" />

TAİB-in fəal gəncləri – Yusif Sina Atıcı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Vətən mənə OĞUL desə….”

Vətən, torpaq, yurd sevgisi insanın ayağı torpağa dəyəndən başlayır. Böyüdükcə bu sevgi artır, ruha, damarda qana hopur. Vətənpərvərlik hisslərilə, bayraq sevdasıyla böyüyən insan hər zaman vətənə yararlı vətəndaş olmaq istəyir. Öz həyat yolunu bu emosional bağlılığa  uyğun cızır.

Bu gün söhbət açacağım gənc də fəallığı ilə seçilən gənclərdəndir. Türkiyədə yaşasa da Azərbaycanla da bağlılığı güclüdür. Bu bağlılığı da onu gətirib Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinə çıxarıb. Bildiyimiz kimi TAAƏİİB-in tərkibində həm Qadınlar Şurası, həm də Gənclər Təşkilatı fəaliyyət göstərir. Bütün türk ölkələrindən üzvləri olan birliyin Gənclər Təşkilatının da xeyli sayda üzvləri var. Türk dünyasına ayaq açan təşkilatın Türkiyədə də gənclər bölümü yaradılıb və Yusif Sina həmsədr təyin edilib.

 Yusif Sina Atıcı 23 sentyabr 2000-ci ildə Mersin şəhərində anadan olub. İbtidai təhsilini başa vurduqdan sonra, orta məktəb və liseyi məktəb birincisi olaraq tamamlayıb. Ali təhsilini davam etdirmək üçün Dokuz Eylül Universitetinin Hüquq Fakültəsinə daxil olub və burada təhsilini davam etdirir. Gənc yaşlarından etibarən Türk dünyasının birliyi və həmrəyliyinə dair fəaliyyətlərə maraq göstərən Atıcı, Azərbaycan mərkəzli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi Gənclər Təşkilatının (TAİB-GT) Türkiyə Nümayəndəliyinin rəhbəri vəzifəsini yerinə yetirir.

Bu vəzifəyə təyin olunan Yusif Sina türk gəncləri arasında ictimai, mədəni əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək məqsədilə fəaliyyət planı hazırlayır və bir çox layihələr həyata keçirir. Türkiyə aydınları ilə əlaqələr qurur, önəmli günlərdə tədbirlər, yürüşlər təşkil edir, türk birliyinin inkişafına töhfə vermək, türk dünyasından olan gənclərlə bir araya gələrək daha əhəmiyyətli layhələr həyata keçirmək üçün müzakirələr aparır.

Yusif Sina Atıcının təşəbbüsü ilə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə birlikdə təntənəli bir tədbir keçirilir. Təşkil olunan bu tədbirdə, Türkiyə və Azərbaycandan bələdiyyə başqanları, dövlət adamları, akademiklər və prokurorlar iştirak edib. Çıxışında ağsaqqalların Türk dünyasına ünvanladığı mesajları paylaşan Atıcı, iki ölkə arasındakı qardaşlıq bağlarının möhkəmliyindən danışıb. Tədbir çərçivəsində İzmir şəhərindən Manisaya avtobuslarla 30 tələbənin iştirakı təmin edilib.

Bundan başqa İzmirdə TAİB Gənclər Təşkilatının Türkiyə Nümayəndəliyinin tanıtım tədbiri təşkil olunub.

TAİB Gənclər Təşkilatının Türkiyə Nümayəndəliyinin tanıdılması məqsədilə təşkil edilən bu tədbirə yüzdən artıq iştirakçı qatılıb. Gənclərin böyük marağına səbəb olan bu addımla qısa müddətdə güclü bir təşkilatlanmanın təməli qoyulub. Bundan daha da həvəslənən Yusif Sina onlayn konfranslara start verir. İlk işi Kipr Məclisinin sədri Zorlu Töre ilə Zoom Konfransı düzənləmək olur.

Novruz Bayramı münasibətilə təşkil edilən bu onlayn konfransda, Ergenekon əfsanəsi, Novruzun mənası və Türk mədəniyyətinin ortaq dəyərləri haqqında fikir mübadiləsi aparılıb.

Yusif Sina bundan sonra fəaliyyət arenasındaha da genişləndirir. Gənclik potensialını tam ortaya qoyaraq Vikipediya hərəkatına qoşulur. Azərbaycan və Türkiyənin ortaq tarixini, mədəniyyətini və dəyərlərini doğru mənbələrlə tanıtmaq məqsədilə Vikipediya üzərində akademik və sistemli məzmun yaradılması layihəsini hazırlayır. Azərbaycanda yaradılan “Qorqud Vikipediya Klubu”nun üzvləri ilə də möhkəm əlaqələr quran Yusif Sinanın “Vikipediya üzərində akademik və sistemli məzmun” layihəsi Azərbaycanın rəsmi mətbuat orqanlarında yüksək qiymətləndirilir.

Yusif Sinanın yurda, kökə bağlılığı, türkçülük və azərbaycançılıq ideologiyasına sadiqliyi, milli mənsubiyyətinə ehtiramı daha bir layihəyə start verir. Onun müəllfliyi ilə “Türk Yurdu” sənədli serialının çəkilişi başlayır. Sosial şəbəkədə yayımlanmağa başlayan bu sənədli serial, Türk dünyasının qanayan yaralarına və az bilinən həqiqətlərə işıq tutur. Axıska, Qarabağ, Kipr kimi bölgələri əhatə edən və ilk bölümü “Yadigâr” olan qısametrajlı film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bu addım həm rəqəmsal medianın gücündən istifadə edir, həm də tarixi şüur yaratmaq məqsədi daşıyır. Sənədli serial, müasir təqdimat dili və sosial media vasitəsilə gənc izləyicilərə tarixi qorumaq xitabı edir.

Yusif Sina əməli fəaliyyəti ilə təmsil olunduğu təşkilatın ağsaqqalları tərəfindən təqdir olunur. Onun ən böyük dəstəkçisi olan təşkilat aydınları çıxışlarında gənclərin fəaliyyətindən qürurla danışır, Türkiyə təmsilçiliyinin fəaliyyətini də xüsusilə qeyd edirlər.

MHP İzmir İl Başqanı Veysel Şahin ilə görüşləri çərçivəsində fəal gənc siyasi arenada da özünü sınayır.

Onun təşəbbüsü ilə ümumtürk konteksində gənclər siyasətinə yönəlik layihələr hazırlanır və türk ölkələrindən olan gənclərlə dövlətə dəstək tədbirləri həyata keçirilir.  Xocalı Soyqırımının tanıdılması kimi maarifləndirici tədbirlər silsilə olaraq davam etdirilir.

Alimlərin müşahidəsinə görə insan nə qədər çox məşq edərsə, bir o qədər çox müvəffəqiyyət qazanır. Müvəffəqiyyət, praktikanın fürsətlər ilə qarşılaşdığı məkandır. Daima təkmilləşdirilən bacarıq talantı çox asanlıqla əvəz edə bilər. Özündə bu məziyyətləri təkmilləşdirən gəncimiz uğur sevdalısıdır. Gördüyü işlərin uğuru onun həyat meyarıdır. Azərbaycanı canı kimi sevən, onu doğma vətəni bilən Yusif Sina elm adamları ilə ünsiyyət quraraq türk və azərbaycanlı akademiklərlə birlikdə konfranslar təşkil etməyə daha çox üstünlük verir. Təşkil edilən bu konfranslar vasitəsilə keçmişdən gələcəyə yol alır.

TAİB Gənclər Təşkilatının həmsədri olaraq Manisada Qarabağ Zəfəri tədbiri, İzmirdə nüfuzlu münsiflərin iştirakı ilə təşkil olunan, Türk dünyasının aktual problemlərinin müzakirə edildiyi və gənclərin böyük maraq göstərdiyi münazirə turniri ənənə şəklini alıb.

Hazırda Yusif Sina Atıcı 2025-ci il və sonrakı dövrlər üçün Türk dünyasının birliyini gücləndirəcək; gənclərin tarixi, mədəni və ictimai şüurunu artıracaq təhsil proqramları, mədəni əməkdaşlıqlar, akademik və rəqəmsal layihələr üzərində çalışır. Onun ən böyük missiyası – Türk millətinin ortaq dəyərlərini yaşatmaq, qorumaq və gələcəyə daşımaqdır.

TAİB Gənclər Təşkilatının Türkiyə Nümayəndəliyinin rəhbəri olaraq Türk dövlətləri gəncləri arasında dostluq, əməkdaşlığın möhkəmləndirilməsi üçün fəaliyyətlərini qətiyyətlə davam etdirir.

Həyat təcrübəsi göstərir ki, uğura inanan insanlar daha qətiyyətli, daha optimist olurlar. Xoşbəxtlik və uğur arasında əlaqə olduğu düşünülür. Bu mövzuda aparılan araşdırmalar göstərir ki, xoşbəxtlik uğur qazanaraq qazanılan bir mükafat deyil, əksinə, xoşbəxt olmaq müvəffəqiyyətə təsir edir. Özünü kəşf edən insanlar, bəyəndikləri və bəyənmədiklərini daha çox anlaya və diqqətlərini maraqlandıqları sahələrə yönəldə bilərlər.

Yusif Sina Atıcı kimi gənclərimiz bu gün bizim qürur yerimizdir. “Vətən, mənə oğul de!” şüarı ilə yola çıxan, vətənə layiqli vətəndaş, elinə duyarlı oğul olmaq istəyən Yusif kimi gənclərlə gözəldi Vətən!

Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn inkişafında ölkə gənclərinin rolu böyük əhəmiyyət kəsb edir və gələcək prioritet məsələlərin inkişafına böyük təkandır. Həm Azərbaycanın, həm də Türkiyənin hər iki ölkə gənclərinin qardaşlaşmasında həyata keçirdiyi siyasət və bu siyasətdən irəli gələn fəaliyyətlər türk birliyinin möhkəmlənməsinə xidmət edir.

Bütün gənclərimizə uğurlar diləyirik!

Şərafət Şəfa,

Agsaqqallar.com

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR