UNUDULMAZ İNSAN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Yadımdadır, Arifin bizim kəndə gəlişi məni çox sevindirdi. Onu bizim kənd orta

məktəbinə direktor təyin etmişdilər. Bəli, onu sevinclə qarşıladıq. Burda ona simsar olan

Usta Məcid (dayım), Həmzə dayı (Arifin dayısı) vardı. Adətən, Arif bizimlə çox hərarətlə

görüşərdi. İndi də elə oldu. Zarafatla mənə dedi:

– Görürsən də, indi mən də sənin kimi ibişli oldum. Yəni bu kəndin sakinlərindən

biri də mənəm. Bir zaman biz səninlə qarşılaşanda salam-sağolla görüşümüzü bitirərdik.

İndi söhbət eləməyə vaxtımız çox olacaq. Səninlə söhbət edəcəyim məsələlər var.

Aradan xeyli keçəndən sonra Arif məni qaldığı evə çağırdı. Ötəndən-keçəndən söhbətə başladı:

– Bilirsənmi, Yunus babam əslən Qəmərlidəndi. Müxtəlif vəzifələrdə işləyib. Babamın orda ata evi də olub. Bu barədə atam da həmişə kövrələ-kövrələ danışardı… Bayatı

deyərdi. Bunlardan yadımda bir neçəsi qalıb.

Qəmərlidən, Vətəndən,

Söz düşəndə ötəndən..

Aralıqda həsrət var,

Nə səndəndi, nə məndən.

Sinəm başı yaradı,

Baxtın üzü qaradı.

Bizim yurd Qəmərlidi,

Oğul, demə haradı.

Dərdim biridi, beş idi?!

İndi ömrün qışıdı.

Baş altında yastığım

Qəmərlinin daşıdı.

Adımız orda qalıb,

Dadımız orda qalıb.

Qəmərlidi yurdumuz,

Odumuz orda qalıb.

Atam deyərdi ki, qonşuluğumuzda bir yaşlı qadın vardı. Həmişə ozalanar, bayatı deyərdi. Çoxu yadımdan çıxıb, amma birini xatırlayıram:

Dağları aşdım, gəldim,

Çay kimi daşdım, gəldim.

Yağı arxalı idi,

Əlinnən qaşdım, gəldim.

Baxardım ki, ağlayır, nənənin hər iki gözündən yaş axır. Hardan gəlmişdi, başına

nələr gəlmişdi, bilmirdim. Bunları soruşmaq heç ağlıma gəlməmişdi. İndi yadıma salanda

heyifsələnirəm ki, mən niyə o nənəni danışdırmadım.

Daha sonralar Amasiyaya gəlmişik. Qəmərlidəki qohumlar, Yunus babamın soy-kö-

kü öyrənilməyib. Bax, bunları öyrənmək, ortaya çıxarmaq sənin, mənim, bir də Yusifin

borcudur. Bilirəm, Yusif də bu məsələni həll etməkdə çox maraqlıdır. Mən bilən bizim

Vaqifin də bu barədə ətraflı məlumatları var. Bunların hamısı bir yerə cəmləşdirilməlidir.

Sən buna nə deyirsən.

– Mən razıyam, gözəl ideyadır. Sadəcə, bunu həyata keçirmək lazımdır.

Beləcə Yunus baba haqqında ilk məlumatı Arifdən aldım.

…Sonralar Ariflə rastlaşanda bundan uzun illər keçmişdi. O da, mən də yaşlanmış-

dıq. Yenə adəti üzrə mənimlə hərarətlə görüşdü, dedi:

– Dediklərim yadından çıxmayıb ki. Yunus babamın soy-kökü, şəcərəsi haqqında

ətraflı yazılmalıdır. Bu işi sən görməlisən. Baxıram yaxşı təcrübə də qazanmısan. Bir də

ay səni sağ olasan, dədə-babalarımızı tanıtmaq hər bir ziyalının vicdani borcu deyilmi?

Bunu yerinə yetirmək lazımdır. Həm də bu iş Qərbi Azərbaycanda yaşayan soydaşlarımı-

zın, ziyalılarımızın tanıdılmasına xidmətdir.

…Bəli, Arif həmişə dədə-babaları yada salar, Ağbabanı, Amasiyanı tez-tez xatırlayar, kövrələrdi.

Beləcə illər hiss etmədən gəlib keçdi, Arif də dünyadan köçdü. Ona verdiyim söz

vəd kimi qaldı. Bu işi yerinə yetirmək lazımdı dedim.

Bəli, Arifin gözəl ideyaları, mülahizələri vardı, yaxşılığa meyilli idi. Unudulmaz insandı. Təbii ki, yaxşılar heç vaxt unudulmazlar. Onlardan biri də Arifdi.

Tacir Səmimi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR