Dünya Azərbaycanlılarının Həmrəyliyi: Müstəqil Azərbaycan Dövlətinin Gücü və Milli Həmrəylik Ruhu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il 31 Dekabr tarixində qeyd edilən milli birlik və həmrəylik bayramıdır. Ümummilli Lider Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.Bu gün dünya miqyasında yaşayan azərbaycanlıları bir araya gətirərək, onların milli kimliyini qorumaq və Azərbaycan dövləti ilə əlaqələrini daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycanın tarixi və mədəniyyətini yaşatmaq, xaricdəki soydaşlarımız arasında birlik yaratmaq, həmçinin azərbaycançılıq ideologiyasını təbliğ etmək baxımından bu gün xüsusi əhəmiyyətə malikdir.
Bu bayramın təsis olunması, dünya azərbaycanlılarının birliyini möhkəmləndirmək məqsədilə atılmış strateji addımlardan biri kimi tarixdə yer alır. 1989-1991-ci illərin mürəkkəb siyasi dövründə, milli hərəkatların yüksəlişi və SSRİ-nin dağılması fonunda həmrəylik ideyasının meydana çıxması, azərbaycançılıq ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycanlıların bir millət kimi özlərini dərk etməsi və Vətənə bağlılığını gücləndirmək üçün yaradılan bu gün, ümummilli həmrəyliyin rəmzi hesab edilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi bu bayramı hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Azərbaycançılıq Siyasəti və Ümummilli Lider Heydər Əliyevin Rolu
Azərbaycançılıq – bu anlayış təkcə bir millətin adı deyil, eyni zamanda milli ruhun, kimliyin, tarix və mədəniyyətin, dövlətçilik irsinin ifadəsidir. Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyi, müstəqilliyi və tarixi yaddaşını qorumaq məqsədilə yaradılmış və inkişaf etdirilmişdir. Bu ideologiyanın memarı isə Ümummilli Lider Heydər Əliyevdir. O, Azərbaycan xalqını milli kimliyinə sahib çıxmağa çağırmaqla yanaşı, azərbaycançılığı bir ideoloji sistem kimi formalaşdırmışdır.
Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, azərbaycançılıq milli dəyərlərə, vətənpərvərlik ruhuna söykənir. Bu ideologiya milləti birləşdirir, ölkəni qüdrətli edir, Azərbaycanı dünya xəritəsində sadəcə bir coğrafi ərazi yox, həm də güclü mədəniyyət və milli irs sahibi kimi tanıdır. Heydər Əliyev azərbaycançılığı təkcə milli birliyin deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin təməl daşı kimi görürdü.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılığı
Azərbaycançılığın dövlət siyasətinə çevrilməsi asan bir proses olmamışdır. SSRİ-nin tərkibində olan Azərbaycan, 1970-ci illərdə milli dəyərlərini qorumaq üçün ciddi təzyiqlərlə üzləşirdi. Lakin həmin illərdə Azərbaycanın rəhbəri olan Heydər Əliyev, bu təzyiqlərə qarşı çıxaraq milli dəyərlərin qorunması istiqamətində tarixi addımlar atdı.
• 1978-ci il Konstitusiyası:

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimlik məsələsində böyük bir qələbə idi. SSRİ-nin digər respublikalarında dövlət dili məsələsi bu qədər ön plana çıxarılmadığı halda, Heydər Əliyev bunun vacibliyini dərindən anlayırdı. Bu, azərbaycançılığın ilkin təzahürü idi.
• Mədəniyyətin Qorunması:

Ulu öndər Heydər Əliyev milli mədəniyyətin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan teatrı, musiqisi və ədəbiyyatı məhz onun dövründə inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu siyasət, milli kimliyin qorunmasında və gücləndirilməsində mühüm rol oynadı.

1990-cı illərin Çağırışı və Azərbaycançılığın Dövlət Səviyyəsinə Qaldırılması
1991-ci ildə SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyini əldə etməsi azərbaycançılıq ideologiyasının yeni bir mərhələyə keçidinə səbəb oldu. Lakin bu dövr həm də çətinliklərlə dolu idi. Azərbaycan müstəqilliyini yenicə əldə etmiş, daxili siyasi və iqtisadi böhranla üz-üzə qalmışdı. Məhz belə bir dövrdə Ulu öndər Heydər Əliyev, xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq, milli dövlətçiliyi möhkəmləndirmək üçün əsaslı tədbirlər gördü.
• Azərbaycançılıq ideologiyası milli siyasətin mərkəzinə qoyuldu:
Ulu öndər Heydər Əliyev azərbaycançılığı yalnız daxildə deyil, xaricdə yaşayan azərbaycanlılar arasında da milli həmrəyliyin möhkəmləndirilməsi üçün əsas vasitə kimi qəbul etdi. Dünya azərbaycanlılarının təşkilatlanması, onların milli maraqlar ətrafında birləşməsi onun prioritetləri arasında idi.
• 1991-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü:
16 dekabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin qərarı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi . Bu gün Azərbaycan xalqının milli birlik rəmzinə çevrildi və hər il dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunmağa başladı.

Ulu öndər Heydər Əliyevin Mirası və Diasporun Gücləndirilməsi
Heydər Əliyev yalnız Azərbaycandakı xalqı birləşdirməklə kifayətlənmədi. O, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər gördü.
• 2001-ci il Dünya Azərbaycanlılarının I Qurultayı:
Bu qurultay Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda təşkil edildi. Qurultayda dünyanın müxtəlif ölkələrindən 400-dən çox nümayəndə iştirak etdi. Bu tədbir, diasporun təşkilatlanması və dünya azərbaycanlılarının milli həmrəylik ideyası ətrafında birləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edirdi. Qurultayda Heydər Əliyevin proqram xarakterli çıxışı azərbaycançılıq ideologiyasının təməl prinsiplərini müəyyənləşdirdi.

Azərbaycançılıq: Millətdən Dövlətə
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasəti, yalnız milli birliyi deyil, eyni zamanda müasir Azərbaycan dövlətinin təməllərini möhkəmləndirdi. Onun siyasəti ilə azərbaycançılıq yalnız daxili məsələlər üçün deyil, həm də beynəlxalq arenada Azərbaycanın maraqlarının müdafiəsi üçün ideoloji əsas oldu..
Azərbaycançılıq siyasəti, ulu öndər Heydər Əliyevin qoyduğu irs olaraq bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, azərbaycançılığı həm milli birlik, həm də qlobal siyasi münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirən konsepsiya kimi inkişaf etdirir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycançılıq Siyasəti: Dünya Azərbaycanlılarının Həmrəyliyinin Yeni Zirvələri
Azərbaycan xalqının milli iradəsini, mədəniyyətini və dövlətçilik ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni zirvələrə yüksəldi. Dünya azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin siyasəti, yalnız Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsini təmin etmədi, həm də dünyada yaşayan milyonlarla azərbaycanlının milli birliyini daha güclü bir şəkildə təmin etdi. Bu siyasət dünya azərbaycanlılarının həmrəyliyini əbədi bir amal kimi formalaşdırdı.
Azərbaycançılığın Beynəlxalq Səviyyəyə Qaldırılması
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün azərbaycançılıq təkcə milli birlik konsepsiyası deyil, həm də Azərbaycanın qlobal miqyasda tanınması, milli maraqlarımızın beynəlxalq arenada müdafiəsi üçün vacib bir ideoloji vasitədir . Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasət bir neçə əsas prinsip üzərində qurulmuşdur:
1. Diasporun Gücləndirilməsi:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların daha fəal şəkildə təşkilatlanmasını və Vətənlə əlaqələrinin möhkəmləndirilməsini öz siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. O, xarici ölkələrdəki azərbaycanlıların milli mənsubiyyətlərini unutmaması və mədəni irsə sahib çıxması üçün xüsusi tədbirlər həyata keçirmişdir.
o 2006-cı il – Dünya Azərbaycanlılarının II Qurultayı:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə keçirilən bu qurultay, dünya azərbaycanlılarının bir araya gəlməsi və diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası baxımından mühüm rol oynadı. Qurultayda Azərbaycan diasporunun qarşısında duran vəzifələr və gələcək fəaliyyət strategiyaları müzakirə edildi.
2. Türk Dövlətləri Təşkilatının 2022-ci ilin noyabrında Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən IX Zirvə toplantısında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşərək xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini, dilimizi, ənənələrimizi mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəyini bildirmişdir.
3. Milli Həmrəylik Ruhu:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hər il qeyd edilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, artıq bütün dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Prezident bu günün əhəmiyyətini xüsusi vurğulayaraq, dünya azərbaycanlılarının milli maraqlar ətrafında birləşməsini təmin etmişdir.
4. Xarici Azərbaycanlıların Hüquqlarının Müdafiəsi:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini də daim diqqət mərkəzində saxlamışdır. Prezident, hər bir azərbaycanlının yaşadığı ölkədə milli kimliyini qoruyaraq rahat yaşamasını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirmişdir. Bu istiqamətdə diaspor təşkilatları ilə sıx əməkdaşlıq edilmişdir.

44 Günlük Vətən Müharibəsi: Azərbaycançılığın Həmrəyliklə Güclənməsi
2020-ci ildə 44 günlük Vətən müharibəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycançılıq siyasətinin və dünya azərbaycanlılarının həmrəylik ruhunun parlaq təcəssümüdür. Bu müharibə zamanı dünya azərbaycanlıları bir yumruq kimi birləşərək Azərbaycanın haqq səsini müdafiə etməyə qalxmışdır.
• Xaricdə Azərbaycan Həqiqətlərinin Təbliği:
Müharibə zamanı xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq mübarizəsini çatdırmaq üçün aktiv rol oynadılar. Müxtəlif ölkələrdə keçirilən etiraz aksiyaları, informasiya müharibəsində fəallıq dünya azərbaycanlılarının həmrəyliyini bir daha sübut etdi.
• Prezidentin Liderliyi:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük müharibə boyunca dünya azərbaycanlılarına müraciətlərində birlik və həmrəyliyin əhəmiyyətini vurğulamışdır. Prezidentin “Biz hamımız bir millətik və Azərbaycanın gücü bu həmrəylikdədir” sözləri hər bir azərbaycanlının ürəyində dərin iz buraxmışdır.

Azərbaycançılığın Yeni Zirvələri: Dünya azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin Töhfələri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycançılıq siyasəti, milli birlik anlayışını beynəlxalq miqyasda yeni bir səviyyəyə qaldırdı. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dünya azərbaycanlılarının Azərbaycan ətrafında daha sıx birləşməsinə səbəb oldu.
1. Azərbaycan Diasporuna Dövlət Dəstəyi:
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, cənab İlham Əliyevin rəhbərliyi altında diaspor təşkilatlarına daha geniş dəstək göstərməyə başlamışdır. Bu qurum vasitəsilə xarici ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli və Azərbaycan mədəniyyətinin təbliği istiqamətində genişmiqyaslı tədbirlər görülür.
2. Mədəni İrsin Qorunması və Təbliği:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycançılığı mədəni irsimizin dünyada tanınması üçün mühüm vasitə kimi görür. Qarabağ zəfərindən sonra Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Prezidentin bu sahədəki siyasətinin əsas nümunələrindən biridir. Şuşada keçirilən mədəni tədbirlər dünya azərbaycanlılarını milli irsimiz ətrafında daha da sıx birləşdirir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, güclü bir dövlət olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının birliyi üçün ümumbəşəri bir dəyərə çevrilmişdir. Bu birlik isə Azərbaycanın gələcək zəfərlərinin ən böyük təminatıdır.
Azərbaycançılıq ideologiyası, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni zirvələrə çatdırdığı bir milli birlik fəlsəfəsidir. Bu siyasət Azərbaycan xalqının tarixi irsini qorumaqla yanaşı, onu qlobal miqyasda tanıtmaq, müstəqilliyimizi möhkəmləndirmək və dünya azərbaycanlılarının həmrəyliyini təmin etmək məqsədi daşıyır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında azərbaycançılıq milli dəyərlərin qorunması və mədəniyyətin inkişaf etdirilməsi ilə başlamışdır. Ümummilli Lider , milli birliyimizi ideoloji əsaslarla gücləndirərək, azərbaycançılığı Azərbaycan dövlətinin rəsmi siyasətinə çevirdi. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi və 1991-ci ildə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi kimi tarixi qərarlar bu siyasətin əlamətdar hadisələrindən idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ideologiyanı yeni tarixi şəraitdə daha da inkişaf etdirərək, azərbaycançılıq siyasətini beynəlxalq müstəviyə çıxardı. Prezidentin diaspor təşkilatlarını gücləndirməsi, dünya azərbaycanlılarının Vətənlə əlaqələrini möhkəmləndirməsi və beynəlxalq arenada Azərbaycanın milli maraqlarını müdafiə etməsi bu siyasətin əsas elementləri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həmrəylik anlayışı yalnız bir milli bayram çərçivəsində qeyd edilməklə kifayətlənmədi. Bu gün dünya azərbaycanlılarının hərəkətverici gücü olan vahid milli ideyaya çevrildi. Həmrəylik ruhu, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi. Xaricdə yaşayan azərbaycanlılar həm informasiya müharibəsində, həm də siyasi arenalarda Azərbaycanın haqq səsini müdafiə etdilər. Bu, azərbaycançılıq ideologiyasının gücləndiyini və dünya azərbaycanlılarının milli maraqlar ətrafında sıx birləşdiyini göstərdi.
Qarabağ münaqişəsinin Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşması azərbaycançılığın yalnız ideologiya deyil, həm də milli iradənin və dövlətçiliyin gücünün təzahürü olduğunu göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın yenidənqurma və inkişaf planları, xüsusilə Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, azərbaycançılığın həm milli birlik, həm də mədəni irsimizin qorunması məqsədinə xidmət etdiyini sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycançılıq siyasətini qloballaşan dünyanın yeni çağırışlarına uyğunlaşdırmağı bacardı. Hazırda bu ideologiya, xaricdə yaşayan azərbaycanlıların daha sıx təşkilatlanmasını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını və Vətənlə bağlılığın gücləndirilməsini nəzərdə tutur.
Azərbaycançılıq, Ulu öndər Heydər Əliyevin azərbaycanlıları tarixi irsinə sahib çıxmağa çağırması ilə başladı və Prezident cənab İlham Əliyevin liderliyi ilə beynəlxalq bir dəyərə çevrildi. Bu ideologiya artıq yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır; o, dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün milli kimlik və həmrəylik platformasıdır.
Bu siyasət, Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qorumaqla yanaşı, həm də Azərbaycan xalqını birləşdirən və irəli aparan gücdür. Azərbaycançılıq bu gün yalnız bir ideologiya deyil, həm də gələcək nəslə miras qoyulacaq əbədi bir missiyadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bu ideologiya, Azərbaycanın daha da inkişaf etməsini, dünya azərbaycanlılarının birliyini və milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiəsini təmin edəcək əsas təməldir.
Azərbaycançılıq ideologiyası ilə hərəkət edən Azərbaycan xalqı və dünya azərbaycanlıları, daha böyük nailiyyətlərə imza atacaq, ölkəmizi yeni qələbələrə daşıyacaqdır. Bu, xalqımızın həm milli kimliyini qorumaq, həm də gələcəyə inamla addımlamaq üçün tutduğu yoldur.
Azərbaycan xalqı sözü ilə əməli bir-birini tamamlayan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi , Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, tarix yazan və yaradan Lider, azad Qarabağın memarı , Azərbaycanı daha uğurlu gələcəyə aparan güclü Lider Cənab İlham Əliyevə güvənir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək üçün göstərdiyi siyasi iradənin realizəsi üçün cəmiyyətin bütün inkişaf aspektlərini əhatə edən silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası qalib dövlətə , xalqımız qalib xalqa çevrildi. Qazanılan bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Liderliyinin təntənəsidir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.

 

s.e.f.d., dos. Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə Fakültəsinin Dekanı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR