Göyçayda şair Əli Kərimlə bağlı sorğu keçirilib
Xəbər verildiyi kimi, Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsini həyata keçirir. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova layihənin 3-cü mərhələsi ilə bağlı 05.08.2024 tarixindən 10.08.2024 tarixinə kimi Göyçayda olub. Jalə Cəfərova saytımıza bildirib ki, layihənin 3-cü mərhələsi də müvəfəqiyyətlə başa çatıb.
Layihənin şərtlərinə əsasən 3-cü mərhələdə Əli Kərimin yaradıcılığına və təbliğinə həsr olunmuş “Yolun düşsə bu dünyaya bir də gəl” musiqili-bədii gecədən sonra Göyçay əhalisi, eləcə də Göyçay Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə aidiyyəti olan məmurların aldıqları təəssürat və eyni zamanda verilən təkliflərə münasibət məsələsi reallaşmışdır.
05.08.2024 tarixində Jalə Cəfərova Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevlə görüşmüş və Əli Kərim yaradıcılığının təbliğində bir çox vacib məsələləri gündəmə gətirmişdir.
“Göyçayın mərkəzində yerləşən Əli Kərim adına parkda bir çox dəyişikliklər edilməsi tövsiyə olunan məsələləri diqqətinizə çatdırmaq istərdik.
- Parkın girişində Əli Kərimin heykəli əvvəlki yerindən parkın giriş hissəsinə qoyulsun.
- Həykəlin yanında orta ekranlı monitor quraşdırılsın və Əli Kərimin qiraətçilər tərəfindən lentə alınmış şeirləri səslənsin.
- Monitorun yanında şairin həyat və yaradıcılığını əks etdirən bioqrafiyasıyla ilə tanış olmaq üçün elektron lövhə quraşdırılsın.
- Göyçayda “Əli Kərim poeziya evi” açılsın. Vaxtaşırı bu poeziya məkanında Əli Kərimin yaradıcılığı ilə bağlı şeir məclisləri, elmi-praktik konfranslar keçirilsin”.
Natiq Ağayev bütün arzu və təklifləri böyük məmuniyyətlə qəbul edərək “Əlimizdən gələni əsirgəməyəcəyik” deyərək, eyni zamanda Jalə xanımın icra başçısının birinci müavini Zivər Zeynalova ilə görüşüb bu məsələləri onun da diqqətinə çatdrmağı tövsiyə edib.
06.08.2024 tarixində Jalə Cəfərova Zivər Zeynalova ilə yuxarıda səslənən təklifləri bir daha nəzərdən keçiriblər. Söhbət əsnasında Zivər Zeynalova isti yay günündə, eləcə də əksər insanların tətildə olmasına baxmayaraq 15 iyulda keçirilən ədəbi -bədii gecənin çox möhtəşəm olduğunu bir daha vurğulayaraq Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin gələcək fəaliyyətinə uğurlar arzulyıb: “Mən çox şadam ki, siz bununla artıq doğma Göyçayımızda bundan əvvəlki illərdə maraqlı və əhəmiyyətli layihələr həyata keçirtmisiniz. Bundan sonra da sizi Göyçayda görməkdən məmnun olarıq”.
07.08.2024 tarixindən 10.08.2024 tarixinə qədər layihə çərçivəsində iştirak edən göyçaylılardan Əli Kərimə həsr olunmuş ədəbi-bədii gecə ilə bağlı sorğu keçirilmiş, eyni zamanda onların da arzu və təklifləri, iradları dinlənmişdir. “Bu günkü sorğuda Vasif Ayan (telejurnalist), Əhliman Qafarov ( ssenarist, rejissor), Göyçay Bayraq Meydanının əməkdaşı Fatimə xanım, Uşaq Gənclər İnkşaf Mərkəzinin rəhbəri Zahidə Mirzəyeva, Xəzər Universitetinin müəllimi, tərcüməçi Firəngiz Nəsirova, Fərid Nəbiyev (Göyçay Mədəniyyət Mərkəzinin direktor əvəzi) öz fikirlərini və təkliflərini bildirdilər. Firəngiz xanım söz verdi ki, Əli Kərim yaradıcılığına bir daha müraciət edəcək və şeirlərini ingilis dilinə tərcümə edəcək. Rejissor Əhliman Qafarovun ən böyük arzusu olan Əli Kərim haqda film çəkmək məsələsi ətrafında xeyli müzakirələr apardıq. Demək olar ki, hər şey hazırdır, yalnız çətinlik maliyyə məsələsi olduğu üçün bundan sonrakı fəaliyyətimizdə hansı addımları atacağımızı da müzakirə etdik. Filmin bədii sənədli olması nəzərdə tutulub. Zahidə xanım “Mən hər vaxt mərkəzimizin dram dərnəyinin uşaqlarının ifasında hansı proqramı təklif etsəniz hazırlamağa hazırıq” dedi”, – deyə Jalə Cəfərova qeyd edib.
08.08.2024 tarixində isə Jalə Cəfərova Əli Kərimin yaxın qohumlarının qonağı olub. Jalə Cəfərova bildirb ki, 3 saatdan artıq davam edən söhbət çox maraqlı söhbət olub: “Əminəm ki, bu görüş tanış olmaq imkanı olan hər kəs üçün çox əhəmiyyətli olacaq. Əli Kərimin qaynı 93 yaşlı Arif dayının, Əli Kərimin bacısı oğlu həkim Vaqif Mehdiyevin xatirələrini dinləyərək lentə aldıq. Həmçinin Əli Kərimə məxsus əşyalara baxdıq. Təqdimatdan öncə də bu ailədə olmuşduq. Bu dəfə arzu və təklifləri dinlədik. Demək olar ki, hər kəs Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin irəli sürdüyü təkliflərlə razıdır və “Əli Kərim poeziya evi”nin açılmasını səbrsizliklə gözləyirlər. Bu arada Vaqif müəllim dönə-dönə bildirdi ki, Əli Kərimin dünyaya göz açdığı məkanda poeziya evinin və ya ev muzeyinin olması üçün əlindən gələni əsirgəməyəcək. O, sevə-sevə şəxsi əşyaları ora təqdim edəcəyini vurğuladı”.
09.08.2024 tarixində isə Jalə Cəfərova bütün zamanı Əli Kərim parkında keçirib. “Öncə səhər saat 10-00 da parka gəldik. Parka gələn (xüsusən də uşaqlarla) insanlardan “Bu parkda kimin məzarı var? Əli Kərim haqda nə bilirsiniz ?” sualına aldığımız cavab çox ürəksıxıcı idi. Demək olar ki 12 ziyarətçinin heç biri deyə bilmədi ki, Əli Kərimin məzarı məhz bu parkdadır.
Axşam saat 19:00-dan 23:00-ə qədər bir daha parka toplaşdıq. Qeyd etmək istərdim ki, bu parka Ucardan, Ağdaşdan belə istirahətə gələnlər saysız-hesabsızdır. Bu belə də olmalı idi, çünki bu park təpədən dırnağa əyləncə məkanına çevrilib. Dostlarımız toplaşdığı üçün çay süfrəsi ətrafında parkın sözün əsil mənasında Əli Kərim adına yaraşsın deyə hansı işləri görəcəyimizdən danışdıq. Təklifləri və iradları bir daha gözdən keçirtdik. Əli Kərimin bacısı oğlu Vaqif həkim, dəyərli rejissorumuz Əhliman müəllim böyük şairimizin yaradıcılığından xeyli nümunələr səsləndirdilər, həm də təhlil etdilər. “Göyçay” qəzetinin baş redaktoru Adil Məmməd xeyli kövrək, isti xatirələr danışdı”.
10.08.2024 tarixində Jalə Cəfərova Göyçay Rayon İcra Hakimiyyətinin birinci müavini Zivər Zeynalova bir daha görüşüb. Jalə Cəfərova deyib ki, beş gün ərzində görülən işlər və gələcək planlar haqda danışıblar: “Müəllifi olduğum kitablarımdan, eləcə də Əli Kərimin “Seçilmiş əsərləri”ni hədiyyə etdim.
Günorta saatlarında böyüki şairə həsr olunmuş bədii gecənin keçirilməsində əməyi olan bir çox təşkilat rəhbərlərinə baş çəkib təşəkkürümü bildirdim. Bu arada Göyçay rayon Heydər Əliyev Mərkəzin direktoru Samirə Vəliyeva ilə görüşərək şəxsən özünə və kollektivinə göstərdikləri qayğıya görə təşəkkürümü bildirdim”.