Penitensiar Xidmətdə real vəziyyət, görülən işlər və perspektivlər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bəri başdan qeyd edim ki, dövlət idarəetməsində elə sahələr var ki, vətəndaşlar həmin strukturlara daha çox müraciət edir, xidmətlərindən daim istifadə edirlər və hətta ən peşəkar, obyektiv və mükəmməl idarəetmə qurulsa belə, onun fəaliyyətinin cəmiyyətdə tam qənaətbəxş hesab ediləcəyini əminliklə demək olmur. Böyük ehtimalla bu sahədə kimlərisə qane etməyən məqamlar, nöqsanlar tapılır və həmin orqan tənqid və iradlar hədəfində olur. Bu sahələrdən biri də (deyərdim hətta birincisi)  Ədliyyə Nazirliyinə daxil olan strukturlardır (xüsusilə də Penitensiar Xidmət). Belə bir deyim də var, “insan anadan olandan dünyasını dəyişənədək Ədliyyə Nazirliyinin xidmətlərindən istifadə edir”.

Bu mənada Ədliyyə Nazirliyi strukturlarının fəaliyyəti həm ölkə əhalisinin, həm də beynəlxalq təşkilatların diqqət mərkəzindədir və gözləntilər də daha çoxdur.

Ölkədə, ələxüsusda ədliyyə sistemində gedən proseslərdən müəyyən məlumatı olanlar yəqin bilir ki, on ildən artıqdır ki, ölkədə məhkəmə-hüquq sistemində, o cümlədən ədliyyə orqanlarında ciddi islahatlar həyata keçirilir, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları aparılır. Bu mənada Ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə görülən ardıcıl tədbirləri qeyd etməmək olmaz. Dövlət başçısının bu fərmanı cəmiyyətin məhkəmələrə inamının daha da artırılması, hər kəsin qanun qarşısında bərabərliyi, cəza siyasətinin yumşaldılması, vətəndaşların və sahibkarların məhkəməyə müraciətlərinin asanlaşdırılması, həmçinin məhkəmələrin müstəqilliyinin və digər məsələlərin təmin edilməsini Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar qarşısında vəzifə kimi qoyub.  Ötən beş il ərzində Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birgə qarşıya qoyulan tapşırıqların səmərəli icrası ilə bağlı geniş tədbirlərə start verib, sözügedən fərmanın icrasından irəli gələn əhəmiyyətli addımlar atılıb.

Görülən işlərin əhəmiyyətinin diqqətə çatdırmaq üçün bir bir neçə nümunə göstərmək kifayətdir. Belə ki, ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə də xüsusi diqqət yetirilib. Ədliyyə Nazirliyi tərəfindən elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan xüsusi elektron notariat “çanta”sı hazırlanıb. Yalnız Azərbaycanda mövcud olan və sərhəddə, hava, dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan “Elektron Ədliyyə köşkü” vasitəsilə isə məsafədən ədliyyə xidmətlərini göstərmək mümkündür. Digər bir yenilik isə “Mobil notariat” proqram təminatıdır. Vətəndaşlar notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi xidmətindən səmərəli bəhrələnirlər.

Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq  cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub və Ədliyyə Nazirliyi də bu sərəncamdan irəli gələn vəzifələri uğurla yerinə yetirir.

Əlbəttə ki, Ədliyyə Nazirliyinin nümunəvi fəaliyyətindən, nailiyyətlətindən danışarkən digər bir sahəni də mütləq qeyd etmək lazımdır. Yəni, ölkədə həyata keçirilən vacib ictimai-siyasi istiqamətlərdən biri kimi, şəffalılıq, hesabatlılıq, ictimai iştirakçılıqla bağlı həyata keçirilən fəaliyyət barədə mübaliğəsiz və əminliklə demək olar ki, Ədliyyə Nazirliyinin bu sahənin “avanqardı” olub və ən qabaqcıl, mütərəqqi və effektiv təcrübə kimi ölkədə və hətta beynəlxaql aləmdə nümunə kimi təqdim olunmağa layiqdir.

Şübhəsiz ki, görülən işlər barədə çox fikirlər söyləmək, müxtəlif faktlara istinad etmək olar. Lakin bu prosesdə uzun illər cəmiyyətdə formalaşmış bir təzadlı məqam da olub. Yəni, aparılan islahatlara, əldə edilən uğurlara rəğmən, sanki Ədliyyə Nazirliyinin müsbət fəaliyyətini və imicini ləkələyən, prosesi ləngidən, ümumilikdə isə ölkədəki həyata keçirlən islahatlar prosesinə mənfi təsir edən, vətəndaşların daim tənqid və iradlarının hədəfi olan bir sahə kimi də çox zaman Penitensiar Xidmət də qeyd edilib.  Hələ bir il əvvəl ölkə mətbuatı Ədliyyə Nazirliyində həyata keçirilən islahatlardan yazsa da, Penitensiar Xidmətdə mövcud olan çoxsaylı problemlər, tənqidlər və s. bağlı kifayət qədər  materialların dərc olunduğu da  diqqətdən qaçmır.

Axı nədən bütün bu görülən işlərə, müsbət dəyişiklərə, uğurlara baxmayaraq,  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə bağlı bu qədər çoxlu suallar, narazılıqlar səslənib? Niyə  bu sahə nöqsanlardan xilas ola bilmirdi? Bu Xidmətlə, xidmətin ayrı-ayrı sahələrinə olan qanunsuzluqlar, hüquq pozuntuları ilə bağlı söz-söhbətlər, giley-güzarlar ölkə hüdudlarını aşaraq, dövlətimzin beynəlxalq imicini də ciddi zərbə altına qoyurdu. Beynəlxaql təşkilatların, o cümlədən İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT)  hesabatalarında, araşdırmalar nəticəsində üzə çıxarılan nöqsanlar, cəzaçəkmə müəssisələrindəki acınacaqlı durum, ən pisi də edilən  tövsiyələrin, verilən rəylərin  isə qulaqardına vurulması,  bu qurumun fəaliyyətində müsbət dəyişiklərin olmaması, iradların nəzərə alınmaması qeyd olunurdu.

Amma, deyəsən nəhayət ki, “buzlar əriməyə başlayır”. Yəni Ədliyyə Nazirliyində həyata keçirilən islahatların yeni bir mərhələyə keçməsi, baş verən proseslərin intensiv formada davam etdirilməsi və Penitensiar Xidmətin özündə baş verən idarəetmə və struktur dəyişikləri, bu sahədə ciddi islahatların həyata keçirlməsini şərtləndirdi.  Ədliyyə sistemində həyata keçilən islahatlar daha da dərinləşməkdə davam edir, əminən ki, əldə olunan uğurlar inkişaf etdiriləcək, mümkün nöqsan və qüsurların tez bir zamandan aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirləcək. Bu mənada məhz Penitensiar Xidmətdə baş verən müsbət dəyişiklər (təbii ki, söhbət yalnız təmir-tikinti, abadlıq işlərindən getmir, hərçəndi ki, bu sahədə də kifayət qədər işlər görülür) böyük əhəmiyyət kəsb edir, şübhəsiz ki, bu Ədliyyə Nazirliyinin ölkədə nüfuzuna müsbət təsir edəcək, əhalinin bu quruma olan inamını artıracaq, bu həm də dövlətimizin beynəlxalq imicinə müsbət təsir edəcək.

Hesab edirik ki, ekspertlərin araşdırmalarına, tədqiqatlara və müşahidələrə görə bu sahədə real vəziyyət- mümkün nöqsanları, boşluqları ilə yanaşı əldə olunan müsbət dəyişiklərin də vətəndaşların, ictimaiyyətin diqqətinə çatdırılması islahatlar prosesinin tərkib hissəsi olmalıdır. Bu araşdırmaların və tədqiqatların nəticələrinə istinadən əminliklə qeyd etmək olar ki, son ilədək Penitesiar xidmət və onun strukturuna daxil olan cəzaçəkmə müəsissələri barədə bəzi xoşagəlməz və hətta ikrah doğrucu – “məhkumların hüquqlarının kobud şəkildə pozulması”, “CÇM-də məhkumların narkotik vasitələrdən istifadə etməsi”, “məhkumların tibb, ərzaq və digər təminatlardan yararlana bilmələri üçün rüşvət verməsi”, “gigiyena qaydaları, hamam-tualet şəraiti bərbad durumda olması”, “CÇM-nin əməkdaşlarının bu və digər bahanələrlə məhkumlardan rüşvət tələb etməsi” və s. bu kimi söz-söhbətlər və xəbərlər demək olar ki, artıq eşidilmir ya da sayı kəskin şəkildə azalıb. Əksinə məhkumlarla qohumlarının qısa və uzun müddətli görüşlər, bağlama və sövqatların verilməsi prosesində “rüşvətin tamamilə yığışdırılması, prosesin tamamilə ödənişsiz olması”, “cəzaçəkmə müəssisələrində ərzaq təminatı və qida ilə bağlı  dəyişiklərin olması, keyfiyyətin ciddi şəkildə artması”, “CÇM-də gigiyenik vasitələrin, dərmanların, tibb xidmətin, hamamdan istifadənin artıq pulsuz olması”, “işə qəbul olunmanın əvvəlki illərdən fərqli olaraq tamamilə rüşvətsiz və tapşırıqsız olması” və s. ilə bağlı vətəndaşların, o cümlədən məhkumların yaxınlarının  çox saylı fikir və rəylərinin şahidi oluruq. Bu kimi məlumatlar bir daha deməyə əsas verir ki, Ədliyyə Nazirliyinin bəzi qurumları kimi Penitensiar Xidmət sahəsində də ciddi islahatlara start verilib.

Əlbəttə ki, Penitensiar Xidmətdə bu gün problemlərin tamamilə aradan qaldırıldığını, hər hansı nöqsanın olmadığı  iddia etmək ən azı inandırıcı olmazdı və qeyri-ciddi  görünərdi. On illərlə yığılıb toplanmış problemləri (əslində isə məqsədli şəkildə qurulmuş mexanizmi) qısa müddətdə həll etmək, idarəetmə sistemini dəyişdirmək, yenidən qurmaq mümkün deyil. Ölkənin ədliyyə sistemində, eləcə də Penitensiar Xidmətdə hələ də çoxsaylı islahatlara ehtiyac var. Həm də  bu islahatlar sözdə islahat deyil, real, həqiqi islahatlar olmalıdır. Amma aparılan islahatların, dəyişiklərin, görülən işlərin intensivliyi, ən əsası da bu sahəyə məsul şəxslərin, görəv sahiblərinin niyyəti, səmimiyyət və qətiyyəti ölkənin ən çətin və qalmaqallı sferalarından birində də uğurlar əldə ediləcəyinə inam yaradır.

Eyni zamanda Ədliyyə Nazirliyi strukturlarında, o cümlədən Penitesiar Xidmətdə görülən işlərin daha uğurlu nəticələrə nail olunması üçün, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının, bu sahədə ixtisaslaşmış kənar, müstəqil ekspertlərin və s. iştirakı və dəstəyi mühüm amildir. Belə ki, bir qayda olaraq nöqsanlar, çatışmazlıqlar kənardan, obyektiv baxışlarla daha yaxşı görünür. Hesab edirik ki, bu baxımdan, islahatların uğurla davam etdirilməsi üçün görüləcək işlərlə bağlı intensivliyi və səmərəliliyi artırmaq üçün əsas prioritetləri  diqqət mərkəzinə gətirməyə ehtiyac var. Bu prioritetlərdən aşağıdakıları qeyd etmək olar: keyfiyyətli, məqsədyönlü struktur dəyişikləri və uğurlu kadr seçimləri, əməkdaşların maddi təminatı və sosial müdafiəsi bağlı dəyişiklər, əməkdaşların peşakarlıq səviyyəsinin, bilik və bacarqılarının artırılması, məhkumların islah olunması ilə bağlı yeni metod və vasitələrin işlənib hazırlanması və tədbiq edilməsi, məhkumların saxlanma şəratinin yaxşılaşdırlması, məhkumların vaxtından əvvəl şərti azadlığa buraxılması və ya rejimin dəyişdirilməsi insitutu və bununla bağlı prosedurun yenidən işlənməsi və təkminləşdirilməsi,  qanunvericlikdə, xüsusilə də Azərbaycan Respublikası Cəzaların İcrası Məclləsinin təkmilləşdirlməsi, prioritetlər üzrə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi  və s.

Qeyd olunan istiqamətlərin bəziləri üzrə hazırda mövcud olan, cəmiyyətdə hallandırılan problemləri də daha diqqətlə təhlil etmək daim fokus mərkəzində saxlamaq da vacib şərtdir.  Qənaətlərimizə görə, bu günə aktual olan, öz həllini gözləyən  məsələlərdən biri də, cəzaçəmə müəsissələrindəki vəziyyət, məhkumların saxlanma şəraiti ilə bağlıdır, Belə ki, son illər bir neçə müasir standartlara cavab verən yeni müəsissələrin tikilməsinə, köhnələrin təmiri və ümumilkdə bu istiqamət üzrə göstərilən səylərə baxmayaraq, cəzaçəkmə müəssisələrində sıxlıq problemi hələ də qalmaqdadır. Köhnə CÇM-də tikililərin köhnə və istismar müddətinin başa çatması və müasir standartlara cavab verməməsi də məhkumların saxlanma şəraiti ilə bağlı əlavə çətinliklər yaradır. Məhkumların saxlanması ilə bağlı bir neçə digər məsələlərə – qısa və uzun müddətli görüşlərin müddəti, ailələri ilə əlaqə saxlamaq üçün müasir texnologiyalardan (görüntülü zəng) istifadə etmək imkanı yaradılması və s. məsələlərə də yenidən baxıla bilər.

Diqqəti çəkən, təcili həllini gözləyən əhəmiyyətli məsələlərdən biri də cəzaçəkmə müəssilərində  personalın sayının kifayət qədər olmaması, bütövlükdə əməkdaşlarının əməkhaqqının aşağı olmasıdır. Məhz bu amillər də Penitensiar Xidmət sahəsində əməkdaşların sosial vəziyyətinin yaxşıladırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı çətinliklərə səbəb olur.

Hesab edirik, məhkumların islah olunması, onların reabilitasiyası və yenidən cəmiyyətə adaptasiyası məqsədi ilə tədbirlər təkminlləşdirlməlidir Belə ki, islah prosesinin əhəmiyyətli seqmentlərindən bir də məhkumların məşğulluğu, əməyə cəlb edilməsi və asudə vaxtın təşkili məsələsidir. Əvvəllərdə CÇM-nin istehsal zonalarında olan az sayda iş yerləri ilə bağlı son illər hiss olunacaq artım tempi müşahidə olunsa da, bu ümumi məhkumların sayına nisbətdə hələ də kişik rəqəm olaraq qalır, əməyin mexanizasiyasının minimum olması, yeni texniki avadalıqların, dəzgahların və sifarişlərin kifayət qədər olmaması məhkumların işə cəlb olunması əmsalını aşağı olmasına səbəb olur. Ailələrinə maddi yardım etmək və əmək vərdişlərini, sosiallaşmanı itirməmək və s. baxımından vacib olan əməyə cəlb olunma problemi kifayət qədər aktualdır. İşləmək istəyən məhkumların hamısının işə cəlb olunmasının mümkünsüz olması, bu müəssisələrin islah missiyasını səviyyəsini aşağı salır.  Penitensiar sistemin məhkumların sadəcə olaraq, təcrid olunaraq saxlandığı, bəzi hallarda isə cinayətkarların gənc nəslinin yetişdirildiyi məkan deyil, məhkumların özləri ailələri üçün pul qazanan adamlar kimi təsdiq edə bilmələri, hətta yeni peşələrə yiyələnərək, təcrübə toplamları üçün işlə təmin olunması, beləliklə də onların  reabilitasiyası və adaptasiyası üçün şəraitin yaradılması üçün xüsusi dövlət proqramlarının hazırlanamsına, bəzi dövlət sifarişlərinin (xüsusilə də səhiyyə və təhsil müəsissəllərində tələb olunan avadanlıq və ləvazimatlarla bağlı) məhz Penitensiar müəsissələrə verilməsi bütün mənalarda faydalı ola bilərdi.   ..

Əlbəttə ki, bütün sahələrdə olduğu kimi Penitensiar Xidmətdə də ən böyük uğur bütün əməkdaşların qanunvericiliyin tələblərinə tabe olması və bütün fəaliyyətin, münasibətlərin normativ aktlar çərçivəsində qurulmasını şərtləndirir. Lakin, təəssüf ki, bəzən qanunvericlikdə bəzi boşluqların olması, bu qanunların tələblərinin pozulmasına şərait yaradır. Yəni  bəzi tələblərin ya zaman baxımından, ya malliyyə-iqtisadi dəyişiklər səbəbindən və ya ictiami-siyasi proseslərin inkişafı ilə əlaqədar köhnəlməsi və ya dövrə uyğun gəlməməsi bir çox hallarda həmin sahədə fəaliyyəti ləngidir, həyata keçirilməsinə maneələr yaradır. Bəzən əməkdaşlar bu və ya digər fəaliyyəti normal həyata keçirmək, verilən tapşırıqları səmərəli yerinə yetirmək üçün qanunvericliyin tələblərini pozmaq məcburiyyətində qalırlar. Bu mənada hesab edirik ki, cəzaların çəkilməsin sahəsində, o cümlədən Penitensiar Xidmət sahəsində islahatları sürətləndirmək, fəaliyyətin qanunvericilk çərçivəsində həyata keçirlməsini təmin etmək və daha uğurlu nəticələrə nail olmaq üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məclləsində bir sıra dəyişiklərin edilməsinə ehtiyac var. Məsələn həmin Məcəllənin 113-cü (Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri), 115-ci (Ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri), 117-ci (Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri), 122-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri), 170-ci (Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması qaydaları) və s.  maddələrinin müzakirələrə, o cümlədən ictimai müzakilərə çıxarılmasına ehtiyac var.

 

Sonda isə, bir daha vurğulamaq lazımdır ki, 44 günlük müharibədən, xüsusilə də 01 fevral 2024-cü il tarixdə keçirlən  Azərbaycan Respublikası Prezidentinin seçkilərindən sonra, ortaya qoyulmuş siyasii iradə, ölkə başçısının çağırışları Azərbaycanda aparılan köklü islahatlar prosesinə, dövlət qurumlarında şəffaflığın artırılması və vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsinə əsaslı zəmin yaratmışıdr. Vətəndaş-dövlət münasibətlərinin hüquqi aspektlərinin həssaslığını nəzərə alsaq, Ədliyyə Nazirliyinin, o  cümlədən Penitensiar Xidməti həm ölkə daxilində və həm beynəlxalq səviyyədə daim diqqət mərkəzindədir və əminəm ki, bu istiqamətdə proses daha uğurla və daha səmərəli formada davam etdiriləcək.

 

 

 

Əhməd N. Abbasbəyli

Ekspert

CİM-in sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR