AŞPA-dakı antiazərbaycan qrupların eybəcərlikləri
Azərbaycan AŞPA-dan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır
Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə ikili standart mövqedən yanaşırlar. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən beynəlxalq təşkilatların qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil.
AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı açıq-aydın görünür. Bunu beynəlxalq riyakarlığın təzahürü kimi də qiymətlədirmək olar. Çünki 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Əslində, beynəlxalq birlik AŞPA-ya insan haqlarının müdafiəçisi kimi baxır. AŞPA isə buna cavab olaraq qarşılıq verə bilmir. Ümidləri puça çıxardan bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilir. Hətta bu təşkilatın daxilindəki qüvvələr inkişaf etməkdə olan ölkələrə qarayaxma kampaniyası aparırlar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Bu, Qərbin antiazərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Çünki sessiyadakı çıxışlar qeyri-obyektiv və qərəzlidir. Ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür. Azərbaycan bu təşkilatdan siyasi olaraq nəzakət gözləyərkən, əksinə böhtanlarla qarşılaşır. Onunda deyək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. Bəyatda bildirlib ki, Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir: “Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən – Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”.
Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bir vaxtlar Azərbaycan Qərbə inteqrasiya etmək istəyərkən AŞPA kimi təşkilatları özünə demokratik olaraq nümunə götürürdü. Lakin reallıq göstərdi ki, AŞPA və bu kimi təşkilatlar heç də demokratik dəyərlərə istənilən səviyyədə hörmətlə yanaşmırlar. Çünki Azərbaycan Qərbə inteqrasiya etdikcə davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə qarşılaşıb. Görünən odur ki, Qərbin tarixən davam etdirdiyi imperializm siyasəti bu gün ikili standart mövqe namyiş olunması ilə özünü biruzə verir. Qarabağ məsələsində Ermənistana lazımi təziyiq etməyən hegemon dövlətlər, qondarma erməni soyqrımı məsələsində ermənilərə dəstək göstərməkdən çəkinmirlər. AŞPA kimi ikili standartlar, qrayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent