Şərafət Şəfa yazır: “Bir dostum var….”
“Bir görüşün tarixçəsi”….
Nə gözəl ifadədir…. Bir dostum var… Özü uzaqlarda, sevgisi ürəklərdə. Aristotel deyir ki, dost adamın ikinci mənliyidir. Yəni dilimiz, dinimiz, fikrimiz, duygularımız, hissimiz, izimiz, sirrimiz və s. və i.. Bunların cəminin sadə bir adı var – dost!
Musa Yaqub deyir ki, dost dost olsa hər arxalı nadanın gözü üstə qaş olmağa nə var ki?! Mənim də bir dostum var. Gözü gözümüzdən uzaq, könüldən könülə yolumuz olan. Bu günlərdə yeni bir kitabı ilə oxucuların görüşünə gələn Sabir Zəkullaoğlu. Uzaqda olduğum üçün kitabının təqdimatında iştirak edə və kitabını əldə edə bilmədim Onun üçün “günahımı” bu kiçik yazıyla yumaq qərarına gəldim.

Biz uzun illərdir ki, Sabirlə dostuq. Bəli, bəli, dostuq! Çünki hər zaman sıxıntılı, çətin anlarımda onu yanımda görmüşəm, “sıxılma, qardaşların burda, yanındayıq” deməsilə.. Dostluq yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusudur. Bizim dostumuz Sabiri təsvir etmək bir az çətindir, o, fəlsəfi kitaba bənzəyir. Ciddi görkəminin altında həlimlik yatan, əxlaqı nizamda olan biridir. Oxuduqca təhlili artan, yeni bir kitabın yaranışı doğan. Sosial şəbəkələrdə mükəmməl yazıları və fikirləri ilə çox populyarlaşan dostumun bir də gözəl şeir deməsi var. Səsinin tonu, şeiri ruhuna hopduraraq içdən söyləməsi, sözün bakirliyini, fəzilətini qoruyaraq bəzən pıçıltılı, bəzən coşğun söyləməsi radio dalğalarını titrədərdi. Bədii qiraət sadə iş deyil. Mükəmməlliyi sevən, özündə bir neçə sənəti birləşdirən bir sahədir. Sabir Zəkullaoğlunun gözəl səsi, iti yaddaşı və səlis diksiyası, incə duyumu və bir də yüksək zövqə malik olması, həm özünü, həm şeiri, həm də şairi sevdirir dinləyiciyə. Onun qabiliyyəti sözün qüvvətini hiss etdirir, dinləyən hər kəs o şeirdə sanki özünü görür.

Alman filosofu Kant deyir ki, dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. Biz də illərlə damla-damla Sabiri kəşf etdikcə, daxili aləminə eləcə heyrətlənirdik. Bəzi bulaqların gözü tutulu olur. Mütləq o bulağın gözü açılmalıdır ki, axıb çağlasın. Bizim Sabir də çağlamağa başlayandan daxilində yatan fırtınalar coşmağa, daxili gözəlliyi, ürəyinin hissləri, mərhəmətinin ilıq nəfəsi üzə çıxarmağa, gözəl bir tablo yaratmağa başladı. Çünki adam hisslərini ağlından çox özünə doğma bilir. Bilirəm ki, hər zaman olduğu kimi bu dəfə də onun duyğularının “işğalı”na başlamağıma adekvat, ədalətli və prinsipial münasibətini bildirəcək sevimli dostum. Nə edək, o özü öz dili ilə deyir ki, sevmək özü istedaddır. Biz də dostumuzu sevirik.

Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı kitabın ön sözündə müəllifi belə ifadə edir:”Sabir Zəkullaoğlu imzası oxuculara yaxşı tanışdır. “Narahat” mövzulara tez-tez müraciət edən Sabir Zəkulloğlu oxucu maraqları ilə hesablaşan nəsr əsərləri qələmə alır. Onun xatiratları (memuaratları), başagəldiləri, lətifəvari hekayətləri, koseptualları, ibrətləri ayrıca janr təsiri bağışlayır. Bədii əsər yaşantıları dolğun və obrazlı şəkildə ifadə etdikdə daha çox oxucu auditoriyasına sahib olur.“Bir görüşün xatirəsi” memuaratında Toğrul adlı qəhrəman qürbət diyarda, Moskvada həmyerlisi olan Leyla adlı bir xanıma yardım edir. Xatiratın dili xalq danışıq dilinə yaxındır, lakin bu mətndə çoxlu obrazlı ifadələrə rast gəlirik. Bu isə müəllifin dilə yüksək tələbkarlıqla yanaşmasının göstəricisi sayıla bilər”. Çox möhtəşəm bir təqdimatdı. Mən Sabirin yazılarını, əlalxüsusda sətiraltı aforizmlərini sevə-sevə oxuyuram. Alimimizin də vurğuladığı kimi geniş vüsət almış vulqarlığın içində obrazlı ifadələr oxucunun aclığını doyuzdurur. Bu kitabı oxumadığım üçün o görüşdə nə olduğunu bilmirəm. Kitabda başqa nələr, nə fırtınalar var hələ bilmirəm. Onu ikinci yazımda, oxuduqdan sonra təəssüratlarımda yazacağam. İndi isə dostumu təbrik yerinə gəlim.

Əziz Sabir Zəkullaoğlu, dəyərli dost! Sənin haqqında çox söz yazmaq olar. Adın gələndə ətrafına toplaşmış dostlarının, yoldaşlarının, tanışlarının üzünə xəfif bir təbəssüm qonur. Bu təbəssüm sənin dürüstlüyündən, sadəliyindən, səmimiliyindən və doğmalığından, həm də yumorsevərliyindən yaranır. Sən həm zəhmətkeş, həm də daha çox uğur qazanmaq axtarışında olan birisən. Kökünə bağlılığın, soyuna sahib çıxmaq istəyin Ərdəbilə qədər götürdü səni. Həyatda uğur qazanmağın, xalqına, dövlətinə layiqli bir vətəndaş olmağın ən düzgün yolu zəhmətdir, işgüzarlıqdır. Bu işgüzarlığındır ki, indi sən bizlərdən, ailəndən uzaqda qürbətdəsən. Uzaqda olduğun qədər də çox yaxındasan. Səni sevənlərin qəlbində, dilində, yazılarında, xatirində, statuslarındasan. Və bir də bu kitabın ərsəyə gəlməsində gözəl dostumuz Fəridə Əsədovanın da böyük əməyini qeyd etmək istəyirəm. Yaxşı ki, varsız, dostlar! Bu sənin və dostluğunun böyük uğurudur! Uğurundur ki, bu gün sən ölkədə olmadan kitabın doğulur, sən ölkədə olmadan kitaba təqdimat keçirilir. Bu sevgidən də ötə, etimaddı…Sənə olan sayğıdır! Sənsizlikdə sənli dostlarının sənə hədiyyəsidir bu təqdimat. Səni bir daha təbrik edirəm, seçilən dost, sevilən insan! Bu çirkinliklər içində sənin kimi gözəlliklərin varlığında durur bu dünya!
Bol uğurlar arzulayıram sənə. İki qürbətçinin doğma yurdda görüşməyi ümidilə…..
Sevgi və ehtiramla,
Şərafət Şəfa



