2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev: “COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir”

Bu ay Şuşa qlobal əhəmiyyət daşıyan iki mötəbər tədbirə ev sahibliyi edib. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirlib. İyulun 20-22-də isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil olunub. Azərbaycanda, xüsusən Şuşada belə mühüm əhəmiyyətli qlobal tədbirlərin keçirilməsi ölkəmizin yüksək inkişafının göstəricisidir. Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. 2-ci Qlobal Media Forumunun iştirakçıları iyulun 21-də Şuşa və Laçın şəhərlərinin tarixi məkanları ilə də tanış olublar.

Forum çərçivəsində keçirlən Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik – COP29” adlı təqdimat keçirilib. Təqdimatda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.. Yeri gəlmişkən Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub. Sessiyada COP-un qlobala dünyanı əhatə etdiyi vurğulanıb və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə atdığı addmlardan danışılıb. Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Panel sessiyada, həmçinin iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb. Forumun açılışında Prezident İlham Əliyev “Troyka”nın təsis edilməsinin təşəbbüskarının Azərbaycan olduğunu bildirib: “Bu, ötən, hazırkı və gələcək sədrlərin – Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. “Troyka” mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək”.

Onu da bildirək ki, Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi bu və digər fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub. Almaniyanın “Berliner-zeitung” nəşrində yayımlanan məqalədə Prezident İlham Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın prioritetləri barədə qısa məlumat verdikdən sonra ştirakçıların suallarını cavablandırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçılarının diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. COP29-da ən kritik açıq suallardan biri iqlim-neytral qlobal iqtisadiyyata çevrilmə ilə bağlı yüklərin bölüşdürülməsi olacaq. Gözlənilən xərclər milyardlarla məhdudlaşmayacaq, trilyonlarla dollar tələb edəcək. İnkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında maliyyələşmə və yüklərin ədalətli bölüşdürülməsi yolları tapılmalıddır.

Dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib. Dövlətimizin başçısının fikirləri Türkiyənin aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb. “TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına doğru atılan önəmli bir addım olduğunu bildirib: “Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik. Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq”.

Rusiya, Pakistan, Ukrayna, Qırğızıstan, Gürcüstan, Şimali Kipr, Rumıniya, Özbəkistan, Avstriya, Yunanıstan, Makedoniya, Polşa, İtaliya və s. ölkələrin media orqanları da Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Ərəb mətbuatı da Şuşa Forumu barədə məlumatları geniş işıqlandırıb. Ümumuyyətlə, 3 gün ərzində Forum dünya mediasının gündəmini zəbt edib. Bu da 2-ci Şuşa Qlobal Media Forumun qlobal əhəmiyyətinin bariz nümunəsidir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR