Azərbaycan və Türkiyə əlaqələrinin ən yüksək səviyyəsi: Tarixi həqiqətlər öyrənilir və təşviq olunur – ŞƏRH
Qədim tarixə dayanan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri günü-gündən daha da genişlənir. Təsadüfi deyil ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirib. Bu dəstəyin ən bariz nümunələrindən biri azərbaycanlıların Çanaqqala savaşı zamanı öz qardaşları ilə çiyin-çiyinə savaşması olub. Tarixi faktlar Çanaqqala savaşından 3 mindən artıq azərbaycanlının şəhid olduğu gerçəyini ortaya qoyur. Bundan əlavə, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb:
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir: “Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir”.
Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün Qarabağda keçirilən hərbi əməliyyatlar başladığı gündən Türkiyə, həmişə olduğu kimi, Azərbaycanın haqlı davasında dövlətimizi və xalqımızı yalnız qoymadı. Qardaş Türkiyə bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi.
Xatırladaq ki, 1993-cü ildən Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən qardaşlıq və həmrəylik aktının təcəssümü idi.
Vətən Müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Prezidentinin bu açıqlaması əslində dünyaya verilən açıq mesaj idi. Rəcəb Tayyib Ərdoğan bu mesajları ilə açıq şəkildə bütün dünyaya bəyan edirdi ki, Azərbaycanın haqlı savaşında ona mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən bir daha bu dəstəyi yüksək şəkildə qiymətləndirib. Prezident qəbul zamanı bəyan edib ki, Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss edib: “Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır”.
Əməkdaşlığımızın təhsil prioritetləri
Azərbaycan Prezidenti təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdən olduğunu da bəyan edib: “Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.
Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir:
“Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır”.
Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır
Prezident İlham Əliyev Azərbaycanın müasir tarixinin öyrənilməsinin və təbliğ olunmasının vacibliyini qeyd edib. Prezident vurğulayıb ki, təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır:
“Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq.
Tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir. Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq”.
Qeyd edək ki, hazırda siyasi müstəvidə Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə münasibətlər formalaşır və münasibətlər sürətlə inkişaf edir. Hər iki dövlət əməkdaşlıqların bütün sahələrində daha da gücləndirilməsinə dair mühüm addımlar atır. Bir sözlə, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” şüarını əməldə gerçəyə çevirir.
Anar Ağayev,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı,
ikinci dərəcəli dövlət qulluqçusu