İQTİSADİYYATDA A.SMİTİN QİYMƏT VƏ DƏYƏR NƏZƏRİYYƏSİ – ARAŞDIRMA

Yazı fontunu küçültür Yazı fontunu büyütür

A.Smit pulun əhəmiyyətini şərh etdikdən sonra “Qiymət” məfhumunu araşdırır. Smitə görə əmtəələrin iki növ qiyməti vardır: “İstifadə qiyməti” və “mübadilə qiyməti”. Bu iki qiymətin eyni şey olmadığını söyləyən Smit yazmışdır: “Ən böyük istifadə qiymətinə sahib olan şeylər, çox hallarda aşağı mübadilə qiymətinə malik olur və əksinə çox böyük mübadilə qiymətinə sahib olan şeylər, çox hallarda ya az istifadə qiymətinə malik olur və ya heç istifadə qiyməti olmur. Heç bir şey sudan daha yararlı deyildir, fəqət su ilə çox nadir hallarda bir şey satın alına bilər, çox nadir hallarda az bir şeylə dəyişdirilə bilər. Bunun əvəzinə almaz, çox məhdud bir istifadə yararına sahib olduğu halda, onunla dəyişdirilə biləcək xeyli sayda əmtəə vardır”.
Burada Smit aydın bir nöqtəni diqqətdən qaçırır ki, istifadə qiyməti olmadıqda bir əmtəənin başqa bir əmtəəyə dəyişdirilməsi və ya pul əvəzində satılması mümkün deyil. Smit bu mövzudakı başqa bir səhvi, əmtəənin nisbi məhdudluğunun (və ya bolluğunun) onun qiymətinin təyin olunmasındakı əhəmiyyətini diqqətdən qaçırmasıdır.
Sonra Smit daha çətin mövzunu, qiymətin müəyyənləşdirilməsində əməyin rolu problemini araşdırır. Smitin fikrincə “əmtəələri istehsal edən əmək onların həqiqi qiyməti, pul isə onların nominal qiymətidir”. (Smit, “Xalqların sərvəti”. I cild, Y fəsil, səh.35, Moskva, 1935).
A.Smit kitabında “əmtəələrin real və nominal qiymətləri və ya onların əmək cinsindən və pul cinsindən qiymətləri” adını daşıyan bölümünə belə başlayır: “hər insan, həyatı üçün lazım olan şeylərə və əyləncəyə nə səviyyədə xərcləyə bilməsinə görə varlı və ya yoxsuldur. Fəqət əmək bölgüsü tamamilə yerləşdikdən sonra, bunların çox azını insan öz əməyi nəticəsində əldə etdikləri vasitəsilə ödəyə bilər.
Ehtiyac duyduqlarının çoxunu, başqa insanların əməyindən əldə etmək məcburiyyətindədir və fərd bu cür əməkdən nə qədərini satın almağa gücünün çatmasına görə zəngin və ya yoxsul olacaqdır. Bu səbəblə, hər hansı bir əmtəəni istehlak etmək istəməyən, lakin onu başqa əmtəələrlə dəyişdirmək istəyənin sahibinə, onun qiyməti, satın ala biləcəyi və ya əmr edə biləcəyi əmək miqdarına bərabərdir; Dolayısı ilə əmək, bütün əmtəələrin mübadilə edilə bilən qiymətinin həqiqi ölçüsüdür”. Bu tərifin müəyyənləşdirdiyi mənaya “qiymətin əməkəmr nəzəriyyəsi” adı verilir. Bu nəzəriyyəyə görə bir əmtəənin qiyməti onunla dəyişdiriləcək digər əmtəənin bir başa və ya dolayı şəkildə ehtiva etdiyi əmək miqdarı ilə ölçülür. Bu mənada əmək, bir “qiymət” ölçüsü xüsusiyyəti qazanır. A.Smit daha sonrakı izahatında əməyi “qiymətin yaradıcısı” olduğunu da qeyd edir. Bununla yanaşı Smit “qiymətin real məsrəf nəzəriyyəsi” adlanan ikinci nəzəriyyəni də önə çəkir və göstərir ki, bir əmtəənin qiyməti, istehsalında istifadə olunan zəhmətlə ölçülür və bu səbəbdən əmtəələr mübadilədə əmr etdikləri əməyin qiymətinə sahib olurlar. Deməli iki gün və ya iki saatlıq bir əməklə istehsal olunan bir şeyin, bir günlük və ya bir saatlıq əməklə istehsal olunana görə iki qat artıq qiymətə sahib olması təbiidir.
Pul olaraq ən uyğun metallar olan qızıl və gümüşün də istehsalı üçün lazım olan əmək miqdarına uyğun mübadilə edilir deyən Smit, belə nəticəyə gəlir ki, əmək yeganə ümumbəşəri və eyni zamanda yeganə etibar edilən qiymət ölçüsüdür.
Smit, bazarın əmtəə qiymətlərinin, əmtəələrin ehtiva etdiyi əməyin qiymətinə görə müəyyənləşəcəyinə inanmış olduğunu bildirir; və təbii qiymət və bazar qiyməti probleminin şərhinə keçir; Məlumdur ki, hər bir cəmiyyətdə zaman və məkana görə “təbii” qəbul edilən əmək haqqı, mənfəət və rentanın bir orta səviyyəsi mövcuddur. Deməli, hər hansı bir əmtəə: işçinin, torpaq sahibinin və yığım sahibinin payını bu təbii səviyyədən ödəməyə yetəcək bir qiymətdə satıldığı zaman, əmtəə “təbii qiyməti”ndə satılmış olacaqdır. Əlbəttə bu, bütün əmtəələrin təbii qiymətə satılacağı mənasına gəlmir. Çox vaxt bu əmtəəyə olan tələblə o əmtəə təklifi arasındakı əlaqənin dəyişməsi “bazar qiymətinin” “təbii qiymətdən” yuxarı və ya aşağı olması ilə nəticələnir. Lakin belə bir dəyişmə, özözünə düzəlmə meyli içərisində olur; çünki təklif, təbii olaraq özünü effektiv tələbə görə müəyyənləşdirməyə meyli içərisindədir. Beləliklə bazar qiyməti artma və ya azalma yolu ilə yenidən təbii qiymətə bərabər olur. Bu səbəblə, təbii qiymət bir mərkəzi qiymət xüsusiyyətində olub, bütün əmtəələrin qiymətləri bu qiymətə yaxınlaşma meylindədir. Müxtəlif dəyişmələr bəzən bazar qiymətlərini təbii qiymətdən yuxarı, bəzən də aşağı olmasına səbəb olur. Lakin bazar qiymətlərinin davamlı mərkəzə çatmasına mane olan əngəllərə baxmayaraq bu qiymətlər (yəni bazar qiymətləri) mütəmadi formada təbii qiymətə doğru meyilli olacaqdır.
Beləliklə, A.Smit “uzun dövr təbii qiyməti” qısamüddətli tələb və təklif tarazlaşdırılması nəticəsində hər zaman özünə dönüləcək bir “uzun dövr tarazlıq qiyməti” olaraq qəbul edir.
A.Smit qiymətin müəyyənləşməsində “rəqabətin” oynadığı rol üzərində də dayanmışdır. Smit, həm bazarda çoxlu sayda satıcı olmasının əhəmiyyətini vurğulamış və həm də bazar ilə əlaqədar məlumatların az və ya çox olmasının bazardakı qiymətə təsir edə biləcəyinə işarə etmişdir. Rəqabət qiymətinin ən aşağı qiymət olmasını söyləyən Smit, inhisar qiymətini isə “hər şərt daxilində istehsalçıdan sızdırıla biləcək ən yüksək qiymət” olmasını göstərmiş və inhisar qiymətinin yuxarı həddinin, sözü gedən əmtəəyə olan tələblə məhdudlaşacağını qeyd etmişdir. A.Smit qiymət nəzəriyyəsini dəyər nəzəriyyəsi ilə əlaqələndirmişdir.
A.Smitin dəyər nəzəriyyəsi onun iqtisadi təhlilində mərkəzi yer tutur. O, öz iqtisadi nəzəriyyəsini əməkdəyər nəzəriyyəsi əsasında qurmuşdur, əmək prosesinə dəyərin yaranması prosesi kimi baxmışdır, məhsuldar əməyin bütün növlərinin dəyərin yaranması nöqteyinəzərindən əhəmiyyətə malik olmasını qəbul etmişdir. O, dəyərin kəmiyyətini əməyin miqdarı ilə ölçür və əmtəələrin mübadiləsinin ancaq onların istehsalına sərf olunan əməklə tənzimləndiyini göstərirdi. Smit yazırdı ki, hələ ibtidai zamanlarda müxtəlif şeylərin mübadiləsində ölçü rolunu oynayan ancaq əmək olmuşdur. O, əmtəə dəyərinin kəmiyyətinin əməyin miqdarından asılılığını bu cür şərh edir: “İki gün və ya iki saatlıq əməyin məhsulu olan bir şey, bir gün və ya bir saatlıq əməyin məhsulu olan şeydən iki dəfə çox dəyərə malik olacaqdır. . . hər şeyin həqiqi qiyməti həmin şeyi əldə etmək üçün lazım olan əməyin və ya gücün məsrəfindən ibarətdir”.
A.Smit əmtəənin istehlak və mübadilə dəyəri anlayışlarını müəyyən etmiş və birbirindən fərqləndirmişdi. Smit yazır: ” dəyər sözünün iki müxtəlif mənası var: bəzən o hər hansı predmetin faydalılığını göstərir, bəzən isə müəyyən predmetə sahib olmaq üçün onun başqa predmetlə dəyişmə imkanı olması mənasını verir. Birincini istehlak dəyəri, ikincini mübadilə dəyəri adlandırmaq olar. (A.Smit, “Xalqların sərvəti”, I cild, IY fəsil, səh.28, Moskva, 1935). O, əməyi, dəyərin yaradıcısı və ölçüsü olduğunu qəbul etməklə yanaşı, dəyərin mübadilə dəyərində, digər əmtəələrlə onun kəmiyyət nisbətində, inkişaf etmiş əmtəə təsərrüfatında isə pulda ifadə olunması qanunauyğunluğunu göstərirdi. Diqqətini mübadilə dəyərində, dəyərin kəmiyyət ölçüsünə verən Smit hesab edir ki, mübadilə dəyəri əmtəənin təbii qiymətidir, əmtəələrin mübadiləsi onlarda maddiləşmiş müxtəlif miqdarda əməyin mübadiləsidir. Ona görə də mübadilə dəyəri əməklə müəyyən olunur. Smit yazır: “Əmək bütün əmtəələrin mübadilə dəyərinin həqiqi ölçüsüdür”. (A.Smit “Xalqların sərvəti”, I cild, Y fəsil, səh.30). O göstərir ki, dəyərin kəmiyyəti ayrıca əmtəə istehsalçısının əmək məsrəfləri ilə yox, cəmiyyətin mövcud vəziyyətində orta zəruri məsrəflərlə müəyyən olunur. Smit qeyd edir ki, ixtisaslı və mürəkkəb əmək, ixtisassız və sadə əməklə müqayisədə vaxt vahidi ərzində daha çox dəyər yaradır.
Əməyin yalnız qızıl və gümüş istehsalı sahəsində dəyər yaratdığını düşünən U.Pettidən (16231687) fərqli olaraq, Smit qeyd edir ki, əmək bütün əmtəə istehsalı sahələrində dəyər yaradır, o, iş vaxtı ilə dəyərin həcmi arasındakı birbaşa əlaqəni aşkar etmiş və göstərmişdir ki, dəyərin yeganə yaradıcısı əməkdir.
A.Smit təsviri metoddan istifadə edərək dəyərin başqa bir nəzəriyyəsini də irəli sürmüşdür. O yazır: “hər əmtəənin dəyəri onun sahibi üçün, bu əmtəə ilə satın alına bilən əməyin miqdarına bərabərdir”. Deməli, dəyər əmtəənin müqabilində alınan əməklə ölçülür. Smit yazır: ” yeganə ümumi və eləcə də yeganə dəqiq dəyər ölçüsü əməkdir” (A.Smit “Xalqlar sərvəti”, I cild, Y fəsil, səh.35, Moskva, 1935).
A.Smit dəyər nəzəriyyəsinə verdiyi bu iki izahatdan başqa bu barədə bəzi digər fikirlər də söyləmişdir. Onun fikrincə, kapitalist təsərrüfatı şəraitində “fəhlələrin materialların dəyərinə əlavə etdikləri dəyərin özü də iki hissəyə bölünür, biri onların əmək haqqının ödənilməsinə, digəri isə sahibkarın avans etdiyi bütün kapitala görə onun mənfəətinin ödənilməsinə yönəlir”. (A.Smit, “Xalqların sərvəti”, I cild, YI fəsil, səh.46, Moskva,1935) Bundan əlavə Smit dəyərin üçüncü tərkib hissəsi kimi rentanı nəzərdən keçirir və qeyd edir ki, kapitalizm şəraitində dəyər: əmək haqqı, mənfəət və rentaya bölünür.

Amin Zərbaliyev,

TAİB Gənclər Təşkilatının üzvü, tələbə

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR