Tacir Səmimi:”XOŞ XATİRƏLƏRİN YAZISI”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tale elə gətirdi ki, mən yuxarı sinifləri rayonda – Amasiya orta məktəbində
oxumalı oldum. Kəndimizdə, yəni İbişdə o vaxtlar səkkizillik məktəbdi. Yadımdadır, üç nəfər (mən, İlyas və Fəxrəddin) Amasiya orta məktəbinə üz tutduq. Bu
məktəbdə həm azərbaycanlılar, həm də ermənilər təhsil alırdılar. Məktəb direktoru
erməni, dərs hissə müdiri azərbaycanlı idi. Qış sərt keçdiyindən, üstəlik, arada
iyirmi kilometrdən çox məsafə olduğundan kəndlərdən gələn şagirdlərə məktəbin
yataqxanasında yer də verilirdi. Biz də bundan yararlandıq. Məktəbin yataqxanasını tərbiyəçi müəllimlər xüsusi diqqət altında saxlayırdılar. Bunlardan biri də Mürsəl müəllimdi. O, nizam-intizama diqqət edir, bizə öz övladları kimi qayğı göstərirdi. Mürsəl müəllimin uşaqları da məktəbdə oxuyurdular. Az bir vaxtda Tahir və
Nizami ilə tanış oldum. Çox keçmədi ki, bu tanışlıq dostluğa çevrildi. Yavaş-yavaş
Mürsəl müəllimgilə gedib-gəlməyə başladım. Bundan əlavə Alışan dayıgilə, bir də
Səməd dayıgilə gedirdim, bunlar bizə simsar adamlar idilər. Bu münasibətlərdə Səməd dayımın oğlanları Arif və Yusiflə də dostlaşdım. Yusiflə daha yaxın dost olsam da, Ariflə arama bir məsafə qoydum. Çünki o, məndən bir neçə yaş böyükdü,
amma Yusiflə yaşdaş kimi idik.
Həmişə Mürsəl müəllimgilə gedəndə utancaqlıqdan məni tər basardı. Zöhrə
xalanın verdiyi çay-çörəyi yeyənə qədər birtəhər olurdum. Adətən, Zöhrə xala az
danışan, amma olduqca səliqə-sahman sevəndi. Arada bir deyərdi:
– Ay bala, niyə utanırsan, burda utanmalı nə var ki?
Mürsəl müəllimin böyük qızı Pakizər də ev işlərində anasına kömək edər, o
da az danışar, çox vaxt susmağa üstünlük verərdi.
Sonralar Yusif Pakizərlə evləndi, oğul-uşaq sahibi oldular. Bizim münasibətlər yenə davam etdi, səmimiyyətdən heç kim əl çəkməz – mən belə düşünürəm.
Mən həmişə Yusifgilə gedən kimi Arif də xəbər tutub gələr, Pakizərə “Zözəmin
qızı” deyirdi (Zöhrə xalaya Zözə deyirdi):
– Mənə bir istəkan çay ver, Zözəmin qızı.
Pakizər dərhal onun dediyini yerinə yetirərdi. Onun gülümsəməyindən ağa
qaynından (Ağbabada böyük qayına belə deyirdilər) razı olduğu bilinirdi. Doğrudan da, xasiyyəti eynən Zöhrə xalaya oxşayırdı. Qonaqpərvər, xeyirxah, təmizkar,
səliqə-sahman sevən, ailəcanlı… Bir sözlə, onu tanıyanların hamısının rəğbətini qazanmışdı. Evdə üç uşaq da böyüdürdü. Leyla, Aygün, Yunus. Adətən, Arif Yunusu
yanına çağırıb onun başını tumarlaya-tumarlaya üzünü mənə tutardı:
– Bu, bizim babamızdı. Tacir, bilirsənmi?
Bəzən Yusifgilə gedəndə Tahirlə də rastlaşardım. Hərdən bir ona bir tərəfdə
sakit dayanan Yunusu göstərərdim:
– Tahir, bu uşaq sənə çox oxşayır.
2
Tahir gülümsünərdi:
– Dayısıyam, niyə də oxşamasın ki?! Amma onu deyim ki, nə qədər yaxşı dayı olsam dayım (Ağbabanın tanınmış ziyalısı Museyib Həsənovu deyirdi) kimi ola
bilmərəm.
Mən Pakizərin Tahirə yaxın əyləşdiyini görüb deyirdim:
– Pakizər, qardaşlarından kimi çox istəyirsən?
– Tahiri, o, mənə ata əvəzidir.
– İnsafən Tahir də səni çox istəyir.
Beləcə neçə illər əlaqələrimiz kəsilmədi. Sonralar lüzumlu və lüzumsuz işlər
ortaya düşdü, bizi bir-birimizdən ayrı saldı. Bir də onda ayıldıq ki, qocalıq qapımızı kəsdirib. Yaş o yaş deyil, saç ağarıb, diş tökülüb, bel bükülüb… Allahın bəlası
pandemiya dünyanı sanki yerindən oynatdı, nə qədər adamların ölümünə səbəb oldu. Pakizər də xəstələndi. Sağalsa da, xəstəlik onu rahat buraxmadı… Allahın təqdiridir… Əcəl gələndə, vaxt tamam olanda heç nə köməyə çatmır. Həyatın, dünyanın bir pozulmaz qanunu var: dünyaya gələn bir gün getməlidir. Burada rəhmətlik
nənəm Xəstə Zərnişanın dedikləri yadıma düşdü:
Kimsə qala bilməz, qala bu yerdə,
Muradın beş betər ala bu yerdə.
Gələ əməllicə hala bu yerdə,
Sel kimi çağlayıb axanlar gedər.
Zərnişan, belədir, qurulub mizan,
Fələyin yolundan olmaz bir azan.
Əcəl var gələndə ömürü pozan,
Nə paşalar gedər, nə xanlar gedər.
62 yaşında Pakizəri də itirdik. Allah sənə rəhmət eləsin, Pakizər bacım, torpağın yumşaq, ruhun şad olsun. İki il sənsiz ötsə də, sən səni tanıyanların söhbətsözündə yaşayırsan, adın ürəklərdən silinməyib.
Bəli, bu yazını xoş xatirələrin işığında yazdım. Yazdım ki, bu qeyd olunanlar
unudulmasın, xatırlansın. Yaxşı insanlar həmişə xatırlanmalıdır.

Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR