İmam Mustafayev
Mustafayev İmam Daşdəmir oğlu- bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdəAzərbaycan Kommunist Partiyasının birinci katibi.
İmam Mustafayev 25 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur.1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilmişdir.
Qırmızı Əmək Bayrağı, Şöhrət, Qırmızı Bayraq və Şərəf Nişanı ordenləri ilə təltif edilmişdir.
Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 12 iyun 1959-cu ildə “bacarıqsızlıq” bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləmiş (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olmuşdur.
İ.Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.
O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. “Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, “Arzu”, “Gürgənə-1”, “Turanikum-186”, “Qızıl buğda”, “Turgidum-7” və s. sortlar yetişdirmişdir. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti var. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov adına Qızıl medal, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç böyük qızıl medalını almışdır.
Qeyd edək ki, İmam Mustafayev həm də Azərbaycan Ağsaqqallar Şurasının yaradıcısıdır..
1997-ci ildə vəfat etmişdir.