Müstəqil Azərbaycan Respublikasının milli ideologiyasında və dövlətimizin inkişafında qadınların rolu

Tarix boyunca elmdən sənətə, idmandan ədəbiyyata, siyasətdən iş həyatına qədər həyatın bütün sahələrində qadınların böyük nailiyyətlərinə şahid olunmuşdur. Bizim mədəniyyətimiz qadına hörmət üzərində qurulmuşdur. Beynəlxalq Qadınlar Günü – 8 Mart, dünya miqyasında qadınların hüquqlarını, onların cəmiyyətdəki rolunu və gender bərabərliyinin əhəmiyyətini ön plana çəkən xüsusi bir gündür. Bu tarix təkcə qadınların sosial, iqtisadi, siyasi və mədəni həyatda qazandıqları nailiyyətləri qeyd etmək üçün deyil, eyni zamanda onların hələ də üzləşdiyi çətinliklərə diqqət çəkmək üçün mühüm bir fürsət hesab olunur. Müasir dövrdə qadınların cəmiyyətdə daha fəal iştirakı, onların hüquqlarının qorunması və bərabər imkanların yaradılması sosial və iqtisadi inkişafın əsas göstəricilərindən biri kimi qəbul edilir. Azərbaycan xanımları hər zaman tariximizdə dövlətimizin , xalqımızın həyatında mühüm rol oynamışdır. Azərbaycanlı xanımlar dövlətimizin və millətimizin ictimai-siyasi , sosial, hərbi və mədəni həyatında fəal iştirak edirlər. Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini hər zaman verirlər
8 Martın tarixi XX əsrin əvvəllərinə dayanır. Qadınların əmək hüquqlarının müdafiəsi, səsvermə hüququnun tanınması və gender bərabərliyinin təmin edilməsi üçün apardıqları mübarizə bu günün meydana gəlməsinə səbəb olmuşdur. İlk dəfə 1909-cu ildə ABŞ-da qadınların daha yaxşı iş şəraiti tələbi ilə keçirdikləri mitinqlər və etirazlar, sonradan 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında müzakirə edilərək 8 Martın qadınların hüquqlarına diqqət yetirmək məqsədilə xüsusi gün kimi qeyd olunmasına qərar verilmişdir. 1977-ci ildə isə BMT 8 Martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan etmişdir.
Bu gün dünya ölkələrində müxtəlif formalarda qeyd edilir. Bəzi yerlərdə qadınların ictimai və siyasi həyatdakı uğurlarını vurğulayan rəsmi tədbirlər keçirilir, bəzi yerlərdə isə gender bərabərliyi mövzusunda diskussiyalar, aksiyalar təşkil olunur. Bununla yanaşı, bir çox ölkələrdə 8 Mart qadınların töhfələrinə minnətdarlıq bildirilən bayram günü kimi qəbul edilir və qadınlara hədiyyələr təqdim edilir.
Azərbaycan da bu ənənəyə sadiq qalan ölkələrdən biridir. Tarixən Azərbaycan qadınları cəmiyyətin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Qadın hüquqlarının qorunması, onların sosial və iqtisadi həyatdakı rolunun artırılması istiqamətində ölkədə müxtəlif islahatlar həyata keçirilmişdir. Azərbaycan qadınları Şərqdə ilk dəfə seçki hüququ əldə etmiş, ölkənin siyasi və iqtisadi həyatında mühüm vəzifələrdə təmsil olunmuşdur. Müstəqillik dövründə isə qadınların cəmiyyətdə mövqeyini daha da gücləndirmək üçün dövlət tərəfindən xüsusi strategiyalar həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qadınların hüquqlarının qorunması və onların müxtəlif sahələrdə fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu istiqamətdə vitse-prezident, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan qadınları tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynamış, müxtəlif sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Onlar dövlət idarəçiliyində, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və iqtisadiyyat sahələrində fəal iştirak etmiş, ölkənin ictimai və siyasi həyatında mühüm yer tutmuşlar.
Azərbaycan qadınları hələ XX əsrin əvvəllərində mühüm hüquqi nailiyyətlər əldə etmişlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur. Bu, Azərbaycan qadınlarının siyasi həyatda iştirakına imkan yaratmış və onların cəmiyyətin müxtəlif sahələrində fəallığını artırmışdır.
Müstəqillik illərində qadınların siyasi təmsilçiliyi daha da artmışdır. Azərbaycan Milli Məclisində qadın deputatların sayı ilbəil artır, dövlət strukturlarında, bələdiyyələrdə və diplomatik xidmətlərdə qadınların iştirakı genişlənir. Hazırda Azərbaycanın müxtəlif dövlət qurumlarında və beynəlxalq təşkilatlarda çalışan bir çox qadın rəhbər vəzifələrdə təmsil olunur.
Azərbaycanın iqtisadi inkişafında qadınlar mühüm yer tutur. Onlar sahibkarlıq, biznes və innovasiya sahələrində fəal iştirak edirlər. Qadınların iqtisadi fəallığını artırmaq üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara dövlət dəstəyi göstərilir, onlara güzəştli kreditlər ayrılır və biznes inkubatorları yaradılır.
Beynəlxalq təşkilatların da dəstəyi ilə qadınların məşğulluğunu artırmaq məqsədilə müxtəlif proqramlar icra olunur. Azərbaycan hökuməti qadınların əmək bazarına çıxış imkanlarını genişləndirmək üçün təlimlər və kurslar təşkil edir, onların innovativ texnologiyalara yiyələnməsi üçün imkanlar yaradır.
Azərbaycanda qadınlar elm və təhsil sahəsində də böyük uğurlar qazanıblar. Ölkənin aparıcı universitetlərində qadın alimlər, professorlar və müəllimlər çalışır, tədqiqat sahəsində mühüm kəşflərə və elmi nailiyyətlərə imza atırlar. Qadınların elmə marağını artırmaq üçün müxtəlif proqramlar və təqaüdlər mövcuddur.
Təhsildə gender bərabərliyinin təmin olunması istiqamətində də dövlət mühüm addımlar atır. Hazırda Azərbaycan universitetlərində və elmi tədqiqat institutlarında qadınların sayı əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə texnologiya, mühəndislik və informasiya texnologiyaları kimi sahələrdə qadınların iştirakı genişlənir.
Azərbaycan qadınları mədəniyyət və incəsənət sahəsində də böyük uğurlar qazanıblar. Müasir Azərbaycan musiqisi, teatrı, rəssamlığı və ədəbiyyatı sahəsində qadın sənətkarlar beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operettasında ilk dəfə səhnəyə çıxan qadınlardan tutmuş, dünya səviyyəsində tanınan müasir Azərbaycan aktrisalarına qədər bir çox qadın sənətkar incəsənətə böyük töhfələr verib.
Qadın yazarlar və şairlər də Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr veriblər. Onların əsərləri milli-mənəvi dəyərləri, qadınların hüquq və azadlıqlarını, cəmiyyətin müxtəlif problemlərini əks etdirir.
Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Azərbaycan qadınlarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur.
Azərbaycan dövləti qadınların sosial müdafiəsinə və hüquqlarının qorunmasına xüsusi diqqət ayırır. Gender bərabərliyinin təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilir, qadınların hüquqlarının qorunması ilə bağlı müxtəlif dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qadınların hüquqlarının müdafiəsi istiqamətində bir sıra islahatlar həyata keçirilmişdir.
Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva qadınların sosial rifahının yüksəldilməsi, onların təhsil, səhiyyə və mədəniyyət sahələrində inkişafı üçün mühüm layihələr icra edirlər. Xüsusilə aztəminatlı və sosial həssas qruplardan olan qadınların dəstəklənməsi, onların işlə təmin olunması və peşə bacarıqlarının artırılması üçün müxtəlif proqramlar həyata keçirilir.
Azərbaycan qadınların hüquqlarının qorunması, onların sosial və iqtisadi həyatda fəallığının artırılması üçün ardıcıl siyasət həyata keçirən ölkələrdən biridir. Dövlət gender bərabərliyinin təmin olunması, qadınların iş və ailə həyatında balans yaratmasına kömək edəcək islahatların aparılması istiqamətində mühüm addımlar atır.
Əsas qanunvericilik və islahatlar:
– 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası qadın və kişilərin bərabər hüquqlara malik olduğunu təsbit edir.
– 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib, bu sənəd cinslər arasında bərabər imkanların yaradılmasını nəzərdə tutur.
– Ailə Məcəlləsi və Əmək Məcəlləsi çərçivəsində qadınların hüquqlarının qorunması, analıq məzuniyyətinin verilməsi və gender ayrı-seçkiliyinin qarşısının alınması ilə bağlı maddələr mövcuddur.
– Dövlət proqramları və strategiyalar – Azərbaycan hökuməti qadınların məşğulluğunu artırmaq, onların sahibkarlıq fəaliyyətini dəstəkləmək və gender əsaslı zorakılığın qarşısını almaq üçün müxtəlif proqramlar həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qadın hüquqlarının qorunması və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Dövlət başçısının qadın siyasəti aşağıdakı əsas istiqamətlərdə özünü göstərir. Qadın hüquqlarının müdafiəsi və onlar üçün yaradılan imkanların genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətində prioritet istiqamətlərdəndir. Həmçinin dövlət qadınların sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların məşğulluğunu artırmaq və sosial müdafiəsini gücləndirmək üçün müxtəlif proqramlar həyata keçirir. Bu siyasət nəticəsində Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edir və ölkənin inkişafına töhfə verirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq qadın hüquqlarının müdafiəsi və onların cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Onun fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
– Təhsil və mədəniyyətin inkişafı: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu təsis etmişdir. 1996-cı ildə Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə üç dildə (Azərbaycan, İngilis və Rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını yaratmışdır.
– Heydər Əliyev Fondunun fəaliyyəti: 2004-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunu təsis etmişdir. Fondun fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.
– Beynəlxalq əməkdaşlıq və təşəbbüslər: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərir. O, ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində keçirilən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil edilən tədbirdə videoformatda çıxış etmişdir.
– Siyasi fəaliyyət: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2005-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə deputat seçilmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın birinci vitse-prezidenti təyin edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətdə fəal iştirakına və onların hüquqlarının qorunmasına mühüm töhfələr vermişdir. Onun təşəbbüsləri və layihələri sayəsində qadınların təhsil, mədəniyyət və sosial sahələrdə rolu daha da güclənmişdir.
8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda dövlət səviyyəsində geniş qeyd olunur və qadın hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan qadınları tarixən cəmiyyətin müxtəlif sahələrində mühüm rol oynamış və böyük nailiyyətlər əldə etmişlər. Siyasi, iqtisadi, mədəni və elmi sahələrdə qazandıqları uğurlar onların potensialını və cəmiyyətin inkişafına verdikləri töhfələri bir daha sübut edir. Dövlətin qadınlara yönəltdiyi diqqət və həyata keçirdiyi siyasət nəticəsində onların cəmiyyətdəki mövqeyi daha da güclənmiş, bərabər imkanlar üçün geniş şərait yaradılmışdır. Azərbaycan qadınlarının cəmiyyətdə daha fəal iştirakını təmin etmək və onların hüquqlarını qorumaq üçün həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcək və qadınların inkişafına daha geniş imkanlar yaradılacaqdır.
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent