Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü seçilib
XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.
Görüş “Azərbaycanım” beynəlxalq jurnalının baş ofisində baş tutub. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi salamlayan beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli onunla ötən görüşünü məmnunluqla xatırladıb. Söhbət zamanı XI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada forumun nüfuzu getdikcə daha da artır. Sonra Emil Nəsirli beynəlxalq jurnalın fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr barədə, eləcə də, bu illər ərzində beynəlxalq jurnalın dünya təcrübəsinə inteqrasiyası istiqamətində qazandığı uğurlardan danışıb.
Görüşdə Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin jurnalın fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
Baş redaktor Emil Nəsirli bildirib ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlər kifayət qədər yüksək səviyyədədir: “Azərbaycanla Bosniya və Herseqovina beynəlxalq təşkilatlar çərçivəsində bir-birini bütün məsələlərdə dəstəkləyir. Bosniya və Herseqovinada hər hansı bir çətinlik baş verən vaxtlarda Azərbaycan hər zaman onların yanında olub. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı və bizim haqq işimizi dəstəkləyib. Bu, dostluq və qardaşlıq mövqeyidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləyib”.
Emil Nəsirli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bakı və Sarayevo hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlərdir.
Daha sonra Emil Nəsirli əlavə edib ki, son vaxtlar Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticari-iqtisadi əlaqələr də yüksək dinamizm şəraitində sürətlə inkişaf edir. Amma mütləq rəqəmlər baxımından yanaşdıqda ticari-iqtisadi əlaqələrin genişlənməsi imkanlarından dolğun şəkildə istifadə edilməsinə ehtiyac var. Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə çox ciddi və perspektivli bir sənəd kimi iki ölkə arasında gələcək inkişafın istiqamətlərini göstərir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində işıqlandırılan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini özündə əks etdirən foto stendlə tanış olub.
Görüşdə Bosniya və Herseqovinanın aparıcı kütləvi informasiya vasitələri ilə “Azərbaycanım” beynəlxalq jurnalı arasında informasiya mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsi, bu əlaqələrin Bosniya və Herseqovinanın Azərbaycanda, ölkəmizin isə Bosniya və Herseqovinada tanıdılması üçün zəruri vasitələrdən istifadə edilməsinə töhvə olacağının vacibliyi ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi jurnalın “Fəxri Xatirə kitabı”na ürək sözlərini yazıb.
Görüşdə Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə birgə foto çəkdirib.