İstanbul şəhərində “Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU” IX beynəlxalq konfrans keçirilib
15-17 oktyabr 2024-cü il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU” IX beynəlxalq konfrans keçirilib. Konfransın əsas təşkilatçıları mərkəzi Romada yerləşən Beynəlxalq YOCOCU Asossiasiyası və İstanbul Universitetidir. İtaliya Atmosfer Elmləri və İqlim İnstitutu, Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyi (KUMİD), İtaliya Kalabriya Universiteti, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), Azərbaycan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Rumıniya Timişoara Milli İncəsənət Muzeyi, Türkiyə Konservasiyaçılar və Bərpaçılar İctimai Birliyi (KRD), Çexiya Yaşıl Laboratoriya Təşkilatı, İtaliya EMEC Su Cihazları Şirkəti, Heritage jurnalı konfransa dəstək veriblər. Konfransın açılış mərasimi və bölmə iclasları İstanbul Universitetinin Prof.Dr. Fuad Sezgin konqres mərkəzində baş tutub. Konfransda Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Portuqaliya, Fransa, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, Böyük Britaniya, İran, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən 120-dən çox alim və tədqiqatçı canlı, poster və onlayn məruzələrlə çıxış edib.
Oktyabrın 15-də konfransın açılış mərasimində Beynəlxalq YOCOCU Asossiasiyasının vitse-prezidenti Dr. Fernanda Prestileo çıxış edib. O, əvvəlki konfranslar haqqında məlumat verib, doqquzuncu konfransın mövzusundan və əhəmiyyətindən danışıb. Sonra təşkilat komtəsinin üzvləri Türkiyə Mədəni İrsin Dostları İctimai Birliyinin sədri Səadət Günər, Türkiyə Konservasiyaçılar və Bərpaçılar İctimai Birliyinin sədri Vildan Yarlıqaş, İstanbul Universiteti Ədəbiyyat fakultəsi Sualtı mədəniyyət qalıqlarını qoruma mərkəzinin əməkdaşı Dos.Dr. Tanər Gülər, İstanbul Universiteti Ədəbiyyat fakultəsi Mədəni sərvətləri qoruma və bərpa bölməsinin müdiri Prof.Dr. Ufiq Qocabaş, İstanbul Universiteti Ədəbiyyat fakultəsinin dekanı Prof.Dr. Sevtap Qazıoğlu konfrans iştirakçılarını salamlayıblar.
“Mədəni irs strategiyaları: innovativ muzeylər, təhsil və qiymətləndirmə” adlı birinci bölmədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova “Ağsu Qoruğu: Arxeoloji irsin təqdimatı” mövzusunda məruzə edib. Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev Azərbaycan arxeologiyası, Qarabağın arxeoloji abidələrinin öyrənilməsi, erməni vandalizminin nəticələri haqqında geniş məlumat verib, elmi ictimaiyyəti müharibələr və mədəni irsin dağıdılmasına qarşı çağırışlar etməyə səsləyib. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli və İdarə heyətinin üzvü Məleykə Hüseynova “PICASP layihəsinin (Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar) mədəni irsin mühafizəsində rolu”, tədqiqatçı Faiq Nəsibov isə “Suraxanıda məqbərə və onun eniqmatik tarixi” mövzusunda təqdimat ediblər.
“Mühitin və mədəni irsin qorunması və qiymətləndirilməsi: metodlar, materiallar, strategiyalar, nümunələr” adlı ikinci bölmədə Azərbaycan Milli Xalça Muzeyinin bərpaçısı Sonaxanım Kərimova “Tekstil üzərində zədələrin oxunaqlı olması üçün işin təkmilləşdirilməsi”, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyəti aparatının İctimaiyyətlə iş, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi Dr. Nəzmin Cəfərova “Qlobal problemlərin həllində ekomuzeylər və yaşılyollar” mövzusunda məruzə ediblər.
“Mədəni irsdə yeni sərhədlər: innovasiya, rəqəmsal texnologiyalar və kommunikasiya” adlı üçüncü bölmədə Bakı Ali Neft Məktəbinin müəllimi Dos.Dr. Pərvin Ahənçi və “Biznesin idarə edilməsi” fakültəsinin III kurs tələbəsi Çingiz Məmmədov “Qarabağın tarix-mədəniyyət abidələri” məlumat bankı: yaradılması, innovativ təhlil və konservasiya təklifləri” mövzusunda məruzə ediblər.
Üç gün ərzində nümayiş olunan poster bölməsində Prof.Dr. Qafar Cəbiyev, Dr. Fariz Xəlilli, Gülşən Hüseynova (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) “Mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğində bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması”, Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Azərbaycanın Naxçıvan bölgəsində mədəni irsin mühafizəsində muzey işinin təşkilinin rolu”, Prof.Dr. Kübra Əliyeva (AMEA Arxeologiya və Antropologiya İnstitutu), Aytən Səlimova (Azərbaycan Memarlıq və İnşaat Universiteti) və Fuad Bağırov (Qərbi Kaspi Universiteti) “Şirvan və sufi cəmiyyətləri”, Dos.Dr. Məhəmməd Nurməmmədov (Azərbaycan Memarlıq və İnşaat Universiteti) və Dr. Fariz Xəlilli (AMEA Arxeologiya və Antropologiya İnstitutu) “Xatirə abidələrinin tarixi-memarlıq xüsusiyyətləri: Azərbaycanın Dağlıq Şirvan ərazisində yerləşən türbələr”, Dos.Dr. Lamiyə Rəhimova və Dr. Şəhla Xəlilli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mədəni irs abidəsi kimi saxlanılan XV-XVIII əsrlərə aid türkdilli əlyazmalar”, Dos.Dr. Elfira Məlikova (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) “Muzeyşünasların şərhində muzey təhsili”, Dr. Sevinc Heydərova (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi) “Azərbaycan mədəniyyətinin təbliğində Nizami muzeyinin rolu”, Dr. Günel Seyidəhmədli “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi”, Dr. Nailə Əliyeva (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi) “Roma Panteonu və Nizami muzeyinin memarlığı”, Dr. Səadət Əliyeva (“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu) və Musa Mursaquliyev (“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu) “Azərbaycanın Qazax-Ağstafa bölgəsində iqlim dəyişikliyinə məruz qalmış abidələr və onların mühafizəsi yolları”, Sahibə Ələkbərova (“Şuşa şəhəri” Dövlət Qoruğu İdarəsi) “İşğaldan azad edilmiş rayonlarda muzeylərin yenidən qurulması (Şuşa muzeyləri nümunəsi əsasında)”, Şəbnəm Əliyeva (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) “Nərgizava arxeoloji kompleksinə aid olan nekropolda dəfnlər: adətlər, ayinlər, rituallar”, Könül Quliyeva (Bakı şəhəri 166 saylı məktəb-lisey) “Məktəblərdə mədəni irsin təbliği”, Firəngiz Rəfizadə (Azərbaycan Milli Konservatoriyası) “XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanın Quba bölgəsində təhsil və mədəniyyətin inkişafı”, Xoşqədəm Mirzəyeva (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan laklı cildli əlyazmaların zədələnmə və bərpa problemləri”, Günel Pirquliyeva (“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu) “Mədəni irsin mühafizə problemləri və onun metodologiyası”, Fidan Xəlilli (UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti) “Sağlam həyat tərzi və milli oyunlar”, Sadiq Ələkbərov (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) “Bərpa üsullarının keçmişi və gələcəyi: tarixi və innovativ yanaşmalar”, Amin Məlikov (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) “Kamera rəssamının təfsiri və təqdimatında mədəni irs” mövzusunda poster təqdimatlar ediblər.
Konfransın yekununda Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli Beynəlxalq YOCOCU Asossiasiyasının növbəti “Mədəni İrsin Yaşıl Konservasiyası” VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşa şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış edib və İdarə heyətinə təqdim edib.
Konfrans çərçivəsində İstanbul Universitetinin Prof.Dr. Fuad Sezgin konqres mərkəzində YOCOCU təlimçiləri praktik təlimdə mədəni irsin konservasiyası və bərpasında yeni yaşıl məhsullarını təqdim edib.
Azərbaycanlı nümayəndələr əvvəlcə İstanbul şəhərinin, sonra isə Ədirnə şəhərinin tarixi və memarlıq abidələri ilə yaxından tanış olublar.
Oxşar Xəbərlər
- TAİB-in İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal: “Azərbaycan səfirliyinə olunan hücum İranın mövqeyini bir daha ortaya qoyur”
- Kırgız Cumhurbaşkanından Türkel Yayın Grubu Genel Başkanına Fahri Unvan
- İsrail Təhlükəsizlik Akademiyası: “AŞPA-nın və Fransa Parlamentinin anti-Azərbaycan xarakterli qətnamələri qərəzli və sifarişlidir”