31 Mart- Azərbaycanlılara qarşı törədilən soyqırımı aktı və Azərbaycan tarixinin ən şanlı 44 günü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

1918-ci ilin 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir və azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılmışdır. Bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi 31 mart soyqırımından 106 il keçir. Bu dəhşətli faciə hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. 31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımıdır. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın ikinci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək, qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq, qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək və uşaqları bir qrupdan zorla digər qrupa köçürmək” kimi nəzərdə tutulub. Konvensiyanın preambulasında soyqırımı yalnız beynəlxalq hüquq üzrə BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab edilmir, həmçinin bütün tarixi dövrlərdə bəşəriyyətin amansız böyük itkisi sayılır. “Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Beynəlxalq hüquq normalarına görə soyqırım (yun. genos – qəbilə, tayfa və lat. caedo – öldürürəm) ən ağır beynəlxalq cinayət olmaqla təcavüz, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, beynəlxalq terrorizm kimi cinayətlərlə yanaşı sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna daxildir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. 1918-ci ilin 31 mart hadisələrini soyqırım kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.
“Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tarix boyu məqsədyönlü şəkildə Azərbaycan xalqına qarşı soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirmişlər. Beləliklə, xalqımız ağır məhrumiyyətlər, faciələr yaşadı. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin martından başlayaraq həyata keçirilən soyqırımı aktıdır.
XX əsrdə ilk qırğınlar ermənilər tərəfindən 1905-1907-ci illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında minlərlə günahsız azərbaycanlının qırğına məruz qalması nəticəsində törədilib.
1917-ci ilin dekabrından 1918-ci ilin martınadək Andranikin başçılıq etdiyi erməni silahlı dəstələri İrəvan quberniyasında 32, Eçmiədzin quberniyasında 84, Nor-Bəyazid quberniyasında 7 kənd daxil olmaqla, ümumilikdə 197 kəndi dağıdıb, qırğın və dağıdıb, yerli sakinlərin əmlaklarını talayaraq evlərini yerlə-yeksan edirlər. 1917-ci il Oktyabr inqilabından sonra ermənilər bolşeviklərin himayəsi altında öz mənfur niyyətlərini həyata keçirməyə cəhd etdilər. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndərildi.Bu, Bakı şəhərində yaşayan azərbaycanlıların yer üzündən silinməsi üçün xain planın başlanğıcı oldu. “Antiinqilabçı ünsürlərə qarşı mübarizə” adı altında təqdim edilən bu planı daşnak-bolşevik Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası həyata keçirirdi.Birinci Dünya müharibəsi, eləcə də 1917-ci ildə Rusiyada baş vermiş Fevral və Oktyabr inqilabları fürsətindən istifadə edən ermənilər bolşeviklər bayrağı altında öz mənfur niyyətlərini həyata keçirməyə cəhd etdilər. 1918-ci ilin martından Bakı Soveti əksinqilabi ünsürlərə qarşı mübarizə bəhanəsi ilə Bakı quberniyasında azərbaycanlıların məhv edilməsi planını hazırladı.
1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra diqqət mərkəzində olmuş və azərbaycanlı əhaliyə qarşı zorakılıqları araşdırmaq məqsədilə Nazirlər Soveti 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir.
106 il əvvəl 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin (Bakı Sovetinin) mandatı altında fəaliyyət göstərən erməni daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və rayonlarında kütləvi qırğınlar törədiblər. Minlərlə dinc sakin yalnız etnik və dini mənsubiyyətlərinə görə öldürüldü. Qurbanları ehtiramla yad etməyi davam etdirməyimiz və bu hadisələrin xatirəsinin onların təkrarlanmasının qarşısını almağımız vacibdir. 6 minlik Bakı sovet qoşunları və Daşnaksütyun partiyasının 4 minlik silahlı birləşmələri tərəfindən törədilən vəhşilik üç gün davam etdi, bu vəhşilik zamanı azərbaycanlı yaşayış məntəqələri qəfil hücuma məruz qaldı, uşaqdan böyüyə bütün sakinlər qətlə yetirildi.
Həmin faciəli hadisələrin alman şahidi Kulner 1925-ci ildə Bakı haqqında xatirələrində yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) yaşayış məntəqələrinə hücum etdilər, hamını öldürdülər, onları qılıncla və süngü ilə kəsdilər. Soyqırımıdan bir neçə gün sonra 87 azərbaycanlının cəsədi çuxurdan çıxarılıb. Ermənilər uşaqlara, qocalara rəhm etmirdilər”.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etmişdir. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Quba quberniyasında 16 mindən çox insan son dərəcə amansızlıqla qətlə yetirildi; ümumilikdə 167 kənd dağıdıldı. 2007-ci ildə Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıqlar ermənilərin törətdiyi qeyri-insani əməllərin bariz sübutudur. Bundan başqa, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılıb. Şamaxının 110, Qarabağın 150-dən çox, Zəngəzurun 115, Qarsın 98 kəndi dağıdılıb, yandırılıb, sakinləri qətlə yetirilib.
1918-ci ilin mart-iyul aylarında erməni silahlı dəstələrinin Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran, Göyçay şəhər və rayonlarında törətdikləri qanlı cinayətlər nəticəsində 50 mindən çox azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirilmişdir. Azərbaycanın tarixi ərazisi – İrəvan şəhəri və onun ətrafında 199 kənd dağıdılmış, nəticədə 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Soyqırımı ümumilikdə beynəlxalq hüququn və xüsusən də inkişaf etməkdə olan beynəlxalq cinayət hüququn əhatə dairəsinə daxil olan bir hüquq pozuntusudur. Soyqırımı ilə bağlı milli qanundakı tənzimləmələr bu iki sahədəki inkişafın nəticəsidir.
Soyqırımı cinayəti, ilk dəfə BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə beynəlxalq hüquq sahəsində müəyyən edilmiş beynəlxalq cinayətlərdən biridir.
Soyqırımı sülh və ya silahlı qarşıdurma zamanı hər nə vaxt törədildirsə, beynəlxalq müqavilələr və beynəlxalq adət və ənənə qaydaları ilə, ümumiyyətlə, qadağan edilmiş beynəlxalq cinayət kateqoriyasındadır. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir və beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir. Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn cinayət hüququ ilə əlaqəli hissəsi kimi müəyyən edilə bilər.
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda soyqırımları törətdiklərinə görə cəzasız qalmayacaqlarından təşvişə düşən erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Həmin vaxt regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Onlar 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında (indiki Ermənistanda), Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törətdilər. Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törədikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırımına başlandı.
Hələ XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər. Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar. Mart soyqırımı və ya mart hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.
1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulub.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının cəsədi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilib və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb. 1918-ci ilin mart ayının sonunda təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetiriblər. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Müstəqil tədqiqatçı Kulqe mart qırğınları haqqında yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini də çəkib. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir. Ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.
Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 min azərbaycanlı qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə-yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 100 il ötür. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bu qədər vaxt ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib.
Xalqımıza qarşı 1918-ci ildə törədilmiş mart soyqırımı kimi faciəli tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarıb.1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan qətlə yetirilən soydaşlarımızın xatirəsini yad etmək üçün buranı ziyarət edir.
2013-cü il sentyabrın 18-də məzarlığın yerində Quba Soyqırımı Memorial Kompleksinin rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Təbii ki, tarixin saxtalaşdırılmasına görə sovet dövründə bu bizdən gizlədilirdi. Orada uzun illər Azərbaycan xalqının qanını tökən quldurlar – onların lənətlənmiş adları çəkilir, məs. Şaumyan və onun kimiləri bizə qəhrəman kimi göstərirdilər. Məncə, bu, böyük faciədir. Uzun illər xalqımıza qarşı vəhşiliklər törədənlər sovet tarixində qəhrəman kimi qələmə verilmiş, bir çox yerlərdə onların heykəlləri ucaldılmışdır. Yalnız müstəqillik illərində biz ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı bu heykəllərdən təmizlədik və bu gün onların yerində gözəl parklar, o cümlədən Sahil parkı var. Yəni tarix və ədalət zəfər çaldı. Bu gün biz öz tariximizə qayıdırıq. Biz tariximizin bütün sahələrini bilirik və bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üzləşib”. 2018-ci il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Tarixi sübutlar göstərdi ki, erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında və sonlarında törətdikləri qanlı aktların coğrafiyası daha geniş yayılıb və faciə qurbanlarının sayı gözləniləndən qat-qat çoxdur”.
Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlılara qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.Ermənistanın terrorçu siyasətinin bariz nümunəsi olan faktlardan biri də II Qarabağ müharibəsi müddətində sərhəddən kilometrlərlə uzaqda yerləşən yaşayın məntəqələrinə atəş açması idi. Bu müddət ərzində Gəncə, Mingəçevir, Xızı kimi bır sıra yaşayış məntəqəsi düşmən tərəfindən ballistik raketlərlə bombardman edildi. Bu şəhərlər içərisində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni xüsusilə qeyd etmək lazımdır. 4-17 oktyabr tarixləri müddətində 5 dəfə hücuma məruz qalan Gəncə şəhəri ən çox zərər çəkən şəhər oldu. Məsələn, Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində Gəncənin ağır artilleriya atəşinə tutulması ilə 9 mülki şəxsin öldüyü və azyaşlılar da daxil olmaqla 35 nəfərin yaralandığı, oktyabrın 17-də edilən raket hücumu nəticəsində 13 nəfərin həyatını itirdiyi, 50-dən çox insanın yaralandığı məlum oldu. Gəncədən sonra ikinci ən çox zərər çəkən şəhər Bərdə idi. Bərdə şəhərində ermənilərin mülki şəxsləri hədəf alması nəticəsində 20 mülki şəxs həyatını itirərkən, 60-dan çox insan yaralandı. Bütün dünya Azərbaycanda günahsız insanlara qarşı törədilən bu terrora gözlərini yumsa da, səssiz qalmağa çalışsalar da, Azərbaycan xalqı sosial platformalar vasitəsilə bütün həqiqətləri dünyaya çatdırmağı bacardı. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə “müvəqqəti atəşkəs rejiminin” yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın¬da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev bildirib: “Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur”. Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq.
Şanlı Azərbaycan Ordusu tarix yazaraq Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü və 23 saatlıq antiterror tədbirləri nəticəsində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”.
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.
Azərbaycan xalqı və hökuməti hər zaman soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, dünya ictimaiyyətini bu tarixi hadisələrdən dərs almağa, erməni faşizminin əsl mahiyyətini ifşa etməyə çağırır.
Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

 

S.e.f.d. dosent Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR