“Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları ölkəmizin dünyadakı nüfuzunu bir daha təsdiq edir” – Ramin Əhmədov
“28 May – Respublika Günü münasibəti ilə xarici dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları Azərbaycanın dünyadakı nüfuzunu, beynəlxalq münasibətlərdə önəmli rolunu bir daha təsdiq edir. Göndərilən təbrik məktublarının hər birində ölkə başçısının dünyadakı nüfuzuna diqqət çəkilir, Azərbaycan etibarlı tərəfdaş kimi qiymətləndirilir. Məsələn, ABŞ prezidenti Co Bayden ölkə başçısına göndərdiyi təbrik məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınmasını, bu il isə Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanmasını Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə kimi qiymətləndirib. Bu fikirlər bir daha təsdiq edir ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında nəyinki regional, hətta qlobal oyuncuların, super dövlətlərin diqqət mərkəzindədir. Bütün aparıcı dövlətlər Azərbaycanla əməkdaşlığa can atır, İlham Əliyevlə hesablaşırlar”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov 28 May – Respublika Günü münasibəti ilə xarici dövlət başçılarının Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarında Azərbaycana və onun rəhbərinə verilən önəmlə bağlı danışarkən deyib.
YAP rəsmisi bildirib ki, Co Baydenin Azərbaycanla bağlı səsləndirdiyi ən diqqətçəkən fikirlərdən biri də ölkəmizin NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəklə bağlıdır.
“Azərbaycan bütün sahələrdə olduğu kimi terrorla mübarizədə də ABŞ-la sıx əməkdaşlıq edir. Təbii ki, gənc müstəqil Respublikanın dünyanın peşəkar orduları ilə çiyin-çiyinə beynəlxalq terrorçuluğa qarşı mübarizə aparması düzgün xarici siyasətin və təminatlı ordu quruculuğunun nəticəsidir. Hərbçilərimizin NATO-nun “Qətiyyətli dəstək” missiyası çərçivəsində Əfqanıstanda göstərdiyi sülhməramlı fəaliyyət buna ən bariz nümunədir. Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Azərbaycanın terrorla mübarizədə göstərdiyi xidmətlərin yüksək qiymətləndirməsi, ölkəmizin beynəlxalq missiyaların da öhtəsindən uğurla gəldiyini bir daha sübut edir”.
Ramin Əhmədov Çin Xalq Respublikasının sədri Si Cipenin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin təbrik məktublarında COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın səylərinə xüsusi diqqət çəkildiyini qeyd edib.
“Dünyanın aparıcı ölkələrinin rəhbərləri Si Cipen və Ştaynmayer Azərbaycanın koronavirusla mübarizədəki səylərinə təsadüfən toxunmayıb. Çünki ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiyaya qarşı ən effektiv mübarizə aparan dövlətlərdən biridir. Dünyanın inkifaş etmiş ölkələri COVİD-19-a məğlub olduğu halda, Azərbaycan bu sınaqdan az itki ilə çıxmağı bacarıb. Ölkə başçısının tapşırığı ilə 20-dən çox modul tipli xəstəxananın tikilməsini və COVİD-19-la mübarizəyə göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Azərbaycan pandemiyaya qarşı mübarizəsi yalnız vətəndaşlar tərəfindən deyil, həm də beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qiymətləndirilir. Dünya COVİD-19-la mübarizədə “Azərbaycan modeli”ni qəbul edir”.
YAP rəsmisi qeyd edib ki, ölkəmiz pandemiya dövründə kasıb ölkələrə də xüsusi qayğı ilə yanaşıb.
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzatması, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verməsi buna bariz nümunədir. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya problemi beynəlxalq müzakirəyə çıxarılıb, Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilib. Prezident İlham Əliyev koronavirusla bağlı çıxışlarında bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulamış, dövlətləri bu bəlaya qarşı mübarizədə həmrəyliyə çağırmışdı. Ölkə başçısı humanistlik nümayiş etdirərək, koronavirusa qarşı peyvəndlərin ədalətli bölüşdürülməsi, kasıb dövlətlərin vətəndaşları üçün vaksinlərin alınmasının təşkil edilməsi barədə təkliflər irəli sürmüşdü.Təbii ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən bütün bu kimi humanist addımlar dünya liderlərinin diqqətini çəkməyə bilməzdi. Ona görə də ölkə başçısına göndərilən təbrik məktublarında Azərbaycanın COVİD-19-la mübarizədə göstərdiyi səylərə xüsusi diqqət ayrılıb. Dünya liderlərinin ölkəmizlə əməkdlaşlığa verdiyi önəm bir daha göstərir ki, Azərbaycan artıq regionda deyil, bütün dünyada xüsusi çəkisi olan dövlətdir”.