Şəhid övladlarına dədə olan Cavanşir Qurbanov….
Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bu dünyada hər birimiz öz ömür yolumuzla addımlayırıq. Kimisi üçün bu yol hamardır, kimisi üçün enişli-yoxuşlu. Bu yolu elə addımlamalıyıq ki, sonunda qoyduğumuz iz silinməsin, şərəflə, ləyaqətlə keçək ömür yolumuzu.
Bu gün Azərbaycanın dəyərli ağsaqqalı, sadəliyi, səmimiliyi ilə hamının sevgisini qazanan, II Qarabağ Vətən Müharibəsindən sonra sevgisini, vaxtını şəhid övladlarına əta edən gözəl bir dədənin də ad günüdür.
Uzun illər Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü olan professor Cavanşir Qurbanov dövlət başçımz tərəfindən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, hazırda Yasamal rayonu Ağsaqallar Şurasının sədridir.
Bu gün özünü tamamən şəhid alilələri, qazilərin balalarına həsr edən Cavanşir Qurbanov haqqında danışarkən elə adının çəkilməyi bəs edir. Çünki bu insanın üzünün nuru, insanlarla davranış mədəniyyəti bohema parlaqlığı kimidir. O adam yaxşı bir insan olur ki, o həm də başqalarını yaxşılıq etməyə sövq edir. Onları pis əməllərdən uzaqlaşdırır. Övladlarına da bu vərdişi təlqin edir. Ürəyimdə o qədər yaxşı, nəcib sözlər var ki, Cavanşir dədə haqqında. İnsan o qədər yaxşı sözə layiqdir, bilmirsən nə yazasan ki, mükəmməl olsun, onu tərənnüm etsin..Soruşa bilərsiz ki, niyə dədə? Çünki bu gün Cavanşır Qurbanov ağsaqqal statusunu göylərə qaldıraraq insanlığın gözündə Qorqud timsalı yarada bilib. Dünyada ən çətin şey öz duyğularının tərcüməçisi olmaqdır. Psixoanaliz elminin banisi olan yəhudi əslli avstriyalı nevroloq Ziqmund Freyd deyir ki, böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. Cavanşir dədə də öz həyatının mənasını özündə axtarıb. O, başqalarını sevindirərkən özü də sevinir və həyata rəng verdiyi üçün öz içindəki həyatın məna çalarlarının göy qurşağı qədər gözəl olduğunu duyur. Bu gözəlliyin nurun bürünən dostların, yaxınların qəlbi də fərəhlə dolur.
İkinci Qarabağ Vətən Müharibəsi nə qədər sevinc verdisə, nisgilimiz də az olmadı. Böyük sevinc yaşayan Cavanşır dədənin gözlərində də bir nisgil yuva qurdu. Fərəhlə qabaran köksündə bir ağrı da daşımağa başladı. Şəhid övladlarının qürur dolu baxış
larında ata həsrətinin agrılı görüntüsü köksünə saplandı. Və oğlu Cəlalın “Mənim atam qəhrəmandır” layihəsilə şəhid, qazi ailələrinin doğmasına, əzizinə çevrildi. Demək olar ki, hər gün şəhid balaları ilə görüşən Cavanşir dədə artıq onlarsız dura bilmir. Bütün sevgisini, həyat eşqinin gözəlliyini, qəhrəman övladı olmağının nə qədər təntənə olmasını təlqin edərək, onlarla bir sevinir, onlarla bir kədərlənir. İnsan üçün həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır. Türk yazarı Cəmil Meriç deyir ki, səmimiyyət elə bir dildir, kor görür, kar eşidir, lal duyur.
Cavanşir dədə o qədər gözəl, örnək ömür yaşayıb ki, ömrü ömürlərə bərabərdir. Həm dövlətə, həm xalqa, həm vətənə olan xidmətləri ilə layiq olduğu qiyməti almışdır. Müdrik ağsaqqal bu gün yenə də yorulmaq bilmədən xeyir-şər məclislərində xeyir-duası ilə, gənclərin vətənpərvər ruhda yetişməsində tövsiyyələri ilə vətəndaş cəmiyyətində önəmli kürsülərdədir.
Ata sevgisi dünyanın ən gözəl sevgilərindən biridir. Bəzi atalar övladlarına səni sevirəm deyə bilməz. Əvəzində baxışlarıyla “diqqətli ol”, ”nəsə ehtiyacın olsa zəng et”, “hər zaman nəfəsimi hiss et”- deyər.
Ümumiyyətlə ata obrazı ümumbəşəri Tanrı arxetipinin milli donda zühurudur. Ata yerdəki tanrıdır deyirlər. Əziz Cavanşir ata! Bu gün sənin günündür! Bu gün o qədər gözəl bir gündür ki, bu xalqın bəxti gətirib sizin kimi bir insan bu ölkədə doğulub. Şair Həsən Küskünün təbirincə desəm, yüz yaman köçəndə bəxti gətirdi, bir yaxşı köçəndə itirir dünya. Sizin kimi yaxşıları qorumaq da bizlərin borcudur. Canlı arxiv, canlı tarix olaraq… Arxamızda uca bir dağ olaraq…
Siz o qədər gözəl bir valideynsiz ki, bəzilərin qürur yeri, bəzilərin də həsəd yeri olmusuz. Azərbaycan kişisinin klassik modelini qoruyaraq bu günə gətirməniz, bu günkü duruşunuz örnək nümunədir. Haqqınızda dayanmadan yazmaq gəlir ürəyimdən. Cəlalın sizə sevgisi qədərdi sizə sayğı, ehtiramımız.
Ad gününüzü təbrik edirəm, Cavanşir dədə! Qorqud timsallı yerişiniz, duruşunuzla sevginiz bol-bol olsun şəhid balalarına. Canınız sağ olsun ki, onlar da sevginizdən bəhrələnsinlər.
100 yaşayın, elin dəyərli AĞSAQQALI!
Sevgi, sayğı, ehtiramla,
sizin Şərafət Şəfa
Oxşar Xəbərlər
- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- Azərbaycan Prezidentinin Albaniyanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub
- TAİB-in mərkəzi ofisində “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı “dəyirmi masa” keçirilib