TAİB-in fəal gəncləri – Rubrika

Böyük Britaniya filoloqu Uilyam Ceyms deyir ki, cavanlıq həyatda zaman vahidi deyil, düşüncə tərzidir. Gənclər hər bir xalqın, dövlətin xoşbəxt gələcəyə olan ümidi, inamıdır. Bu gün biz də tarix yazan Azərbaycan gənclərindən qürurla, fəxrlə danışırıq. O gənclər ki, hər zaman ağsaqqal sözünün mahiyyətinə varıb, onların zəngin təcrübəsindən bəhrələnirlər. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü daha da artırır.
Hər bir gənc ənənəvi düşüncə tərzinə görə həyat yolunu cızır, həyat mahiyyətini də ruhunun ənginliyində tapa bilir. Belə gənclərimizdən biri də gənc alimimiz, TAİB-in Gənclər Təşkilatının üzvü Xətai Məqsəd oğlu Salmanovdur.
Böyük Aristotel deyir ki, gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Həm dövlət dairələrində, həm ictimai sektorlarda gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün hər bir şərait yaradılıb. Xətai Salmanov da elmə üstünlük verərək öz üzərində çalışmağa başlayır.
Salmanov Xətai Məqsəd oğlu 11 iyul 1994-cü il tarixində Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu, Rəhilə Orucova adına 109 saylı məkətəbin birinci sinifinə getmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il də Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Universitet illərini səmərəli keçirən gəncimiz ictimai işlərdə fəallıq göstərərək, könüllülər dəstəsinə qoşulur. Mətbuat və QHT-lərlə əlaqələrini quran gənc fəal mətbuatda da əhəmiyyətli məqalələrlə çıxışlar edir.
2016-cı ildə universiteti bitirərək, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına magistratura dərəcəsi üzrə daxil olur. Yeni Azərbaycan Partiyasının sıralarında addımlayan Xətai Salmanov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini qırmızı diplomla bitirir.
Əbu Türxan deyir ki, dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. 2019-cu idə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına doktorantura dərəcəsi üzrə daxil olan fəal gənc 2022-ci ildə həmin Akademiyanın doktorantura dərəcəsini bitirir. Siyasi elmlər üzrə fəlsəfə doktoru adına sahib olur. Elmi məqalələri xarici mətbuatda yayımlanan gənc alimin həm partiya, həm də ictimai təşkilatla olan əlaqələri daha da dərinləşir. Bir müddət Milli Məclisdə deputat köməkçisi işləyən Xətai Salmanov ona doğma olan, daim dəstək olan, yetişməsinə xüsusi önəm verən Türk Ağsaqqalları Arasındakı Əlaqələrin İnkişafı İctimai Birliyinin bütün tədbirlərinə, xeyriyyə aksiyalarına qatılır. Öz tərbiyəsi, zəkası, yüksək intelllekti, davranış mədəniyyəti ilə hamının sevimlisinə çevrilən, rəhbərliyin etimadını qazanan fəal gənc hazırda təşkilatın mətbuat xidmətində fəaliyyət göstərir.
Onu bu təşkilata bağlayan əsas nüanslardan biri də təşkilatın təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovdan gördüyü doğma münasibətdir. Hər zaman gənclərə maddi-mənəvi dəstək olan Ramin Əhmədov barədə danışarkən deyir: “Mən Ramin Əhmədovla tanış olanda çox gəncdim. Həm oxuyur, həm də bir müəssisədə çalışırdım. Arzularım böyükdü. Daha böyük hədəflərə doğru yürümək istəyirdim. Ramin müəllim barədə də çox eşitmişdim. Gənc yaşlarından xeyriyyəçiliklə məşğul olan, dövlətə təmannasız xidmət nümunələri yaradan bu qızıl ürəkli insan məni öz doğması kimi qarşıladı. Heç ağlıma da gəlməzdi ki, bu nəcib, sadə, böyük ürəkli insan həm arxa-dayağım, həm də dostum və sirdaşım olacaq. Onun maddi-mənəvi dəstəyi ilə də böyük uğurlara nail oldum. Bu günə qədər də hər görüşümdə onun faydalı məsləhətlərini eşidirəm. Tolstoy deyir ki, xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. Mən bu doğma ocaqda, bura cəmləşən müdrik ağsaqqalların içində bu xoşbəxtliyi bir araya gətirə bildim. Bütün uğurlarım üçün hər zaman Ramin Əhmədova minnətdaram. Onun təşkilatda gənclər üçün yaratdığı şərait, öz potensiallarını ortaya qoymaq üçün açdığı geniş meydan gənclər siyasətinə verdiyi dəstəyin bariz nümunəsidir.”.
Bəli, dünya yaxşıların çiynində yaşayır. Alicənab əxlaq və gözəl xüsusiyyət o qədər dəyərli və ucadır ki, Rəsulullah onu besətinin səbəbi adlandırmışdır. Gözəl xarakteri kamil etmək üçün əxlaq nizamına sahib olmalıdır insan. Belə insanların yetişdirmələri də gözəl əxlaqa sahib olurlar. Hazırda Xətai Salmanov ictimai fəaliyyətini genişləndirir. Yeni elmi layihələr üzərində çalışır. Biz də gənc alimimizə uğurlar diləyirik. Ümidvarıq ki, bir gün o da ağsaqqal məqamına yetişərək Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olacaq.
Şərafət Şəfa,
Agsaqqallar.com