ƏPOŞ VƏLİYEVİN ATASI İLƏ BAĞLI XATİRƏLƏRİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Elə bir övlad yoxdur ki, atasını sevməsin, onunla fəxr etməsin. Ata nə sənət sahibi olur-olsun, yəni vəzifəli olsun, ya adicə fəhlə baba… övladın gözündə, onun dünyasında atasından güclü, ondan bacarıqlı, ağıllı yoxdur. Yəni ata hər şeyə qadirdir. Bəlkə ona görə dədələrimiz “Ata ilə oğulun canı birdir” − deyiblər.
İş yoldaşım Əpoş da valideynlərini çox sevir. Həmişə atasından söz düşəndə təsirlənir, ötəni-keçəni xatırlayır… Bir neçə ildir ki, atasını itirib. Əpoş yaşca mənim oğlum yaşında olsa da, bu xeyirxah, halal, olduqca cəfakeş gənc ailə rəhbərinə mənim qanım qaynayır. Onun sözü üzə deməyi, mərdanəliyi, geniş dünyagörüşü mənim xoşuma gəlir. Buna görə də bizim onunla söhbətimiz tutur. Təbii ki, həmişə olmasa da, arada bir görüşürük. Belə görüşlərin birində maraqlı bir müsahibə alındığından bunu olduğu kimi yazıya aldım.
− Əpoş, uşaq vaxtlarında nə olmaq istəyirdin?
− Alim.
Müsahibim gülümsündü. Adamlar bunu eşidincə təəccüblənərdilər:
– Ay bala, sən bir sənət sahibi olmamış necə alim olacaqsan? Bunu başa düşmək olmur axı. Görmüşük adam ali təhsil alır, sənət sahibi olur, sonra da…
Mən yenə inadımdan dönməz, yenə dediyimi deyərdim:
– Mən alim olacağam!
Mən bunu elə ciddi, elə inamla deyərdim ki, hamı təəccübənərdi. Yəni bu uşaq nə deyir? Doğrudanmı bu alim olacaq?! Hərə nə düşünürdü – kim bilir…
Müəllim, heç soruşmursan ki, mən niyə belə deyirdim. Bunu atamdan öyrənmişdim. Atam iki ali məktəb qurtarmışdı, amma olduqca təvazökar adamdı. Həmişə təhsildən söz düşüncə deyərdi:
– Düzdü, iki ali məktəb bitirdim, amma alim ola bilmədim. Sonra mənə tərəf baxıb deyərdi:
– Sən alim olacaqsan, yəni atanın arzusunu sən göyərdəcəksən. Bunu unutma. Beləcə xəyalımda bunu saxlamışdım. Daha doğrusu, atamın dedikləri ağlıma batmışdı.
– Atan necə adamdı?
– Olduqca işgüzar, zəhmətkeş, işindən zövq alandı. Oğul-uşaqla olduqca mehriban rəftar edərdi. Yaxşı nəsihətləri, məsləhətləri vardı, olduqca səbirli adamdı. Yadımdadır, bibimin həyat yoldaşı 38-39 yaşında vəfat etdi, onun böyük ailəsi başsız qaldı. Onun 7 qızı, 2 oğlu vardı, yəni 10 nəfərlik bir külfətdi. Bizim kənddə böyük həyətimiz var idi. Atam həyəti ortadan iki yerə bölərək, bir hissəsini bibimgilə vermiş, onlara ev tikməyə kömək etmişdi. Bibimin yoldaşı vəfat edəndən sonra biz bibimgillə bərabər yaşamağa başladıq. Atam həm həyətdə bostan əkir, ağac salır, həm mal-heyvan saxlayırdı. Evə gələn kimi, yeməyini yeyən kimi paltarını dəyişib həyətdə işləyər, mal-heyvana qulluq edərdi. Yadıma gəlmir ki, bu qədər çox işləməyinə rəğmən bir dəfə də olsun iş-gücün çox olmağından şikayətlənsin. Əksinə, həvəslə işləyərdi. Onun sayəsində həyətimizdə göyərti də, tərəvəz də, meyvə də əksik olmazdı. Mal-heyvan da gümrah olardı. Süd, qatıq, pendir, yağ – bir sözlə, ağartı da evimizdən əksik olmazdı.
– Atan qonşularla necə dolanırdı?
– Qonşu haqqına dəyər verəndi. Həmişə anama deyərdi:
– Mən evdə oldum-olmadım kim qapıya gəlsə heç kəsi əliboş geri qaytarma.
– Uşaqların oxumağına necə baxırdı? Bəzi atalar var ki, qızların təhsil almağını önəmsiz sayırlar. Atan belə işlərə necə baxırdı?
– Atam uşaqların təhsil almasına müsbət yanaşardı. Deyirdi:
– Qızlar mütləq təhsil almalıdırlar. Onlar oxuyub ya həkim, ya da müəllim olmalıdırlar. Taleyin işini bilmək olmur axı. Amma sənət, peşə adamı ac qoymur, kiməsə möhtac etmir. Yeri gəlmişkən onu deyim ki, atamın nəsihətləri sayəsində bacılarım da, qardaşlarım da ali təhsil aldı, bibimin uşaqları da… Atam bibimin uşaqlarını bizdən seçmədi, öz övladları kimi böyüdüb boya-başa çatdırdı, ailə-uşaq sahibi etdi.
– Atan nənənə qarşı necə olub? Deyirlər atanın qayğısını çox çəkib.
– Hə, atam anadan olandan 3 gün sonra atasını müharibəyə aparıblar. Nənəm atamı çox əzab-əziyyətlə böyüdüb. Atam nənəmi çox istəyirdi. Yadımdadır, xeyli pul ayırmışdı, onun qəbrinin üstünü götürmək istəyirdi. Həmin vaxt bizə bir nəfər gəldi. Məlum oldu ki, ona təcili pul lazımdı. Atam heç fikirləşmədən nənəmin başdaşı, sinə daşı üçün ayırdığı pulu ona verdi. Həmin adam gedəndən sonra bizim atama təəccüblə baxdığımızı görüb dedi:
– Niyə təəccüblənirsiniz?! Mən həmişə demirəm ki, bu qapıya gələni əliboş qaytarmayın?! Demişəm. İndi öz dediyimi özüm inkarmı edəydim? Bir də mən inanıram ki, anamın ruhu məni bağışlayar. Axı dara düşmüş birinə əl tutdum. Burda pis nə var?! Amma anamın qəbrinin üstünü də götürəcəyəm. Doğrudan da, atam dediyini yerinə yetirdi. Onunla bağlı xatirələrim çoxdu.
– Eybi yox, bir də görüşəndə yenə davam edərik. Allah İslam müəllimə qəni-qəni rəhmət eləsin. Belə xeyirxah, ürəyi geniş, elini-obasını sevən, ağsaqqal bir şəxs nəsillərə örnəkdir.

Tacir Səmimi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR