Şair Baba Vəziroğlu 70 illik yubileyi günündə oxuculara yeni şeir hədiyyə etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, nəğməkar şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlunun 70 illik yubileyidir. Yasamal rayon MKS-nin kollektivi və oxucuları adından şairi təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
Oxucuların sevimlisi şair Baba Vəziroğlu kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə növbəti dəfə “Sənsən” şeirini təqdim etdi. Kövrək sevgi notlarına köklənən şeir həzin bir nəğmə kimi ürəkləri riqqətə gətirir. Saf, təmiz, şair duyğuları misralara çevrilərək məhəbbət adlanan şirin nəğmənin sözlərinə çevrilir.
Sənsən

Dünyanın sevinci, həm də qəmiyik,
Bir tarın alışan qoşa simiyik,
Yarıya bölünmüş alma kimiyik,
Bir üzü mənəmsə, bir üzü sənsən…
****
Səsini eşidək yağan yağışın,
Hər ötən baharın, hər gələn qışın.
Dünyaya boylanan bircə baxışın
Bir gözü mənəmsə, bir gözü sənsən…
****
Tənha yolçulara bu yollar çətin,
Dərələr keçilməz, qayalar mətin.
Məhəbbət adlanan bu məmləkətin
Bir dağı mənəmsə, bir düzü sənsən…
****
Şirindir, acıdır sevginin dadı,
Həsrət bir adıdır, vüsal bir adı.
Məhəbbət özü bir bütöv dünyadı,
Gecəsi mənəmsə, gündüzü sənsən…
****
Qoşa gülləriyik biz bu çəmənin,
O nərgiz mənimdi, bu lalə sənin.
Məhəbbət adlanan şirin nəğmənin
Bir sözü mənəmsə, bir sözü sənsən…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR