Şərafət Şəfa yazır:”El ağsaqqalı Eyvaz Hünbətovun 77 illiyinə….”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Viktor Hüqo deyir ki, başqalarına verdiyimiz sevincin də bir gözəlliyi var, o başqa şüalar kimi sönməz, daha parlaq bir nur kimi bizə tərəf qayıdar. İnsan dünyaya gələrkən onun həyati missiyası da verilir. Ona verilən missiya tamamlanmamış insan dünyanı tərk edə bilmir. Bu, aksioma kimi həkk olunmuş kəlməni böyüklərimizdən eşidə-eşidə böyüdük. İnsan var çox az  bir ömür yaşayır, amma əbədiyyən dillərə dastan olur. İnsan da var şərəfli ömrü ilə ömürlərə örnək olur. İnsan da var diri ikən ölüdür. Nə insanlığa, nə cəmiyyətə, nə dövlətə bir faydası var. Elə insanlar da var ki, bütün həyatını xalqına, dövlətinə həsr edərək, qalan ömrünü də cəmiyyətin saflaşmasına yönəldərək ictimai fəaliyyəti ilə son nəfəsinədək yararlı olmağa çalışır. Bizim el ağsaqqalı Eyvaz Hünbətov kimi.

Eyvaz Hünbətov həm gözəl vətəndaş, həm gözəl ailə başçısı, həm də gözəl dostdur. Onun tərcümeyi-halını yazmağa hacət yoxdur. Çünki əməli fəaliyyəti ilə yetərincə tanınmış bir insan və cəmiyyət tərəfindən yüksək formada qəbul edilən bir ağsaqqaldır. Ömrünün 77-ci baharını yaşayan Eyvaz dədə bu gün böyük bir gənclik ordusuyla addımlayır. Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini vəzifəsini icra edən dəyərli ağsaqqalımız birliyin tərkibində yaradılan və 300-ə yaxın üzvü olan Gənclər Təşkilatının gəncləri ilə iş aparır, onların həyata keçirdikləri bütün işlərdə yanlarında olmağa, tövsiyyələri ilə uğura götürməyə çalışır. Bilmirəm kimin sözüdür, deyir, ağsaqqal olmaq üçün elə yaşamaq lazımdır ki, sənin tərcümeyi- halını yalnız xələflərin deyil, elə  sağlığında müasirlərin canlı bir kitab kimi oxumağa ehtiyac duysunlar, böyük əməllərindən, geniş həyat təcrübəndən öyrənib gördüyün xeyirxah işlərin, apardığın müzəffər mübarizənin səndən daha enerjili davamçıları olsunlar. Bütün tariximiz boyu ağsaqqallar cəmiyyətdə gedən proseslərin tənzimlənməsində, yeni nəslin formalaşmasında, mədəniyyətimizin, milli irsimizin qorunmasında, tərəqqimizin inkişafında mühüm rol oynayıblar.

Eyvaz Hünbətov da el ağsaqqalı olaraq öz boynuna düşən missiyanı ləyaqətlə, böyük həvəslə yerinə yetirməyə çalışır. Biz uzun illərdir ki, onunla birgə addımlayırıq. Kollektivin edimadını, gənclərin sevgisini qazanan bu cür insanların yorulmaq bilmədən çalışması gənclərə də böyük stimul verir. Eyvaz Hünbətov haqqında çox danışmaq olar. Örnək ömürlü insanın şəxsiyyət kimi yetişdirib cəmiyyətə təqdim etdiyi övladları bu gün müxtəlif sahələrdə xidmət göstərməkdədirlər. Cəmiyyətdə nüfuz sahibi olmaq istəyirsənsə, öncə övlada nümunə olmağı bacarmalısan. Nümunəvi və səliqəli ömrü olan insanlar cəmiyyət tərəfindən böyük ehtiramla qarşılanır, onların dediyi sözlərin, verdiyi tövsiyyələrin də sambalı olur.

Eyvaz dədənin bu gün 77 yaşı tamam olur. 77 rəsmi yubiley yaşı sayılmır. Amma psixoloji baxımdan, adına numerologiya deyilən təlimin içindən nəzər salanda çox maraqlı bir yaş dönəmidir. Hesablamalara görə, psixomatrisdə iki 7 varsa, bu insan uğurlu insandır. El arasında, bəxti gətirən insan deyirlər. Risk etmək qabiliyyətinə malik olur və qarşısına çətin məqsədlər qoyur, hansı ki, onların öhdəsindən gəlmək iqtidarına malikdir. Bu insanların həyatda üzləşdikləri çətinliklər isə yalnız onların yanlış seçimlərindən asılı olur. Bir nsanın həyatının ən gözəl dövrüdür ahıllıq çağı. Bu yaşda ehtiram kreslosunda, ətrafdakıların sayğı, hörmət və sevgisiylə əhatələnir insan. Eyvaz Hünbətov kimi şərəfli ömür yolu keçən insanlar qarlı, vüqarlı dağ başına bənzəyirlər. Onlar ucaldıqları ahıllıq tinindən keçdiyi yollara, cığırlara baxdıqca köksləri fərəhlə dolur. Elə, obaya, yurda olan sevgilərilə, örnək ömürlrilə yaşıllaşdırmış olurlar keçdikləri yerləri.

Kaliforniya Universitetinin professoru Vilcoxun maraqlı bir tendensiyası var. Deyir:”Mən stul analogiyasından istifadə edirəm. Pəhriz, fiziki fəaliyyət, əqli məşğuliyyət və sosial əlaqə dörd ayaqdır. Onlardan biri olmadıqda, balansı itirirsən və həyatını qısalda bilərsən. Uzunömürlülük üçün heç də bir faktor kifayət deyil – dörd ayağı yaradıb, qorumaq və bundan həzz almaq şərtdir”. Professorun “analogiya” adlandırdığı bu dörd nüans qeydsiz-şərtsiz də bizim Azərbaycan ağsaqqallarının həyat və yaşam tərzidir. Çünki türk dünyasının bütün müdrik ağsaqqalları hər zaman belə yaşayıblar, həyatlarını belə də davam etdirirlər. Eyvaz Hünbətov da öz həyatını bu analogiya üzərində qurub. O, ömrünün 77-ci  ilini fəal ictimaiyyətçi olaraq, cəmiyyətə töhfə vermək üçün ictimai arenada 78-ə adlayır. Ağsaqqallıq missiyası hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir işdir. Bu müqəddəs işdə dəyərli ağsaqqalımıza uğur diləyir, möhkəm can sağlığı arzusuyla ömrünün 87, 97, 107 illiklərini yaşamasını arzulayırıq!

Ad gününüz mübarək, əziz Eyvaz dədə! Həmişə belə gənc, çılğın ruhlu olun!

 

Ehtiramla,

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR