Hulusi Kılıç:”Türk dünyası birdir, həmrəydir, sabitlik və inkişaf yolunda qətiyyətlidir”
“Can Azərbaycanda səfir olduğum dövrdə – 2009-cu ildə türk qapısı qədim Naxçıvanda təsis edilən Türk Şurası ötən 12 ildə böyük inkişaf yolu keçib. Qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi beynəlxalq inteqrasiya baxımından mühüm amildir. Türk Şurası mühüm regional missiya həyata keçirib. Bundan sonra isə Türk Dövlətləri Təşkilatı eynilə Avropa İttifaqı kimi beynəlxalq missiya daşıyacaq”.
Bu fikirləri Agsaqqallar.com saytına açıqlamasında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Ağsaqqallar Birliyinin İH-ə namizədi Hulusi Kılıç söyləyib.
“Liderlər bu tarixi qərarla bir daha bütün dünyaya nümayiş etdirdilər ki, türk dünyası birdir, həmrəydir, sabitlik və inkişaf yolunda qətiyyətlidir. Çünki Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, regionda yeni münasibətlər sferasının, sülh və inkişaf platformasının qurulması və təminatı deməkdir. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatının cəlbediciliyini artıracaq və üzv ölkələrin imkanları yeni layihələrin ortaya çıxmasına təkan verəcək. Müasir dövrdə sabitlik və inkişaf bütün normal ölkələrin arzusu və ehtiyacıdır”- deyə H. Kılıç bildirib.