Müasir Azərbaycanın inkişafında sağlam, savadlı, vətənpərvər və milli köklərə bağlı gənclərin rolu

Azərbaycanda gənclər siyasəti dövlətin strateji inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Gənclər Azərbaycanımızın ve millətimizin aydınlıq sabahlarının təminatıdır. Qalib ordunun əsgəri , qalib xalqın vətəndaşı və gəncləri olmaqdan qürurlu heç nə yoxdu. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsi, innovativ potensialın daşıyıcısı və ölkənin gələcəyini formalaşdıran əsas sosial təbəqədir. Güclü, savadlı və vətənpərvər gənclər cəmiyyətin dinamik inkişafını təmin edən əsas qüvvədir. Tarixən Azərbaycan gəncləri milli dəyərlərin qorunmasında, elmin, mədəniyyətin və iqtisadiyyatın inkişafında mühüm rol oynamışdır. Lakin müstəqillik əldə edilənə qədər ölkədə vahid gənclər siyasətinin mövcud olmaması gənclərin potensialından tam şəkildə istifadə olunmasına mane olurdu. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Dövlətimizin gənclər siyasəti gələcəyimizin təməlidir
Müstəqilliyin ilk illərində ölkə ağır sosial-iqtisadi və siyasi problemlərlə üzləşmiş, Qarabağ müharibəsinin nəticələri, qaçqın və məcburi köçkün problemləri, iqtisadi tənəzzül və siyasi qeyri-sabitlik gənclərin inkişaf imkanlarını məhdudlaşdırmışdır. Bu dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu və yeni strateji inkişaf xətti müəyyən edildi. Azərbaycan Respublikasında gənclər siyasəti ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə məhz onun təşəbbüsü ilə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 1993-cü ildə ümumxalq səsverməsi ilə ölkə prezidenti seçilən ümummilli lider Heydər Əliyev bir çox sahələrdə olduğu kimi, gənclər sahəsində də müşahidə olunan geriləməni aradan qaldırmış, bununla da ölkənin sürətli inkişafına təkan vermişdir. Bugün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Respublikasının gənclər siyasəti gənclərin təhsili, mənəvi-əxlaqi tərbiyəsi, sağlamlığı, asudə vaxtının düzgün təşkili, hüquqlarının müdafiəsi, istedadlı gənclərin dəstəklənməsi və s. məsələləri əhatə edir. Azərbaycan Prezidenti: Müharibədə əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində söyləmişdir. “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”
Bir sözlə, dövlət siyasətinin əsas istiqamətlərindən olan gənclər siyasəti gənc fərdlərin, beləliklə də, cəmiyyətin və ölkənin sürətli, hərtərəfli inkişafını təmin edir.
Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti gənclərin milli ruhda tərbiyəsi, onların təhsil alması və ölkənin sosial-iqtisadi həyatında fəal iştirakını təmin etməyə yönəlmişdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması və 1996-cı ildə Azərbaycan gənclərinin I Forumu gənclərlə bağlı sistemli siyasətin əsasını qoydu. Məhz bu forumun nəticəsi olaraq 2 fevral 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Bu, gənclərin ölkənin sosial və ictimai həyatında mühüm rol oynadığını və dövlət tərəfindən onların inkişafına xüsusi diqqət yetirildiyini göstərirdi.
Ulu öndər Heydər Əliyevin başlatdığı gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müasir çağırışlara uyğun şəkildə davam etdirildi. Cənab Prezident İlham Əliyev hər zaman gənclərin ölkənin inkişafında aparıcı qüvvə olduğunu vurğulamış və onların potensialını reallaşdırmaq üçün geniş imkanlar yaradıldığını bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında gənclərlə bağlı fikirləri, dövlətin bu sahəyə ayırdığı diqqətin əyani göstəricisidir. Məsələn, 2023-cü ildə Gənclər Günündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev vurğulamışdır:
“Müstəqilliyimizin ilk illərində gənclərin problemləri kifayət qədər çox idi. Lakin biz elə bir dövlət qurmuşuq ki, bu gün Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri ilə bərabər addımlayır, müxtəlif sahələrdə öz sözlərini deyirlər”.
Hazırda Azərbaycanda gənclərin təhsil alması, peşəkar inkişafı, startap və innovasiya sahəsində iştirakının genişləndirilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Dövlətin dəstəyi ilə yaradılan Gənclər Fondu, Gənclər Mərkəzləri, ASAN Xidmət və DOST mərkəzləri gənclərin sosial aktivliyini artırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasını gücləndirir. Xüsusilə, gənclərin könüllülük hərəkatına qoşulması, ictimai-siyasi fəaliyyətlərdə iştirakı və beynəlxalq arenada Azərbaycanın maraqlarını təmsil etməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bundan əlavə, Gənclər Fondu vasitəsilə hər il müxtəlif layihələr və startap təşəbbüsləri maliyyələşdirilir. Bu, gənclərin innovativ düşüncəsini stimullaşdırır və onların yeni ideyalarını reallaşdırmasına şərait yaradır. Son illərdə Azərbaycanda startap ekosisteminin inkişafı da məhz gənclərin bu sahədə fəallığının nəticəsidir. Rəqəmsal texnologiyalar, süni intellekt və digər innovativ sahələr üzrə yeni təşəbbüslər ölkənin iqtisadi potensialını gücləndirməklə yanaşı, gənclərin iş dünyasına inteqrasiyasını da sürətləndirir. Ölkə başçısı daim gənclərin innovasiya və texnologiya sahələrində irəliləməsini dəstəklədiyini bildirir. O, gənclərin ölkənin elmi-texnoloji inkişafında önəmli rol oynadığını qeyd edərək deyib:
“Bizim gələcəyimiz innovasiyalara, biliklərə əsaslanır. Gənclərimiz yeni texnologiyalara yiyələnməli, startap ekosistemini inkişaf etdirməli və ölkəmizi elmi tərəqqi yoluna çıxarmalıdırlar”.
Bu sözlər sübut edir ki, dövlət siyasəti təkcə gənclərin sosial rifahını təmin etməklə məhdudlaşmır, onların kreativliyini və intellektual inkişafını dəstəkləməklə daha geniş perspektivlər açır.
Gənclərin beynəlxalq tədbirlərdə iştirak etməsi onların qlobal məsələlərdə söz sahibi olmasına və Azərbaycanın dünyada daha geniş tanınmasına şərait yaradır. Xüsusilə, 2024-cü ildə Bakıda keçirilən COP29 İqlim Konfransı Azərbaycan üçün mühüm beynəlxalq tədbir olmaqla yanaşı, gənclərin fəallığının və könüllülük hərəkatının güclənməsi baxımından da əhəmiyyətli rol oynadı. Bu mötəbər tədbirdə Azərbaycan gəncləri həm iştirakçı, həm də könüllü kimi fəal şəkildə yer aldılar. Dövlətin gənclərə yaratdığı imkanlar sayəsində yüzlərlə gənc COP29 çərçivəsində müxtəlif təşkilati işlərdə iştirak etdi, ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərdə yer aldı və beynəlxalq qonaqlarla əməkdaşlıq qurmaq imkanı əldə etdi.
Könüllülük proqramı çərçivəsində gənclər COP29-da müxtəlif sahələrdə fəaliyyət göstərərək konfransın yüksək səviyyədə keçirilməsinə töhfə verdilər. Onlar tədbirin təşkilati məsələlərində, qonaqların qarşılanması və müşayiət olunmasında, informasiya təminatında və müxtəlif panellərin idarə olunmasında mühüm rol oynadılar. Bu könüllülük proqramı sayəsində gənclər beynəlxalq tədbirlərin təşkilatçılığı sahəsində təcrübə qazandılar, eyni zamanda, ekoloji problemlər və dayanıqlı inkişaf mövzusunda bilik və bacarıqlarını artırdılar.
Azərbaycan gəncləri müxtəlif beynəlxalq idman yarışlarında, elmi olimpiadalarda və mədəni tədbirlərdə ölkəni uğurla təmsil edirlər. Onların qazandığı nailiyyətlər, idman sahəsindəki qələbələri və elmi yenilikləri Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman və gənclər siyasəti çərçivəsində yaradılan şərait nəticəsində ölkəmizdə idman infrastrukturu genişləndirilib, gənclərin bu sahədə uğur qazanması üçün lazımi imkanlar təmin edilib.
Azərbaycanın gənclər siyasəti onların sosial rifahının yüksəldilməsi, elm və təhsil sahəsində inkişafı, innovativ layihələrə qoşulması və beynəlxalq arenada fəal rol oynamasına yönəlmişdir. Cənab Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı siyasət onların potensialının tam şəkildə reallaşmasına xidmət edir və Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut edir. Dövlətin davamlı olaraq gənclərə dəstək verməsi onların daha təşəbbüskar, fəal və innovativ olmasına imkan yaradır. Azərbaycanın gələcəyi məhz bu gənclərin üzərində qurulacaq və onların ölkənin inkişafında oynadığı rol ildən-ilə daha da güclənəcəkdir.
Bu gün Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də fəal rol oynayır. Gənclərl müxtəlif qlobal layihələrə qoşulur, elmi konfranslarda, idman yarışlarında, ekoloji və sosial təşəbbüslərdə Azərbaycanı təmsil edirlər. Gənclərin ölkənin inkişafına verdiyi töhfələr, onların sosial məsuliyyəti və innovativ yanaşmaları Azərbaycanın gələcək perspektivlərini müəyyənləşdirir. Dövlət başçısının gənclərlə mütəmadi görüşlər keçirməsi, onların təşəbbüslərinə dəstək verməsi və yeni imkanlar yaratması gənclərin inkişafı üçün geniş perspektivlər açır. Azərbaycanın gənclər siyasəti onların potensialını maksimum reallaşdırmağa və ölkənin hərtərəfli inkişafına töhfə verməyə istiqamətlənmişdir.
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent