Girne şəhərində Zəfər Günü münasibətilə bayram tədbiri olub
Şimali Kipr Türk Respublikasının Girne şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə hökumətin, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu möhtəşəm bayram münasibətilə xalqımızı və türk dünyasını təbrik edib: “Bu misilsiz və parlaq Zəfər əzəli torpaqlarımızı həyatları bahasına qaytaran, şəhadət zirvəsinə yüksəlmiş şəhidlərimizin və qazilərimizin yazdığı qəhrəmanlıq salnaməsidir. Qəhrəman Azərbaycan əsgəri təkcə Vətənimiz üçün deyil, bütün region üçün təhlükə olan erməni faşizminin başını əzərək, sülhün, əmin-amanlığın, azadlıq və rifahın təminatçısına çevrildi. Azərbaycan xalqına bu tarixi qələbəni yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, xalqımızın birliyi sayəsində bu günləri görürük”.
Cəmiyyət sədri eyni zamanda diasporumuzun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə geniş iş apardığını xatırladıb, diaspor təşkilatlarına diqqət və qayğı ilə yanaşan Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel, Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyasının sədri Savaş Ünal çıxışlarında bütün türk dünyasını sevindirən xalqımıza xoş arzularını bildiriblər. Türkiyə və Azərbaycan birliyinin əhəmiyyətindən söz açıblar.
Baş nazir bir müddət öncə Azərbaycanda səfərdə olduqlarını yada salıb: “Prezident İlham Əliyevin ölkənizdə apardığı işlərlə yaxından tanış olduq. Sözün tam anlamı ilə qürur hissi yaşadıq. Qısa zamanda bu qədər beynəlxalq nüfuz əldə etmək onun mükəmməl dövlət adamı və lider olmasının nəticəsidir. Biz Azərbaycanla qarşılıqlı əlaqələr qurmaqdan böyük məmnuniyyət hissi yaşayacağıq. Türk dövlətlərinin birliyi bizi gələcəyə güclü dövlətlər olaraq çıxaracaq”.
Tədbir Azərbaycan və Türkiyə sənətçilərinin ifasında konsert proqramı ilə başa çatıb.
Çox sayıda soydaşlarımızın iştrak etdiyi mərasimdə Naxçıvan Dövlət Flarmoniyasının solistləri, əməkdar artist Zülfüqar Mahmudov, Əfsanə Babayeva və Nərmin Hüseynova milli musiqilərimiz ilə qonaqlara xoş anlar yaşadıblar. Təntənəli mərasimdə həmçinin Bolqarıstan xalq artisti Fəxriyə Güney, Türkiyəli ozan Zübeyir Daraz və azərbaycanlı musqiçi Samir Abdullayev müxtəlif musiqi nömrələri sərgiləyiblər.
Oxşar Xəbərlər
- “Oğlunun əlindən tutub, qorxmadan, qətiyyətlə qızğın döyüş meydanına, əsgərlərin, qəhrəman döyüşçülərin yanına apardı”
- Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
- TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar Şemsettin Kuzeçi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimində iştirak edib