Binəqədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir…” adlı tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

08 may 2024-cü il tarixində  Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan mənim üəryimdir…” adlı tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sədr müavini, professor Fəzail İbrahimli, millət vəkilləri-Azay Quliyev və Kəmaləddin Qafarov, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, məktəbəqədər təhsil müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, səhiyyə, mədəniyyət,  müəssisələrinin, ictimai birliklərin rəhbərləri  və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Daha sonra qonaqlar Ulu Öndərin şəkillərindən ibarət foto-sərgi ilə tanış oldular.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd etdi ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və sədr müavini Fəzail İbrahimli çıxışında qeyd etdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd edilir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzolunmazdır. Milli Məclisinin sədr müavini Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki,  Ulu Öndərin xalqın təkidi ilə  yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında cənab Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

Daha sonra çıxış edən millət vəkilləri- Kamaləddin Qafarov və Azay Quliyev  Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından  söhbət açdılar. Həmçinin, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs etdilər. Eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını vurğuladılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və 8 saylı birinci seçki dairəsinin sədri Natiq Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Göstərilən yüksək etimad və ən ali medala görə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə rayon ictimaiyyəti  adından dərin minnətdarlığını bildirirdi.

Daha sonra tədbirin bədii hissəsində M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət kompozisiyalar səsləndi.

Tədbirin sonunda xatirə fotosu çəkildi.

   

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR