Mən uzaq yollardan gəlirəm, dədə……-Şərafət Şəfa yazır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Həkim İlqar Yusubovun söz dünyasından incilər….

 

Mən uzaq yollardan gəlirəm, dədə, yolum uzaq, xurcunumsa ağırdı… Mən Dədəm Qorquddan, Hundan gəlirəm. Mən tarixdən, soyumdan gəlirəm, dədə- deyə hayqıran bir şairin dünyasından gəlirik biz də. O şairin ki, onun içində böyük bir şəhər yaşayır.

 

Bilinməyir varlı, kasıb,

Hamı birtəhər yaşayır!

Pulla deyil orda evlər,

Yoxdu təpəgözlər, devlər.

Gələn könlündən sevilər,

Nə qəm, nə qəhər yaşayır.

Bax qaydaya, etmə heyrət,

Nə yumşaqdı , nə də ki, sərt.

Xislətində namus, qeyrət,

Olan alnı tər, yaşayır.

Saf mayadan yoğrulanlar,

Çətin yolda doğrulanlar,

Anadan bəy doğulanlar,

Orda da zəfər yaşayır!

Gəlsən, kölə nəfsi devir,

Qul, nəfsə səcdəni sevir.

Qibləni Məkkəyə çevir,

Gör, bəndə nələr yaşayır!

 

Sözün bitdiyi yerdəyik. Paramparça olmuş qayaların lal harayında günəş şüalarında çınqıllartək parıldayır könüldən süzülən misralar. Ruhu dərviş, təbiəti sal qaya, gözləri od püskürən, dili lal danışan adam. Sətirlərin içində böyük sızıltı gizləyən və gələcəyə böyük ümidlə boylanaraq kökündən qopmayan şair şeirlərində soy kökünə boylanaraq dədələrinə xitab edir. Dərdini danışaraq, içini boşaltmağa çalışır. Ziqmund Freyd deyir ki, buraxın ədalət yerini tapsın, istərsə qiyamət qopsun. Bu qiyaməti qoparmaq istəyən şair odlu vulkan yaradaraq közü sönməyə qoymur, tarixin səsini yaşadır. İnləyən sətirlərdən çıxan oxlar gəncliyin bağrına sancılır:- Mən uzaq yollardan gəlirəm..

 

Mən uzaq yollardan gəlirəm, Dədə

Məkanım, mənzilim yaşımdan uzaq.

Məni oxlayıblar Gülüstançayda,

Mənim daşım düşüb daşımdan uzaq.

Mən uzaq yollardan gəlirəm, Dədə,

Neçə yol talanıb, yağmalanmışam.

Min calaq vurublar hər budağıma,

Yenə öz kökümdə doğmalanmışam.

Qatıb aralığı, eyləyib dəngi,

Ulaşıb hayları, farsı, firəngi.

Əzəldən bilirlər məndəki cəngi,

Gələndə sıyrılıb qından gəlirəm.

Mənim haqq səsimdi ərşə calanan,

Bir də ər qılıncım-bundan gəlirəm.

Sən mənim indiki yaşıma baxma,

Mən Dədəm Qorquddan, Hundan gəlirəm.

Silinməz xislətim, dəyişməz köküm,

Damara çökmüşəm, qandan gəlirəm.

Dünyaya barışam, cahana hakim,

Göy Türkün özüyəm, ondan gəlirəm!

 

Türk kökünü, türk soyunu, türkçülük ideologiyasını təbliğ edən şeirləri ilə sevilən şairin sevgi şeirləri də çox duyguludur. Bir çox şeirlərinə mahnılar bəstələnən şairin ən çox sevilən şeirlərindən biri də “Gördüyüntək xatırlarsan…” şeiridir. Şair bu şeirində yaşadığı xoş anları xatırlayaraq həzin bir nəğmə yaradır. Unuda bilmədiyi bir görüşü, gəncliyinin o məsum çağını, duyğuların bakirliyini  yaşatmağa çalışır.

 

Duyğularda əvvəlkitək yenə varsan,

Geçə-gündüz saçlarıma yağan qarsan,

Baxib demə, sac ağarıb-ixtiyarsan,

Məni elə gördüyüntək xatırlarsan!

 

Nədən deyim, itkin gözəl, nazlı pəri,

Yadındamı yaz gününün xoş səhəri?

Utanaraq uzatdıgım çiçəkləri

Saçlarına hördüyüntək xatırlarsan!

 

Unutdunmu, bizdən ötən isti yayı,

Şam ağacı, pərli qovaq eşq sarayı,

Öz əlinlə dəmlədiyin şirin cayı,

İçib könül verdiyintək xatırlarsan!

 

Lal baxışda eeh, de nələr gələr dilə,

Yaş artsa da böyümür ki, eşqə kölə,

Qollarımı zülf üstündən incə belə

Kəmər bilib sardığıntək xatırlarsan!

 

Xatirə var hər ölçudə, hər biçimdə

Gör nələri aparmısan öz köçündə,

Ağ yaylığı ənlik qarşıq gül içində

Yuyub ota sərdiyintək xatırlarsan!

Məni elə gördüyüntək xatırlarsan!

 

Hər sətirində, hər kəlməsində eşqi yatan, rəvayət yatan şeirin ruhu kəpənəktək çiçəkdən çiçəyə qonur. Gənclik eşqi arzuların qanadında uçur. Rüzgara qoşulub qaçır, ulduzlara, aya çatır.. Şeirdən də göründüyü kimi nakam sevginin son akkordları nisgil verir sevən könüllərə.

 

Görüşərdik.. istək təmiz, arzu təzə,

Uzanardı şirin söhbət, duzlu,  məzə,

Olanlara nə naxış vur, nə də bəzə,

Yıxdığını qurduğuntək xatırlarsan!

 

İllər ötər..bu ac dünya məni yeyər,

Qara daşa yağış yağar, dolu döyər,

Bir bənövşə boynun büküb sənə deyər,

Çiçəyimi dərdiyintək xatırlarsan !

Məni ele gördüyüntək xatırlarsan!

 

Xərabət içində ötən quşlar bir rəvayət danışır bu şeirdə. Uçqunlar altından boylanan boynubükük bənövşənin yanağından şəbnəm süzülür. Rus filosofu, yazıçı Hertsen deyir ki, sevgi-ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. Romantika və realistlik arasında çırpınan məşhur alman şairi H. Heyne deyir ki, mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. O sevgi ki, həm kainatı yaşadır, həm də qəlbləri incidir. Bəzilərinə həyatının sonuna qədər daşıyacağı acılı bir dərd olub oturur ürəklərə.

Ümumiyyətlə, İlqar Yusubov həm nəcib, həm qaynar duyğulara sahib bir insandır. Onun uşaq məsumiyyətli incə gülümsəməsində belə bir şeriyyət yatır. Həyat həqiqətlərinə yaradıcılığında özünəməxsus spesifik bədii təsvir verən şairin duyğuları möcüzələr arayışındadır. Eynilə həkim- cərrah olaraq, şəfa üçün qana bulaşan barmaqları ilə şəfanı tanrıdan gətirdiyi kimi. Bir də bu barmaqlardan qələminin gözəl təsviri əsərləri süzülür. Eynşteyn deyir ki, həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq, digəri isə hər şey möcüzəymiş kimi yaşamaq. Həkimlər də hər zaman ilahi möcüzəyə inanaraq xəstəni müalicəyə başlayırlar.

Bir də dünyanı titrədən ana adı, ana sevgisi var. İnsanı varlığıyla göyə pərvazlandıran, yoxluğuyla süstləşdirən ana sevdası. Götenin təbirincə desək, dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi, təbiətin ən böyük möcüzəsi olan ANA! Bu yaxınlarda əziz  anasını itirən şairin bir ağrılı şeiri də anasına ithaf etdiyi şeirdi. Bir şeirində:“Sən gedəli əziz anam, məni qohumlar çağırır, boş görünən ev – eşiyin, soyuyan divar çağırır. Toz basan qapı cəftəsi, o ot  basan yolları, boğazda qəhər çağırır”-deyərək

 

Köz yox ocağın altında ,

Urvan duvağın altında.

Üzüm ayağın altında ,

Gəl, balan İlqar çağırır”- deyərək qəlb iniltisini boğaraq sətirlərin duvağı altında gizləyir. Analardan kim doyub ki! Yüz yaşındakı insan belə darda, son nəfəsdə ana çağırır. Ağir itkidən nisgildə boğulan şair anasına xitab edir, ölümü sevdiyini deyr və şeirinin adını da “Ölümü sevdim, ana!” -qoyur. Nə qədər ağrılı, ağrılı olduğu qədər də duyğulu, duyğulu olduğu qədər də motivli..

 

 

Göz açdım gül üzün gördüm,

Gülünü sevdim, ana .

Sənlə keçən hər xoş günü

Zülümü sevdim, ana!

 

Çırpındım quş kimi yayda,

Olmadı tanrıdan fayda,

Sənsiz gözümdəki çayda,

Selimi sevdim, ana!

 

Mənəm-o qərib sərvətin,

“Dəcəl, sözə baxmaz yetim ”

Desən gəlmə,dayan!- çətin,

Gəlimi sevdim, ana!

 

Yaylaq, çadır, çətən orda,

Yurd soyuyub, vətən orda.

Sən ordasan, atam orda,

Yolunu sevdim, ana!

 

Yoxdu daha istədiyim ,

Tamsızdı noğul, hədiyim.

Sən gedəli sevmədiyim,

Ölümü sevdim, ana!

Ölümü sevdim, ana!

 

Ümumiyyətlə, çoxları kimi mən də İlqar həkimin şeriyyətinin vurğunuyam. Platon deyir ki, şairlər tanrının tərcüməçiləridirlər. Onların yaradıcılıqları təkcə özləri üçün deyil. Söz bazası zəngin, duyğuların ekzotikasını yaşadan şairin kitabını həsrətlə gözləyirik. Əgər bir istedad tanrı tərəfindən verilibsə, o xalq üçündü. İlqar həkimin insanlığı, xeyriyyəçiliyi və yaradıcılığı barədə çox yazmaq olar.

Sözümü Mövlanənin dəyərli bir fikri ilə bitirirəm.:“Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur”. Könlü zəngin İlqar həkimə bol-bol yaradıcılıq uğurları, Azərbaycan ədəbiyyatına töhfə olacaq, bizə bəxş edəcək şeir kitablarının tezliklə çap olunmasını arzulayırıq!

 

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR