Bizim aydınlarımız- Tahir Quliyev

Ömrünün 54 ilini dövlət qulluğunda keçirən ağsaqqalımız…
Əbu Türxan deyir ki, müdriklik ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətidir. Özünü mükəmməlləşdirmə müdrikliyin astanasıdır. İnsanın həyatı bir ömür yolundan ibarətdir. Bu yolda insan bütün duyğuların cəmini yaşayır. Gənclik stansiyasından keçəndən sonra orta yaş çağından olğunlaşmağa başlayır. Həyat meyarlarının fərqinə varır. O meyarların ki, insanı şəxsiyyətə çevirir, adını ucaldır, sərəf-şan sahibi edir. Müdrik əcdadlarımızdan miras qalmış milli irsi, adət-ənənləri qorumağı, Vətənə layiqli vətəndaş olmağı, dövlətçiliyə xidmət göstərməyi həyat missiyası hesab edən insanlar öz tarixlərini də yaratmış olurlar. Belə insanlardan biri də 54 il dövlət qulluğunda fəaliyyət göstərmiş, fəaliyyəti ilə dövlətə, millətə sədaqətini isbat etmiş, təqaüddə olmasına baxmayaraq bu gün də ictimai fəaliyyətlə məşğul olan ağsaqqalımız Tahir Quliyevdir.
14 mart 1947-ci il ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonu ( Sisian), Ağudi kəndində ziyalı ailəsində anadan olub Tahir Məhərrəm oğlu Quliyev. 1963-cü ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. 1964-cü ildə Bakı Axşam Neft Texnikumunun mülki və sənaye tikintisi fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. 1968-ci ildə Xarici Dillər İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rus dili – ədəbiyyatı və azərbaycan dili -ədəbiyyatı fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1974-cü ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir.
Hamı kimi onun da çılğın gəncliyinin çiçəkli dövrü idi. Arzuları ümidlərilə birləşib üfüqdən boylanan gələcəyə baxırdı. Ailənin klassik modelinin yetirməsi idi. Əxlaq və tərbiyəsi, elmə, təhsilə olan sevgisi, ən ümdəsi də layiqli vətəndaş olmaq istəyi onu əməyi sevməyə sövq edirdi. Qəlbi təmiz, ürəyi böyük gənc üçün işin böyüyü, kiçiyi yoxdu. Milli vətənpərvərliyi, özünəməxsus qətiyyəti ilə öz xalqına fayda verməyi düşünən Tahir Quliyev 1963-cü ildə əmək fəaliyyətinə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Ağac emalı zavodunda fəhlə kimi başlayır. 1967-ci ilə kimi burda fəaliyyət göstərən gənc işgüzarlığı, məsuliyyəti sayəsində usta və baş usta vəzifələrinə qədər yüksəlir. Sonralar isə, 1967-ci ildən 1969-cu ilədək indiki Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 4 nömrəli Mənzil-istismar kontorunda texnik vəzifəsində, 1969-cu ildən 1970-ci ilədək Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 37 nömrəli Mənzil-istismar kontorunda mühəndis vəzifəsində çalışmışdır. Ondan sonra 8 ilini Bakı Şəhəri Soveti İcraiyyə Komitəsində (indiki Bakı Şəhər İcra Hakimiyyəti) müxtəlif vəzifələrdə çalışan dəyərli ağsaqqalımız, 1978-ci ildən 1982-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Kommunal təsərrüfat idarəsinin müdiri, 1982-ci ildən 1983-cü ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Təşkilat şöbəsinin müdiri vəzifəsində, 1983-cü ildən 1991-ci ilədək Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır.
Bir insanın böyüklüyü ondadır ki, o, özünün ziyalılıq dərəcəsini qoruyaraq, qarşısına çıxan çətinliklərə sinə gərir, xalqının milli dəyərlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, elmin, təhsilin inkişafına, insanlığın və xeyirxahlığın daşıyıcı olaraq cəmiyyətin tərəqqisinə çalışır. Tahir Quliyev də bu həyat missiyası ilə çətinlikləri dəf edərək yürüyürdü həyat yollarında. 5 çağırış millət vəkili seçilən Tahir Quliyevin önündə daha məsuliyyətli işlər dururdu. Həm dövlətin, həm millətin etimadını qazanan ağsaqqalımız 1991-ci ildən Nəsimi rayonunda müxtəlif vəzifələrdə çalışır. Ümummilli Heydər Əliyev vətənpərvər, işgüzar insanlara böyük önəm verirdi. Ulu Öndərin verdiyi 10 noyabr 1993-cü il Fərmanı ilə Tahir Quliyev Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir.
Tahir Quliyev Yeni Azərbaycan Partiyasının təsis edilməsində və formalaşmasında da fəal iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının fəal yaradıcılarından biri olaraq, Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət nümunəsi göstərir. O, bilirdi ki, təməlində böyük düha Heydər Əliyevin ideyaları dayanan partiya, uğurlu islahatlarla Azərbaycanı böyük uğurlara götürəcək. Məsulliyyətlə tapşırıqları yerinə yetirən Tahir Quliyev Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmiş Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin siyasi kursunun fəal iştirakçısına çevrilir.
Bundan başqa el ağsaqqalı ordu quruculuğunda da öz dəstəyini əsirgəmir. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993–1994-cü illərdə yaradılmış ordu quruculuğu dövründə Nəsimi rayon ordu batalyonunun yaradılmasında fəal iştirakçısı olur. Dəfələrlə müharibə bölgələrinə səfər edən Tahir Quliyev “I Qarabağ müharibəsi veteranı” adına layiq görülür.
İllər bir-birini əvəz etdikcə onun da həyatında bəzi şeylər dəyişməyə başlayır. Onun vətənə olan sevgisi və sədaqəti, dövlətə qüsursuz xidməti ölkə başçısının diqqətindən yayınmır, möhtərəm prezidentimizin 26 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Xızı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir. İki il Azərbaycanın cənnət misallı yurdunda icra başçısı vəzifəsində çalışır və 2007-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti Mərkəzi Aparatının əməkdaşı olaraq fəaliyyət göstərir. “Şöhrət” ordenli Tahir Quliyev dövlət qulluğu dövründə ictimai fəaliyyətindən də kənarda qalmır. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvü kimi də şuranın bütün tədbir, konfranslarında fəal iştirak edir. Tahir Quliyev hazırda YAP Nəsimi rayon təşkilatının siyasi şurasının, YAP Veteranlar Şurasının, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvüdür.
Cəmiyyətə dörd övlad, dörd layiqli vətəndaş yetişdirən dəyərli ağsaqqalımız bu gün də ictimai fəaliyyətini davam etdirir.
Əbu Türxan deyir ki, atalar sözü -qədim fəlsəfənin sağ qalmış parçasıdır və milli ruh özünü milli fəlsəfi fikirdə tanıyır. Bu fəlsəfəni yaşadanlar cəmiyyətin saflaşmasna can atan insanlardır. Tahir Quliyev kimi müdriklərdir. Deyirlər, uca dağ qarı ilə gözəldir. Ahıllıq da ömrün qarlaşmış ucalıq zirvəsidir. Ömrünün ən gözəl çağını yaşayan müdrik el ağsaqqalı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (Türk Ağsaqqallar Birliyi) İdarə Heyətinin üzvüdür. O, gənclərin maarifləndirilməsi, türk birliyinin möhkəmlənməsi yönündə həyata keçirilən bütün layihə, tədbir və konfransların fəal iştirakçısıdır. Təşkilatda hamı tərəfindən sevilən sevimli ağsaqqal, ahıl yaşın gənc ruhundan həvəslə danışır gənclərə. Örnək ömrünün motivlərilə üfüqə boylanan gənclərə dəstək olur, öz zəngin həyat təcrübəsindən bəhrələnmək istəyən gənclərin lokomotivinə çevrilir.
Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanan ömürdür. Böyük filosof Konfutsi deyir ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Bir insanın cəmiyyətdəki layiqli mövqeyi, onun həyat həqiqətidir! Kamillik zirvəsinə yetişən insan- qəlbinin gözəlliyi, alnının təri və məsuliyyəti, fitri düşüncəsi ilə yolunu yürüyənidir.
Və bu yol onun ictimai statusunu müəyyənləşdirir.Tahir Quliyevin həyat fəaliyyəti o qədər zəngindir ki… Ciddiyyətində gizlənmiş yumorsevərliyi onun xarakterinə özünəməxsus şirinlik qatır. Gözəl vətəndaş, dəyərli el ağsaqqalı, sevimli baba, layiqli və şərəfli ömür yolunun sahibi, zəhmətkeş insan! Xalq şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, zəhməti həyatının ilk bəzəyi sanan, ağ saçları həyatda özü qazanan insan…
Allah elimizin, evimizin nuru, işığı olan bütün ağsaqqallarımızı qorusun!
Şərafət Şəfa,
Agsaqallar.com