Çingiz Əliyev: “Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu çoxşaxəli əməli fəaliyyəti ilə sübut edib”
Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti, Tuva Azərbaycan Cəmiyyətinin sədri Çingiz Əliyev Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Diaspornews.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz düşünülmüş strategiya nəticəsində Azərbaycan dünyada öz dinamik inkişafı ilə tanınan dövlətə çevrilib. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu çoxşaxəli əməli fəaliyyətinizlə sübut edibsiniz. Buna görə də hazırda dünya azərbaycanlıları bir yumruq halına gələrək Sizin ətrafınızda birləşib. Ali Baş Komandan olaraq Sizin və Azərbaycanın rəşadətli Ordusunun sayəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən hər birimiz fərəh hissi duyuruq. Rusiya Federasiyasının Tuva Respublikasında yaşayan soydaşlarımız birlik nümayiş etdirərək 7 fevral prezident seçkilərində Sizin namizəliyinizi dəstələyirlər. Dünya azərbaycanlılarına Zəfər sevincini yaşadan Prezident kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə yüksək zirvələr, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.
Sizinlə fəxr edirik, bizim Prezidentimiz! Tanrı Sizi qorusun!”