Azərbaycanın ŞƏT ilə əməkdaşlıq istiqamətləri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında tərəfdaşlıq inkişaf edir. Bu gün Azərbaycan əksər beynəlxalq siyasi və iqtisadi platformalarda təmsil olunur. Bu təmsilçilik ölkəmizə bir sıra dvidentlər qazandırır. Beynəlxalq platformalarda təmsilçilik, eyni zamanda, yeni tərəfdaşlar qazandırır. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaşlığı ilə seçilən bir ölkədir. Məhz buna görə də Azərbaycan beynəlxalq plataformalarda təmsilçiliyə cəlb olunur.

Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunmaq Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, 3-4 iyulda Astanada Qazaxıstanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin saamiti keçirilib. İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Çox müsbət haldır ki, Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ŞƏT plyus” formatında açılış nitqində Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxunub, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb. Görüşə fəxri qonaq qismində dəvət olunmuş Prezident İlham Əliyev çıxışında son iki ildə Qazaxıstana dörd dəfə səfər etdyini deyib: “Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir”.

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə görüşdə iştirak edib. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bunu cənab Prezident çıxışında Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib.

Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.

Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb.

Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.

Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında” və “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüsləri təsdiq edilib.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçiriblər.

 “ŞƏT+” iclası “Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə baş tutub. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində çox güclü səy göstərir.

Astanadakı Zirvə görüşündə çıxışçılar tərəfindən bu, xüsusi qeyd edilib. Artıq ŞƏT-ə üzv ölkələr də ölkəmizin bu qurumda səylərinə çox böyük əhəmiyyət verirlər.

Zenfira Nurullayeva

Əməkdar müəllim

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR