Azərbaycanda yerli özünüidarəetmənin əsasları : bələdiyyə idarəetməsi sistemi, inkişaf perspektivləri, formalaşması və islahatlar

Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla¬hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müs¬təsna rolu olmuşdur.
Yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir.İnkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil.
Demokratik, hüquqi dövlətin qarşısında duran əsas məsələlər yalnız hakimiyyətin bütün səviyyələrində səmərəli idarəetmə sisteminin mövcud olduğu şəraitdə, o cümlədən inkişaf etmiş yerli özünüidarəetmə sisteminə əsaslanmaqla səmərəli şəkildə həll oluna bilər. Müasir dövrdə dövlətə artıq hakimiyyətin yeganə mərkəzləşdirilmiş subyekti kimi baxılmır və dövlət idarəetməsinin demokratikliyi prinsipi bütövlükdə dövlətdə olduğu kimi hər bir ərazi qurumunun da özünütəşkili və inkişafını nəzərdə tutur. Ona görə də müasir dövrdə ölkənin ictimai və dövlət strukturunda yerli özünüidarəetmənin yeri, rolu və təyinatı ilə bağlı məsələlərin, yerli özünüidarəetmənin demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti ilə bağlı aspektlərinin, dövlətlə yerli özünüidarəetmənin qarşılıqlı fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir .
Bələdiyyələrin statusunun yüksəldilməsi Azərbaycan höküməti üçün də prioritetdir və Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafı üzrə Dövlət Proqramında da (YAİİDP) öz əksini tapmışdır.“Hökümət dövlət sektorunda idarəetməni əks-mərkəzləşdirməyə çalışır. Bələdiyyələrin yaranması bu prosesdə önəmli addım sayılır. Əks-mərkəzləşdirmə prosesinin bir hissəsi kimi, bələdiyyələr yerlərdə mənbələrin bölüşdürülməsinin təkmilləşdirilməsini, regional inkişafın təşviqini və yerli əhalinin qərar vericilikdə daha aktiv iştirak etməsini təmin etməklə yerli idarəetmənin güclənməsinə və qərar vericiliyə yardım edə bilər”.
Demokratik inkişaf yolu seçən istənilən dövlət üçün yerli özünüidarəetmənin təsis edilməsi əhalinin əmin-amanlığının, vətəndaş cəmiyyətinin bərqərar edilməsinin əsas şərtlərindən biri kimi qəbul edilir. Bu baxımdan inkişaf etmiş, müxtəlif dövlət və hüquq sistemində olan ölkələrin yerli özünüidarəetmə modelinin öyrənilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
İdarəetmə elmi və təcrübəsi sübut edir ki, xalis şəkildə iyerarxik təşkilatlara nadir hallarda rast gəlmək mümkündür. Əsasən cəmiyyətin bütün sferalarında və sahələrində fəaliyyət göstərən təş¬kilatlar və bunlara xas olan idarəetmə mexanizmi özündə hər iki təşkilata aid olan elementləri, davranış parametrlərini və qaydalarını birləşdirir. Belə idarəetmə mexanizmi müasir demokratik dövlət idarəçiliyində də hökm sürür. Burada bəzi məsələlər iyerarxik yolla – bir mərkəzdən idarə olunursa, digər məsələlər isə tərəflər arasında razılığa gəlmə, konsensus və vətəndaşların öz iradəsini azad şəkildə ifadə edərək səs verməsi ilə nizamlanır. Deməli, mərkəzləşdirilmiş idarəetmə ilə qeyri-mərkəzləşdirilmiş özünüidarə cəmiyyətin ən iri və mürəkkəb təşkilatı olan – dövlətin idarə edil¬məsinin mühüm vasitələri və atributlarıdır. Onlar cəmiyyətin bütün sferalarına sirayət edərək qlobal və lokal, şaquli və üfüqi, sahəvi və ərazi məsələləri nizamlamağa və ölkədə baş verən sosial-iqtisadi dəyi¬şiklikləri tənzimləməyə qadirdilər.
Yerli özünüidarəetmə sisteminin təsisi və inkişafı demokratik dövlət quruculuğu mərhələsində xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyət funksiyalarının həyata keçirilməsində vətəndaşların bilavasitə iştirakının ən səmərəli forması hesab olunan yerli özünüidarəetmə olmadan demokratik hakimiyyəti təsəvvür etmək olmaz . Yerli özünüidarəetmə istənilən müasir demokratik cəmiyyətin mütləq atributudur. Yerli özünüidarəetmənin böyük sayda müxtəlif modelləri və təşkil növləri məlumdur. Yerli özünüidarəetmə sistemlərinin formalaşdırılmasında fərqlər bir çox amillərdən, o cümlədən siyasi rejimdən, ölkədə üstünlük təşkil edən hakimiyyətin təşkili və yerlərdən idarə edilməsi ideyasından, dövlət quruluşundan, dövlətin inzibati-ərazi bölgüsündən, milli ənənələrdən və s. asılıdır.
Yerli özünüidarə nəzəriyyəsinin banisi sayılan J.J.Russo, A.Tokvil, A.Vasilçikov, B.Çiçerin yerli özünüidarə orqanlarına ictimai-hüquqi hakimiyyətin orqanları kimi deyil, dövlətin maraq¬la¬rından fərqli olan xüsusi ictimai maraqların ödənilməsi üçün təsis edilən yerli ittifaqlar kimi baxırdılar. Bu fikir yerli özünüidarəetmənin liberal-ictimai nəzəriyyəsini əks etdirir. XIX əsrdə alman alimləri Rudolf Qeneyts və Lorne Şteyn isə göstərdilər ki, yerli özünüidarəetmə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir, o, dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsi deməkdir .
Geniş mənada yerli özünüidarəetmə məhdud ərazidə məskunlaşmış insanların hüquq və azadlıqlarının qorunmasını, yerli problemlərin həllində onların fəal və mütəşəkkil iştirakını təmin edən demokratik prinsip və yerli əhalinin fəaliyyətinin təşkili sistemi kimi vətəndaşların rifahının yaxşılaşdırılması naminə yaradılır .
Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Görkəmli fransız alimi A.de Foksil hələ 1835 – ci ildə nəşr olunmuş “Amerikada demokratiya ” adlı məcmuəsində yazırdı: “Yerli özünüidarəetmə institutları olmadan millət azad hökümət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz” [8].
Müasir dövrdə yerli özünüidarəetmə haqqında elmə əsas altı nəzəriyyə məlumdur :
1. “Azad icma” nəzəriyyəsi;
2. “İctimai təsərrüfat” nəzəriyyəsi;
3. “Dövlətçilik” nəzəriyyəsi;
4. “Dualizm” nəzəriyyəsi;
5. “Siyasətdənkənar” yerli özünüidarəetmə nəzəriyyəsi;
6. “Sosial xidmət” nəzəriyyəsi.
Yerli özünüidarəetmə orqanlarının əhəmiyyəti onunla da müəyyən edilir ki, gündəlik həyatda vətəndaşlar məhz bu orqanların fəaliyyəti ilə üzləşirlər, çünki həmin orqanlar müvafiq ərazi vahidində əhalinin həyatı üçün şəraitin yaradılmasına həlledici təsir göstərirlər, lakin sosial-iqtisadi və siyasi fəaliyyətin ümumi istiqaməti dövlət hakimiyyətinin mərkəzi orqanları tərəfindən müəyyən edilir. Həmçinin, o hal böyük əhəmiyyət kəsb edir ki, yerli özünüidarəetmə orqanları təşkilati vahidliklə bağlıdırlar, müəyyən əmlaka sahib olmaq və sərəncam vermək, əqdlər bağlamaq, yerli büdcəni idarə etmək və s. hüquqlara malikdirlər. Bununla əlaqədar bazar iqtisadiyyatı şəraitində yerlərdə geniş özünüidarəetmə zərurəti, bir qayda olaraq, istənilən dövlətin əhalisinin əksər hissəsi tərəfindən dəstəklənir və müdafiə olunur .
Yerli özünüidarəetməyə dəqiq tərif 1985-ci ildə Avropa Şurası üzvləri tərəfindən qəbul olunmuş “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda verilmişdir: «Yerli özünüidarəetmə dedikdə, yerli özünüidarəetmə orqanlarının qanun çərçivəsində məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq, onu idarə etmək hüququ və real bacarığı başa düşü¬lür».
Məşhur alim A.D.Qradski yerli özünüidarəetməni hakimiyyət bölgü¬sü¬nün bir təzahürü hesab edirdi. O, yerli özünüidarəetməni mərkəzi höku¬mətin təmin edə bilmədiyi maraqların nəticəsi kimi izah edirdi. İ.İ.Yevtixeyev isə yerli özünüidarəetməni sosial qrupların dövlət idarə¬et¬məsi daxilində tapşırıqları, obyektiv hüquq çərçivəsində özlərinin müs¬təqilliyinə təminat olan seçki əsasında yaradılan rəhbər orqanları və bu rəhbər orqanların mux¬tariyyəti əsasında yerinə yetirilməsi kimi izah edirdi .
Tədqiqatçılar (L.Velixov) bu hakimiyyətin ictimai xarakterindən irəli gələn və onu dövlət idarəetmə orqanlarından fərqləndirən dörd əsas xüsusiyyətini qeyd edirlər [4,406]:
1) Dövlət hakimiyyətindən fərqli olaraq yerli özünüidarəetmə qanuna tabe hakimiyyət olub, dövlət orqanları tərəfindən qəbul olunmuş qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərir;
2) Yerli özünüidarəetmə yalnız onun məşğul olacağı (səlahiyyətlərinə aid edilən) ictimai işlər dəqiq müəyyən olunduğu halda həyata keçirilə bilər;
3) Yerli özünüidarəetmə orqanları bu işlərin yerinə yetirilməsi səlahiyyətlərini reallaşdırmaq üçün müstəqil büdcə və bələdiyyə mülkiyyəti kimi məxsusi resurslara malik olmalıdır;
4) Bu hakimiyyət hökmən əhalinin nümayəndiliyini tələb edir, yəni öz təbiətinə görə seçkili olmalıdır.
Yerli özünüidarəetmənin forması kimi bələdiyyələr 4 mühüm əlamətlərə malik qurumlardır:
1) Bələdiyyələr ayrıca büdcəyə və mülkiyyətə malik olur;
2) Yerli məsələlərin həllində muxtariyyətə və sərbəstliyə malikdir;
3) Seçkili hakimiyyətə gələn, qərarverən və icraedici vahidləri var;
4) Hüquqi şəxs statuslu qeyri-dövlət təsisatıdır.
Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, ilk növbədə, kommunal təsərrüfatın idarə edilməsinə və inkişafına, ətraf mühitin mühafizəsinə, yaşayış məntəqələrinin yerləşdirilməsinin və tikintisinin planlaşdırılmasına, şəhərsalmaya ümumi nəzarətə, yerli nəqliyyat sisteminin inkişafına və onun hərəkətinin tənzimlənməsi qaydasının müəyyənləşdirilməsinə, yerli yol tikintisinə, kanalizasiyaya, su və qaz təchizatına, enerji təchizatına, küçələrin təmizlənməsinə, hovuzların çirklənməsinə və s. məsələlərə şamil olunur .
Bələdiyyələr dövlət proqramında olan bütün mümkün boşluqları doldurmalı və dövlət tərəfindən göstərilən xidmətlərə əlavələr etməli və tamamlamalıdır. “Bələdiyyələrin statusu haqqında” Qanun onların dövlətin iqtisadi inkişaf proqramlarında qeyd olunmamış və ya dövlət proqramına əlavə olan, yerlərdə inkişafla əlaqədar önəmli məsələləri həll etmək üçün hazırlanmış iqtisadi inkişaf proqramlarına cəlb olunmasını nəzərdə tutur. Bu proqramlar aşağıdakılardan ibarət ola bilər:
• məktəbə qədər təhsil;
• təhsil;
• səhiyyə;
• mədəniyyət;
• yaşayış və başqa tipli binaların saxlanılması və istifadəsi;
• yerli infrastrukturun saxlanılması və baxımının təşkil olunması;
• su işləri və mənzillər;
• sosial təminat xidmətləri və
• mədəniyyət tədbirləri.
Bələdiyyələr dövlət proqramlarının əhatə etmədiyi yerli proqramlara görə cavabdehdirlər, onların arasında: yerlərdə sosial, iqtisadi və ətraf mühitlə bağlı proqramların hazırlanıb həyata keçirilməsi mühüm yer tutur. Bu proqramlar əhalinin spesifik ehtiyac və arzularına cavab verməlidirlər.
Bələdiyyələrin məşğul ola biləcəyi əsas sahələr bunlardır :
• yerlərdə sosial, iqtisadi və ətraf mühitlə bağlı proqramların işlənib hazırlanması və həyata keçirilməsi;
• təhsil, səhiyyə, mədəniyyət, sosial təminat və idman sahələrində proqramların hazırlanması və dəstəklənməsi;
• əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif gəlir gətirən fəaliyyətlərin hüquqi şəxs formasında təşəkkül tapması.
Xarici və yerli təcrübəni əsas götürərək, bələdiyyə mülkiyyəti obyektlərini ümumi şəkildə aşağıdakı kimi təsnifləşdirə bilərik :
1. Bələdiyyə müəssisə və idarələri, onlara təhkim olunan əmlak;
2. Yerli özünüidarəetmə orqanlarına təhkim olunan əmlak;
3. Torpaq və digər təbii resurslar;
4. Bələdiyyə maliyyə-kredit müəssisələri;
5. Yerli büdcə vəsaitləri.
Bələdiyyə mülkiyyətinin formalaşmasının xarici təcrübəsi Q.Barabaşevin, N.Klinovanın elmi işlərində də geniş əks olunmuşdur. Xarici alimlərdən olan F.Şnapp, J.Xivi, R.Fişmen isə, bələdiyyə mülkiyyətinin təhlil aspektlərini bir qədər də konkretləşdirərək, yalnız funksiyalarını tədqiq etmişlər.
Bələdiyyə mülkiyyəti ilə dövlət mülkiyyəti arasındakı müna¬sibətin müəyyənləşdirilməsində rus alimi E.İ.Kolyuşinin elmi ya¬naşma tərzi daha maraqlıdır. Müəllifin dövlət və bələdiyyə mülkiyyəti arasında olan fərqli əlamətlər üzrə verdiyi ümumi təsnifat aşağıdakılardan ibarətdir:
subyekt üzrə: dövlət mülkiyyətinin subyekti xalq və onun yaratmış olduğu dövlət hakimiyyət orqanlarıdır. Bələdiyyə mül¬kiyyətinin subyekti isə, bələdiyyə əhalisi və onların təşkil etdiyi dövlət idarəetmə orqanları sisteminə daxil olmayan yerli özünüidarəetmə orqanlarıdır;
obyekt üzrə: dövlət mülkiyyətinin obyekti istənilən dövlət əmlakı ola bilər. Bələdiyyə mülkiyyətinin obyekti də istənilən bələdiyyə əmlakı ola bilər. Bundan əlavə olaraq eyni zamanda bə¬lədiyyə mülkiyyəti dövlət mülkiyyətində də yerləşə bilər;
bələdiyyə mülkiyyəti hüququnun əldə edilməsi və ləğv edilməsi əsasına görə: dövlət mülkiyyəti hüququnun əldə edilməsində bəzi əsaslar, məsələn, milliləşdirmə, beynəlxalq saziş, ərazi güzəşti və s. bələdiyyə mülkiyyəti hüququnun əldə edilməsi və ləğv edilməsi üçün əsas ola bilməz;
məzmun baxımından: dövlət və bələdiyyə mülkiyyətinə sahib olma və ondan istifadə hüququ arasında fərqləndirmə aparmaq bir qədər çətindir. Ona görə ki, bələdiyyə mülkiyyətinə verilən müəyyən hissə mülkiyyət üzərində bələdiyyələrin sərəncamvermə hüququ dövlət hakimiyyəti ilə məhdudlaşdırıla bilir. Məsələn, dövlət tərə¬findən bələdiyyələrə subvensiya verilən zaman bu, bələdiyyə büd¬cə¬sinə mədaxil olur və yerli büdcəni əmələ gətirir. Lakin buna baxmayaraq, həmin subvensiyalardan məqsədli istifadə edilməsini tələb edən dövlət orqanları, bir növ desək, bu mülkiyyət üzərində bələdiyyələrin sərbəst sərəncam verməsini məhdudlaşdırır .
Bələdiyyə üçün əsas gəlir mənbələri aşağıdakı mənbələr hesab olunur : vergilər (torpaq vergisi, mülkiyyət vergisi, bələdiyyə müəssisələrindən və təşkilatlarından alınan gəlir vergisi) təbii sərvətlərin çıxarılmasından alınan icarə haqqı, küçə reklam lövhələrinə görə rüsumlar, mehmanxana rüsumları, avtodayanacaq və s. üçün rüsumlar və dövlət büdcəsindən subsidiya və qrantlar, başqa yardımlar və ianələr.
Bələdiyyə təsisatları üçün, bir qayda olaraq, gəlirlər mənbəyinin iki növü mövcuddur. Birincisi – yerli mənbələr: vergilər, təzminatlar və rüsumlar, bələdiyyə müəssisələri üzərində cərimə sanksiyaları və gəlirləri. İkincisi – mərkəzi mənbələr: mərkəzi hökumət və ya onun strukturları (nazirlikləri) tərəfindən bələdiyyə fondlarından ayrılan subsidiyalar: həm bələdiyyənin dəstəklənməsi üçün ayrılan ümumi subsidiyalar, həm də təhsil, sosial rifah, ev tikintisi kimi məqsədli təyinata malik olan xüsusi subsidiyalar [7,39].
Bə¬lə¬diy¬yələr xalqa daha yaxın yerliözünüidarə vahidləridir. Bunun səbəbi bələdiyyələrə məxsus vəzifələrin xalqın gündəlik həyatı ilə sıx bağlı olmasıdır. Məhz buna görə də Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq referendumu ilə qəbul edilmiş Konsti¬tu¬si¬ya¬sı¬nın 142-ci maddəsində birmənalı olaraq Azərbaycanda yerli özü¬nü¬ida¬rəetmənin bələdiyyələr tərəfindən həyata keçirildiyi göstərilir.
Azərbaycanda yerli idarəetmə iki formadan ibarətdir :
1. Mərkəzi idarələr, yəni dövlət və onun yerlərdəki nümayən¬də¬lik¬ləri olan icra hakimiyyətləri;
2. Yerli özünüidarələr, yəni bələdiyyələr.
Bələdiyyələr isə iki orqandan ibarətdir: qərarverici orqan -Bələdiyyə iclası, icraedici orqan – Bələdiyyə sədri.
Bələdiyyə orqanları—səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.
1. Bələdiyyə başçısı (sədr) – hüquqi şəxs olan bələdiyyə təşkilatının baş¬çısı və icraedici orqanıdır. Qanun əsasında və seçki ilə hakimiyyətə gə¬lən bələdiyyə başçıları öz səlahiyyətləri daxilində tamamilə müs¬tə¬qil¬dir¬lər və bələdiyyənin gündəlik həyatına cavabdehdirlər. Res¬pub¬lika¬mız¬da bələdiyyə sədri, yeni seçilmiş bələdiyyənin birinci iclasında, bə¬lə¬diyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini top¬ladıqda seçilmiş hesab edilir. Bəzi ölkələrdə bələdiyyə başçısı, əsasən də bölgənin inzibati mərkəzində yerləşən bələdiyyə başçıları təyinetmə yolu ilə hakimiyyətə gəlir, bəzilərində isə bələdiyyə başçıları 5 il müddətinə, birbaşa bələdiyyə daxilində yaşayan seçicilər tərəfindən seçilir. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.
Bələdiyyə başçısının vəzifələri: Hüquqi şəxsi təmsil etmək, məclis və komissiyaların qərarlarını həyata keçirmək, büdcə layihələri ilə əlaqədar təkliflər hazırlamaq, gərəkli razılaşmaları əlaqədar orqanın da qərarını alaraq imzalamaq, məh¬kə¬mə¬lərdə bələdiyyəni təmsil etmək, əmrlər və sərəncamlar vermək, bələ¬diy-yə¬nin qərarlarını imzalamaq, səmərələşdirici təkliflər irəli sürmək və bələ¬diy¬yənin fəaliyyətinə ehtiyac olsa nəzarət etmək.
2. Bələdiyyə iclası – Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.
Əhəmiyyətli və gözlənilməz işlər meydana çıxdığı halda fövqəladə iclas çağrılır. Bu cür iclasların keçirilməsi üçün ya bələdiyyə başçısının yazılı çağırışı, ya məclis üzvlərinin 1/3-nin təşəbbüsü, ya da icra ha¬ki¬mi¬nin dəvəti lazımdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Res¬pub¬likasının Qanununda bu hallar nəzərdə tutulmayıb. Həmin qanunun “Bələdiyyənin iclası” haqqındakı 16-cı maddəsində göstərilir : “Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sə-dri tərəfindən çağrılır. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin iclasları həmin bələ¬diyyə ərazisində yaşayan əhalinin on faizinin, yaxud bələdiyyə üzv¬lərinin üçdə bir hissəsinin təşəbbüsü ilə də çağrılır”.
Avropa Şurası, yerli özünüidarəetmə problemləri ilə məşğul olarkən qəbul olunmuş sənədlərin həyata keçirilməsində əhəmiyyətli rolu Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi oynayır. Avropa Şurasının üzvü olan dövlətlərin yerli və regional orqanlarının təmsil olunduğu bu məşvərət qurumu 1959-cu ildən fəaliyyət göstərən Avropanın Yerli və Regional Hakimiyyətlərinin Daimi Konfransını əvəzləmişdir .
Konqres bir sıra uzunmüddətli proqramlar həyata keçirir :
– ENTO – yerli və regional hakimiyyət orqanları üçün kadrların hazırlanması və tədrisi üzrə mərkəzlərin Avropa şəbəkəsi – Mərkəzi və Şərqi Avropa dövlətləri üçün ekspert yardımını və tədrisi təşkil edir, müxtəlif dövlətlərin kadrların hazırlanması və təlimi mərkəzləri arasında əməkdaşlığa köməklik göstərir;
– mərkəzi və Şərqi Avropa dövlətlərində yerli və regional demokratiyanın dəstəklənməsi üzrə Xüsusi Proqram – yerli özünüidarəetmə haqqında qanunvericiliyin işlənib hazırlanmasında yardım göstərir;
– yerli demokratiya agentlikləri – bu proqram keçmiş Yuqoslaviyanın ərazisində insan hüquqları və demokratiyaya hörmətlə yanaşılması, vətəndaş cəmiyyətinin və formalaşdırılması və əhalinin müxtəlif qrupları arasında etibar tədbirlərinin görülməsi üçün nəzərdə tutulur.
Avropa Şurası çərçivəsində yerli özünüidarəetmə sahəsində aşağıdakı mühüm beynəlxalq sənədlər qəbul edilmişdir:
– Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası;
– Yerli Özünüidarə haqqında Avropa Xartiyası;
– Əcnəbilərin yerli səviyyədə ictimai həyatda iştirakı haqqında Konvensiya;
– Regional dillər və milli azlıqların dilləri haqqında Avropa Xartiyası;
– Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına Əlavə Protokol;
– Ərazi icmalar və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına ərazilərarası əməkdaşlığa dair 2 saylı Əlavə Protokolu;
– Landşaftlar haqqında Avropa Konvensiyası;
– Gənclərin şəhər və regionların həyatında iştirakı haqqında Xartiya;
– Avropa Şəhərlər Xartiyası;
– Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına Avroregionların əməkdaşlıq qruplarına dair 3 saylı Əlavə Protokol;
– Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasına yerli hakimiyyətin işlərində iştirak etmək hüququna dair Əlavə Protokol.
– Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası (21 may 1980-ci il).
Məlumdur ki, yerli özünüidarəetmənin səmərəli fəaliyyət göstərməsi və inkişafı üçün hüquqi çərçivənin mövcudluğu zəruridir. Beləliklə, Avropa Şurası çərçivəsində bu sahədə qəbul olunmuş və hal-hazırda da qüvvədə olan başlıca sənəd kimi Yerli Özünüidarə haqqında Avropa Xartiyasını göstərmək olar. Bu çoxtərəfli sənəd müasir Avropada yerli özünüidarəetmənin inkişafı yollarını nişanlayan Avropa dövlətlərinin bələdiyyə hüququnun əsas mənbələrdən biridir. Onun əsasına hələ orta əsrlərdə Avropa sosial fəlsəfəsində bərqərar olunmuş klassik səlahiyyətlərin həvalə olunması prinsipi qoyulur, halbuki bu ideyanın fəal reallaşdırılmasına hazırkı əsrin əvvəllərində başlanılmışdır. Bu prinsipə uyğun olaraq, idarəetmənin aşağı səviyyələrində həll oluna bilən məsələlərin yuxarıya ötürülməsinin mənası yoxdur. Yerli icmalara mümkün qədər çox idarəetmə vəzifələrini etibar etmək zərurəti yaranır, dövlətin müdaxiləsi isə məsələlərin yalnız həll olunmadığı hallarda mümkün olması tələb olunur. Xartiyanın özündə səlahiyyətlərin həvalə olunması anlayışı belə ifadə olunur: “Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsasən vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir”. Xartiya Avropa Şurasının təşəbbüsü ilə 1985-ci ildə qəbul edilmişdi .
Xartiyanın əsasında subsidiarlıq prinsipi durur ki, bu prinsipə görə, idarəetmənin aşağı səviyyələrində həll oluna biləcək məsələlərin yuxarıya verilməsinə ehtiyac yoxdur. Yerli icmalara daha çox idarəetmə məsələlərinin həlli etibar olunmalıdır, dövlətin müdaxiləsinə isə, yalnız bunsuz keçinmək mümkün olmadığı hallarda yol verilməlidir. Xartiyada subsidiarlıq anlayışı aşağıdakı kimi ifadə olunmuşdur: “dövlət səlahiyyətlərinin həyata keçirilməsini, bir qayda olaraq, əsasən, vətəndaşlara ən yaxın hakimiyyət orqanının üzərinə qoymaq lazımdır”. Qeyd edək ki, Avropa Şurası tərəfindən 15 oktyabr 1985-ci ildə qəbul olunmuş bu sənəd 25 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən radifikasiya olunmuşdur [4,398].
Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında verilən tərifdə bu anlayış “yerli özünüidarəetmə orqanlarının qanun çərçivəsində fəaliyyət göstərərək, öz məsuliyyəti altında və yerli əhalinin maraqları baxımından dövlət işlərinin əhəmiyyətli hissəsini nizamlamaq, idarə etmək hüququ və real bacarığı” kimi müəyyən edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda isə deyilir ki, “yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir” .
Müasir yerli özünüidarəetmə orqanlarına bənzər qurumlar Azərbaycan ərazisində bir sıra məhdudiyyətlərlə XIX əsrin sonlarında yaradılmağa başlamışdır. İlk dəfə 1878-ci ildə yerli özünüidarəetmə orqanları yaratmağa imkan verən “Şəhər əsasnaməsi”(1870-ci ildə qəbul olunub) Bakıda bəzi məhdudiyyətlərlə tətbiq olunurdu. 1892-ci ildə yeni “Şəhər əsasnaməsi” qəbul edildi. Bu əsasnamədə əvvəlkinə nisbətən bəzi dəyişikliklər edilmişdir. Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna bənzər qurumlar mövcud olsa da, yalnız 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik yerli özünüidarəetmə institutunu yaratmaq imkanı əldə etmiş, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası isə bu imkanı reallığa çevirmişdir.
Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır .
Ölkəmizdə bələdiyyə fəaliyyətinə xüsusi diqqət yetirilir. Bu bələdiyyə sahəsi ilə bağlı qəbul olunmuş bir sıra qanunlarda özünü büruzə verir. Məsələn, “Bələdiyyə seçkiləri haqqında” qanun(2 iyul 1999-cu il), “Bələdiyyələrin statusu haqqında”(2 iyul 1999-cu il), “ Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında”(15 oktyabr 1999-cu il), “Bələdiyyə qulluğu haqqında”(30 noyabr 1999-cu il), “Bələdiyyə mükiyyətinə əmlakın verilməsi haqqında”(7 dekabr 1999-cu il), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”(7 dekabr 1999-cu il), “Bələdiyyə maliyyəsinin əsasları haqqında”(7 dekabr 1999-cu il),”Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”(14 aprel 2000-ci il), “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə(14 aprel 2000-ci il), “Bələdiyyə üzvünün statusu haqqında(18 aprel 2000-ci il), “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”(29 iyun 2001-ci il), “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”( 13 may 2003-cü il),”Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə”(17 iyun 2003-cü il), “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə”(3 may 2005-ci il), “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”(29 may 2009-cu il), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə(9 iyun 2009-cu il), “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”( 28 aprel 2015-ci il), müxtəlif zamanlarda qanunlarda edilmiş dəyişikləri və əlavələri və başqa qəbul olunmuş qanunları qeyd etmək olar.
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin 1999-cu il 27 iyul tarixli 163 nömrəli fərmanına əsasən “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən, Azərbaycan Respublikamda yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir.
Bələdiyyə idarəçiliyinin hər tərəfli inkişafı bu gün olduqca aktual məsələdir. Azəraycanda bələdiyyə idarəçiliyinin əsas problemləri aşağıdakılardır :
Səlahiyyətlərdə məhdudiyyətlər;
mülkiyyətdən düzgün istifadə olunmaması;
ixtisaslı kadr çatışmamazlığı;
maliyyə çatışmamazlığı;
yerli problemləri həll etmədə vətəndaşların iştirakını təmin etməmək və s.
Azərbaycanda bələdiyyələrin yarandığı andan indiki dövrə qədərki fəaliyyətləri ərzində nöqsanlarını, uğurlarını və prespektivlərini aşağıdakı səkkiz bəndlik müqayisəli araşdırma ilə təhlil etmək olar.
1. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi
Bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsi, səlahiyyətlərinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi və fəaliyyətlərinin müasir tələblər əsasında qurulması məqsədilə qanunvericilik daima təkmilləşdirilir və yeni qanunlar qəbul edilir.
Ümumilikdə, bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir.
Bələdiyyələrin fəaliyyətlərin tənzimlənməsində digər mənbə beynəlxalq hüquq normalarıdır. Nümunə kimi “Yerli özünüidarə haqqında” Avropa Xartiyasını göstərmək olar. “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının № 238-IIQ qanunun 25 dekabr 2001-ci il tarixindən qüvvəyə minməsiylə Azərbaycan dövləti tərəfindən Xartiyaya əməl edilməsi barədə öhdəlik götürmış sayılır.
2. Xarici ölkə bələdiyyələrinin təcrübələrinin öyrənilməsi və tətbiqi.
Bir çox xarici ölkələrin bələdiyyələri ilə respublikamızın bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığa dair protokollar imzalanmış və dostluq əlaqələri qurulmuşdur. İmzalanmış protokollarda məqsəd şəhər, qəsəbə və kənd bələdiyyələrinin xarici ölkələrin bələdiyyələri ilə qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini həyata keçirməkdir. Xarici ölkə bələdiyyələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Türk Dünyası Bələdiyyələr İttifaqı ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşlığı olduqca uğurlu addımdır.
3. Bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının peşəkarlığının artması.
Yerli özünüidarə etmə işinin qurulması və uğur əldə etmənin ən mühüm şərtələrindən biri də bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının peşəkarlıq səviyyəsinin artmasıdır.
Bələdiyyə qulluqçularının işə qəbulu zamanı peşəkar işçilərin qəbulu və şəffaflığın təmin edilməsi məqsədilə “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1.5-ci maddəsininin ikinci hissəsində bələdiyyə qulluqçusunu “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” olaraq dəyişdirilmişdir. Dəyişikliyə əsasən bələdiyyə sədri birbaşa deyil, yalnız təşkil olunmuş müsabiqədən keçmiş işçini bələdiyyə qulluqçusu olaraq təyin etmək hüququna malikdir.
Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində “Elektron bələdiyyə” pilot layihəsinin işlənilməsi və həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Elektron bələdiyyə anlayışı, bələdiyyələrin yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini; vətəndaşa və digər qurumlara internet vasitəsilə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətinin təşkilini əhatə edir.
Elektron bələdiyyəyə keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya saytdan götürülür. Burada həm vətəndaş, həm də bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində ümümxalq səsverməsi(referendum) keçirilmişdir. Keçirilmiş ümumxalq səsverməsində(referendumda) “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı qəbul olunmuşdur. Xatırladaq ki, sonuncu Referendum Aktı ilə 1995-ci ilin noyabrda qəbul olunan Konstitusiyamıza 3-cü dəfə dəyişiklik edilir.: Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub. Sonuncu referendumda bir çox maddələrdə əlavə və dəyişikliklər edilmişdir ki, bunlardan bir də Konstitusiyaya əlavə edilmiş 146-cı maddədir. “Bələdiyyələrin məsuliyyəti” adlanan həmin maddədə deyilir:
“Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” .
Maddə 60.da isə, “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” müddəası qeyd olunmuşdur[10].
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət bələdiyyələrin inkişafında maraqlıdır və bu sahəyə lazımi diqqət yetirilir. Yerli özünüidarəetməyə həsr olunmuş 30-a yaxın qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam və əsasnamənin qəbul edilməsi bunu deməyə əsas verir. Ümumiyyətlə, bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanları beynəlxalq təcrübəyə və yerli reallıqlara əsaslanaraq formalaşmanı tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm də öz strukturlarını daim təkmilləşdirməlidirlər.Yekun olaraq qeyd edək ki, yerli özünüidarəetmə orqanları müxtəlif ölkələrdə müxtəlif xüsusiyyətlərə malik olsalar da, onların hamısı üçün ümumi keyfiyyətlər – orqanların seçkili olması; idarəçilik və maliyyə muxtariyyətinin mövcudluğu; kadrların cəlb edilməsində müstəqillik; ümumi hakimiyyət idarəçilik sisteminin müstəqil elementinə çevrilməsi; qanunvericilik əsasında özünün məsuliyyəti altında fəaliyyət göstərilməsi və s. qeyd edilməlidir.
Yerli özünüidarəetmə institutunun cəlbediciliyi onunla müəyyən edilir ki, bu institut yerli hakimiyyət səviyyəsində əhalinin hakimiyyət orqanları ilə bilavasitə qarşılıqlı fəaliyyətini həyata keçirməyə, yerli əhalinin və yerli kollektivlərin normal fəaliyyəti ilə bağlı məsələlərin qoyulması və həll edilməsinə, vətəndaşların cəmiyyətin idarə olunması prosesində aktiv iştirakına imkan verir.
Dövlətimizin inkişafında, ölkəmizdə demokratik ənənələrin formalaşmasında və əhalinin yerli əhəmiyyətli problemlərinin həllində bələdiyyələrin inkişafı və formalaşması mühüm əhəmiyyətə malikdir. Yerli özünü idarəetmənin 100 illərlə tarixi olsa da , həm də müasir dövrün təsisatlarından və demokratiyanın inkişafı naminə beynəlxalq təşkilatların əsas tələblərindən sayılır.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ölkə üzrə növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsi haqqında qərar qəbul etmişdir.Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Seçkilərdə 16 mindən çox namizəd mübarizə aparıb. Seçkilər zamanı respublika üzrə 700-ə yaxın bələdiyyəyə 8 mindən çox üzv seçiləcək.Bələdiyyə seçkisində səsvermə 118 seçki dairəsi üzrə 6000-ə yaxın seçki məntəqəsində keçirilib.Seçkiləri izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 mindən çox olub. İlkin nəticələrə görə, Azərbaycanda yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində seçicilərin 31,45 faizi səs verib. Məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Yanvarın 30-da səhər Mərkəzi Seçki Komissiyasının internet saytında seçkilərin keçirildiyi 685 bələdiyyə üzrə 118 seçki dairəsinin əksəriyyəti üzrə səsvermənin nəticələri yayımlanıb. 8071 bələdiyyə üzvü uğrunda 16 096 namizəd mübarizə aparıb, onların yarıdan çoxu hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsidir.
Səmərəli fəaliyyət göstərən yerli özünüidarəetmənin bir forması kimi bələdiyyələrin yaranması, formalaşması və inkişafı müstəqil Azərbaycan dövlətinin demokratik inkişafının hazırkı mərhələsində xüsusi əhəmiyyət kəsb edir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasında dövlətin, cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması yolu ilə hakimiyyətin xalqa yaxınlaşdırılması, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən əksmərkəzləşdirmə siyasəti bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etməkdədir. Ölkəmizdə yerli özünüidarəetmə sahəsi ilə bağlı bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması Prezidentimizin bu sahəyə xüsusi diqqət yetirdiyinin əyani şəkildə sübutudur.
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent