Səbinə Xasayeva:”Bu Zəfər həm də iki qardaş dövlətin gənclərinin birliyinin zəfəridir”
Eyni ruhun bir əli Türkiyədə yaşayanların, digəri Azərbaycanda yaşayanların niyyətinin, istəyinin arzusunun əlidir. Bu əllər bəşərin yarandığı vaxtlardan bu günəcən belə birlik nümayiş etdirir.
Türkiyənin istiqlal savaşında təkcə türklər döyüşmədi, azərbaycanlı gənclər də bu döyüşlərin iştirakçısı oldu. Çanaqqala zəfəri həm də iki qardaş dövlətin istiqlal savaşında qəhrəmanlığın qələbəsi ilə tamamlandı, türk ruhu işğalçılığı məğlub etdi.
Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Bu qələbə də iki qardaş xalqın eyni amalının qələbəsi oldu. Dünya gördü ki, Türkiyə ilə Azərbaycan, böyük tarixi şəxsiyyət Mustafa Kamal paşa Atatürkün dediyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir, Heydər Əliyevin dediyi kimi, bir millətdir, iki dövlətdir. Belə yaşam fəlsəfəsi ilə formalaşan gənclər bu birliyin sədaqətli əsgəri olub, indi də sədaqətli əsgəridir.
Ermənistan havadarlarının siyasi, maddi, hərbi yardımlarından bəhrələnməklə Azərbaycanın 20 faiz torpağını işğal etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə məhəl qoymayan işğalçı dövlət Qafqazda sülhün, əmin-amanlığın dağıdıcı nüvəsinə dönmüşdü. Atəşkəsi müxtəlif miqyaslarda pozmaqla, iri miqyaslı təxribatlar törətmək istəyi ilə istər Azərbaycanın dövlət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycanın torpaqlarına həmlələr, hücumlar edirdi. Azərbaycan ordusunun bölmələri düşmənin əməliyyatlarının qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da belə əməliyyatların qarşısı ciddiyətiylə alındı, xeyli hərbi itkiyə məruz qalan düşmən geri çəkilməyə məcbur oldu.
2010-ci ilin sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücuma keçən düşmənin niyyəti baş tutmadı, düşmən Azərbaycan əsgərinin qətiyyəti ilə üzləşdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi. Azərbaycan ordusu düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Vətən müharibəsində minlərlə gənc döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Həmin vaxtlarda Türkiyədə də minlərlə gənc Azərbaycana gəlmək, döyüşlərdə iştirak etmək üçün dövlət orqanlarına müraciət edirdi. Bu müraciətlər eyni ruhun işığı idi və bu işıq döyüşənlərin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Hər qələbə xalqın sevincini daşdırırdı. Azərbaycanda da, Türkiyədə də. Xalq bu qələbələri böyük ruh yüksəkliyi ilə qarşılayırdı. Vətən müharibəsində Türkiyədə yaşayan bir tanışımın telefon zəngini heç zaman unuda bilməyəcəm. Tanışım əməkli, yəni təqaüdçü atasının təqaüdünü, özünün maaşını döyüşənlərin hesabına köçürməyimdə vasitəçi olmağımı xahiş edirdi. Bu, ruhun sabahlarımıza, iki dövlətin birliyinin sabahlarına sədaqətin təzahürü idi.
Vətən müharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar demişdi “Azərbaycan tək deyil”. Vətən müharibəsi bu birliyin dönməzliyinin təsdiqi oldu. Vətən müharibəsində Türkiyədə istehsal olunan “Bayraktar”lar da bu müharibənin əsgəri idi. “Bayraktar”lar düşmənin komanda-qərargah məntəqələrini dağıdırdı, canlı qüvvəsini, döyüş texnikalarını məhv edirdi. “Bayraktar”ın yaradıcısı Səlcuq Bayraktarı Azərbaycan Respublikasının Prezidentinin dövlət ordeni ilə təltif etməsi Azərbaycanın Türkiyəli gənclərə ehtiramının təzahürüdür. Həm də dövlət səviyyəsində.
Vətən müharibəsində bu və ya digər yaşayış məntəqəsi işğaldan azad ediləndə Azərbaycanda hansı səviyyədə sevinc yaşanılırdısa, Türkiyədə də həmin səviyyədə sevinc yaşanılırdı. Türkiyədə təhsil alan bir tələbə deyirdi ki, noyabrın 8-i gecəsi universitetimizin bütün tələbələri səhərə kimi Ankaranın küçələrində sevinc ovqatı yaşadı, Türkiyə ilə Azərbaycanın birliyini ifadə edən şüarlar səsləndirildi. Bu birlik Türkiyəli gənclərlə Azərbaycanlı gənclərin qardaşlığının, qardaşlıq formatlı birliyinin təsdiqi idi. Həmin gecə Ankaranın küçələrində sevinc, bu sevinci yaradan qələbə ovqatı yaşayanlar həm də “Azərbaycan – Türkiyə” mahnısını ifa etdilər. Bu ifa gerçəkliyin musiqi dili ilə bəyanı olub, şübhəsiz.
Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər xalqla ordunun birliyinin, iki qardaş dövlətin gənclərinin birliyinin, Ali Baş Komandanın müzəffər sərkərdəlik qüdrətinin, Azərbaycanın tək olmamasının nəticəsi idi. Bunlar iki dövlətin gənclərinin təkcə bu gününün deyil, həm də zaman anlamında sabahlarının yaşam fəlsəfəsinin mahiyyətidir. Bu mahiyyət milli-xəlqi ruhun eyniliyinin ifadəsidir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən paradda da iştirak etdi. Dünya ictimaiyyəti də, Azərbaycan – Türkiyə münasibətlərini dəsətəkləyən dövlətlər də, bu münasibətlərə qısqanclıqla yanaşan dövlətlər də gördü ki, eyni ruhda ayrılıq olmayıb, yoxdur, olmayacaq.
Zəfərdən sonra Şuşa şəhərində “Xarıbülbül” festivalı keçirildi. Bu festival həm də Zəfərə görə yaşanılan ovqatın üvertürası kimi yaşanıldı.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.
Zəfər paradı mənəvi birliyin sarsılmazlığının paradı idi, dünyanın qoşa dalğalanan iki bayrağa qoşa salamının paradı idi.
Bu parad Azərbaycanlı gənclərlə Türkiyəli gənclərin amal, əqidə, ruh birliyinin möhtəşəmliyinin paradı idi.
Ruhunuz şad olsun birinci Qarabağ müharibəsinin şəhidləri, ruhunuz şad olsun Vətən müharibəsinin şəhidləri. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəhidlərin sərdarı adlandırdığı Mübariz İbrahimov, ruhun şad olsun. Zəfər paradı sizin muradınızın paradı idi, sizin ruhunuza gözaydınlığı paradı idi.
Bu günlərdə Füzulidə beynəlxalq aeroportun açılışı, Zəngilanda Aqroparkın təməlinin qoyulması, Zəngəzur dəhlizinin başlanğıcında bu yola iki qardaş dövlətin prezidentinin mənəvi xeyir-duası hər iki dövlətin gənclərinin birliyinin mənəvi simvolu oldu.
Türkiyədə təxribatların nəticəsi kimi irimiqyaslı meşə yanğınları olanda onunla mübarizədə Azərbaycan gəncləri də iştirak etdi. Həmin günlərdə Türkiyədə meşə yanğınları Azərbaycanda hamının, o cümlədən gənclərin ruhunu qarsılayırdı, hamı bu yanğıını canı ilə, varlığı ilə hiss edirdi. “Biz səninləyik, Türkiyəm!” şüarı hər bir azərbaycanlı gəncin ürək harayı idi. Həm də heç kim Türkiyə demirdi, Türkiyəm deyirdi. Bu adlandırma da Azərbaycan – Türkiyə münasibətlərinin eyni ruhdan rişələndiyinin təsdiqi idi.
Azərbaycanla Türkiyə bəşərin eyni amalla yaşayan qardaş dövlətləridir.
Azərbaycanlı gənclərlə Türkiyəli gənclərin birliyi sədaqətin birliyidir.
Vətən müharibəsində qazanılan Zəfər həm də Azərbaycanlı gənclərlə Türkiyəli gənclərin mənəvi birliyinin Zəfəridir. Bu Zəfər həm də ona görə müqəddəsdir.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı