir partiyanın yaranması tarixi zərurətə çevrilmişdir. Bu məqsədlə, 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqın arzu və istəklərinin ifadə olunduğu müraciət Naxçıvana, ulu öndər Heydər Əliyevə göndərildi. Beləliklə ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərlik təşəbbüs heyyətinin iştirakı ilə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.
Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin ətrafında yaranan, fəaliyyəti ölkəmizdə siyasi sabitliyin təmin olunmasına xidmət edən, Yeni Azərbaycan Partiyası, qısa müddət ərzində inkişaf edərək ümumxalq partiyaya çevrildi. Azərbaycan tarixinin ən keşməkeşli və ağır dövründə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə siyasi sabitliyimizin qarantına çevrilmişdir”.
2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatların davamı və partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı oldu – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət bir sıra qərarlar qəbul edilmişdir. Bu qərarlardan ən mühümü, Yeni Azərbaycan Partiyasında birinci müavin postunun təsis olunması və bu posta ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təyin edilməsi oldu. Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu hədəflərə çatmasına və partiyanın fəaliyyətinin inkşafına böyük töhvə vermiş oldu:
“Yeni Azərbaycan Partiyası ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında aparıcı rol oynayır. Bu istiqamətdə partiyanın əsas fəaliyyətlərindən biri də siyasi dialoq mühitinin dərinləşdirilməsidir. VII Qurultay zamanı 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası) YAP-a qoşulmasına dair qərar qəbul edilmişdir. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması ölkəmizdə dialoq mühitinin dərinləşməsinin və Yeni Azərbaycan Partiyasına olan inam və etimadın bariz göstəricisidir.
Bu gün Yeni Azərbaycan Partiyası vətənpərvər, intellektual, savadlı gəncləri özündə birləşdirən siyasi partiyadır. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş həmin gənclər Vətən müharibəsində böyük fədakarlıq göstərərək, öz canlarından keçdi, şəhid, qazi oldu və tarixi ədaləti bərpa etdilər.
Əminik ki, bu günə qədər öz missiyasını uğurla həyata keçirən, qarşıya qoyduğu məqsədlərə nail olan, qələbələr partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bundan sonra da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altından böyük uğurlara və qələbələrə imza atacaq”.