YUXARI ƏYLİS SƏFƏRİM

Mən hələ gənclik vaxtlarımdan, daha doğrusu, tələbəlik illərindən gəzib-dolanmağa,
mənzərəli yerləri seyr etməyə maraqlı olmuşam. Ona görə də fürsət düşdükcə ayrı-ayrı yerlərə
getmiş, xeyli ərazilərdə, kənd və qəsəbələrdə olmuşam. Gəzib-dolandığım yerlərdəm biri də
Naxçıvan olub. Bu yerin adamları, zəngin tarixi, maraqlı tarixi abidələri, folklor və etnoqrafiyası həmişə məni özünə cəlb edib.
Yadımdadır, Naxçıvana axırıncı dəfə 2019-cu ildə getmişəm. O da tələm-tələsik olub.
Nuh gəmisinin yerində oturub yemək yeyib söhbət etmişik. Allahın bəlası pandemiya araya
girdiyindən qapalılıq və qadağalar artdığından daha gəzib-dolanmaq da, digər başqa arzu və
istəklər də az qala unudulub.
…Bu il bir az xeyirli oldu. 39 ildən sonra tələbə dostlarının bir neçə nəfəri ilə əlaqə yarandı. Yavaş-yavaş tələbə yoldaşlımla münasibət qüvvətləndi, təxminən 15-16 nəfər axır ki, bir
yerə toplandı. O görüşdə hiss etdim ki, bir çox tələbə yoldaşlarıma bu görüş yuxu kimi gəldi,
yəni gözlərinə inana bilmədilər ki, 39 ildən sonra bu qədər adam bir yerdə toplana bilərmiş.
Doğrudan, bu necə oldu? Bu sual çoxunu təəccübləndirdi. Görüşdən sonra yenə gənclikdəki
həvəsim baş qaldırdı. Yəni bir yerə getmək, gəzib-dolanmaq lazımdı. Bu, ürəyimin istəyi idi.
Könlümdə isə Naxçıvan vardı. Bu gözəl diyar məni özünə cəlb edir, sanki mənə gəl-gəl deyirdi. Nəhayət, qəti qərara gəldim. Avqustun 8-də Bakıdan Naxçıvana təyyarə ilə uçdum. Hava
limanında məni tələbə yoldaşım Yusif qarşıladı. Oradan bir taksiyə oturub yolda düşdük. Hava
olduqca isti idi. Bəxtimizdən maşında kondisioner də yoxdu. Sürücü bütün pəncərələrin şüşə-
lərini aşağı saldığından ətrafdan içəri dolan isti hava bizi yandırıb yaxırdı. Elə bil təndirin
ətrafında oturmuşduq. Onun içindən qalxan alovun istisi üzümüzə vururdu. Yusif də, mən də
birtəhər olmuşduq. Amma sürücü heç nəyə fikir vermir, mənzilə çatmağa tələsirdi. Bu, mənə
çox maraqlı gəldi. Yəni bu isti buna təsir etmir. Bu şəxs istiyə öyrəncəlidir?!
– Qardaş, bu maşına kondisioner quraşdırsan nə yaxşı olardı. Sən də rahat gedib-gələrdin,
sənin müştərilərin də. Bu istidə belə əziyyət çəkməzdik.
Sürücü məndən bu sözləri eşidəndə dönüb üzümə baxsa da, bir şey demədi. Amma onun
baxışlarından anlayacağımı anladım. Yəni get özünə iş tap, danışmağa başqa şey yoxdumu?
Düzü, pərt olsam da sürücünün cavabını verdim:
– Qardaş, sən bilərsən. Mən deyəcəyimi dedim. Mənim kimi ora-bura gedənlər uzaq başı
sənin maşınına bir dəfə minərlər, amma ikinci dəfə minməzlər. Bəlkə sən belə isti havada getməyə öyrəncəlisən. Amma inanmıram ki, başqaları bu fikirdə olsunlar.
Gördüm sürücünün sifətində heç bir dəyişiklik olmadı. Demək, bu, bir adət halını alıb.
Danışmağın, şikayət etməyin mənası yoxdu. Deməli, mənzil başına çatana kimi səbr eləmək
lazımdır.
Nəhayət, gəlib mənzilə çatdıq. Yuxarı Əylisdə, Yusifgilin evinin qabağında maşından
düşdük, qapını açıb içəri keçdik. Yusifin həyat yoldaşı Xədicə bacı bizi gülərüzlə qarşıladı.
Süfrənin başında əyləşəndə otaqdan əli əsalı bir yaşlı qadın da çıxdı. Gedib onunla görüşdüm.
Məlum oldu ki, bu ağbirçək də Yusifin anası Roza xaladı. Yeyib-içəndən sonra həyətə düşdük.
Həyətdəki ağaclar, güllər, dibçəklər, pilləkanlar mənim nəzərimi cəlb etdi. Yusiflə bərabər hə-
yəti dolandıq. Daha doğrusu, ikinci mərtəbədən taxta pilləkanla birinci mərtəbəyə endik. Yusif
mənə təndir damını, daha sonra qəribə quruluşlu bir otağı mənə göstərdi. Otağın xeyli uzunlu-
ğu vardı. Tavanı yarımdairə şəklində olub, Şərq ornamentləri ilə süslənmişdi. Qəribə, xırda
bacaları vardı. Olduqca möhkəm divarları vardı. Mənə elə gəldi ki, sanki Bakıdakı İçərişəhər
divarlarının yaxınlığında hardasa XII-XIII əsrlərdə tikilən qədim bir tikiliyə daxil olmuşam.
Deyəsən, ev sahibi də mənim ürəyimdən keçənləri anladı deyə dilləndi
– Bilirsənmi, bu evin çox qədim tarixi var, kim bilir neçıə yüzillik bir tarixi var. Mən də
sonradan buna əlavələr eləmişəm. Həm də bizim bu ev kəndin mərkəzində yerləşir. Vaxtilə burada karvansara da olub, ticarət əlaqələri zəif olmayıb. Kənd qədimlərdə çox böyük olub…
Daha doğrusu, qala-şəhər imiş…
– Belə qədimi evlər burada çoxdumu?
– Var, belə qədimi evlər də var, xarabalıqlar da.
Yusiflə qərara gəldik ki, tələbə yoldaşımızın oğlu Hikmətlə görüşək. O da Naxçıvanda
işlədiyindən şəhərə getməyi qərara aldıq. Fikirləşdim ki, yaxşısı fürsətdir, elə Yusifin kiçik qızı
Günaygilə də gedib uşaqlara baş çəkək. Evləri şəhər ətrafındadır.
Razılaşdıq. Naxçvana çatan kimi bir taksiyə əyləşdik. Baxdım Günaygilin evi elə də
uzaqda deyilmiş. Ev sahibi bizi gülərüzlə, hərarətlə qarşıladı. Günellə də, Həsən, Nicat və Nihatla da görüşdük. Amma bu görüş atüstü oldu. Baxdım bu nə Günayın, nə də qayınanasının
ürəyincə olmadı. Gülümsündüm:
– Hikmət bizi gözləyir. Bir də gün bu gün deyil ki… İnşallah, yenə görüşərik.
Sağollaşıb onlardan ayrıldıq.
Nəhayət, Hikmətlə görüşdük. Hikmətin boyu-buxunu o saatı Abbası yadıma saldı. Allahverdinin yaşadığı kəndə gəlib çatdıq. Tələbə dostumuz bizi gülər üzlə qarşıladı. O da Hikmətin
maşınına əyləşdi. Az keçmədi ki, Abbasın kiçik oğlu Azər də gəlib çıxdı. Ötənləri-keçənləri
andıq, Abbası xatırladıq. Hikmət bizi Zeyvə kəndinə – Abbasın doğulub boya-başa çatdığı
kəndə, ata evinə də apardı. Sonra da qəbiristanlığa gedib Abbasın qəbrini ziyarət etdik. Ziyarətdən sonra yenə Vəlməziyar kəndinə, yəni Allahverdinin evinə qayıtdıq. Ev sahibinin həyat yoldaşı Fatma bacı bizi gülərüzlə qarşıladı. Həyətə daxil olan kimi mən də, Yusif də açıq havada,
evin uzunluğu boyunca uzanan Arxeoloji muzeyə nəzər saldıq. Ayrı-ayrı yerlərdən toplanan
əmək alətlərinə, saxsı parçalarına, küplərə, daşdan hazırlanan çapacaqlara, baltalara və s. baxmağa başladıq. Həyətdə, açıq havada yeyib-içib ötənlərdən-keçənlərdən də söz açdıq. Baxdım
Allahverdinin həyətində yaşıllıq nisbətən yaxşıdır. Bunun nəticəsində ağaclar, bitkilər yaxşı
boy atıb, çünki kifayət qədər su var, quyu suyundan istifadə olunur.
Həmin günün səhəri rayon mərkəzinə – Şərura gəldik. Orda bir məqbul yerdə əyləşib çay
içəndən sonra Allahverdi ilə sağollaşıb Naxçıvana yollandıq. Nəhayət, oradan da yenə Yuxarı
Əylisə gəlib çıxdıq.
Bilmirəm nədənsə Ordubad məni özünə cəlb edirdi deyə bir neçə dəfə Yusiflə bərabər
oraya getdim. Bir dəfə şəhəri gəzib-dolananda yolda Məhəmməd Tağı Sidqinin ev muzeyinə
rast gəlincə Yusifə dedim:
– Gəl bir buraya da baxaq.
Dostum etiraz etmədi, içəri keçəndə bizi gülərüz, olduqca mehriban bir xanım qarşıladı:
– Buyurun.
Söhbət əsnasında məlum oldu ki, bu xanım ev muzeyinin baş nəzarətçisi Reyhanə Babayevadır. O, Ordubaddakı adət-ənənələrdən, milli mətbəxdən də məlumatlı olduğunu bəlli etdi,
üstəlik, Məhəmməd Tağı Sidqi haqqında ətraflı danışdı. Doğrusu, bu görüş Yusifi də, məni də
məmnun etdi, yaddaşımızda öz izini saldı Xoş bir xatirə kimi.
…Yuxarı Əylisin, eləcə də Aşağı Əylisin dağların qoynunda belədən-belə uzanması, daha
doğrusu, yaşıllığın, ağacların zolaq şəklində hardan-hara uzantısı həm kəndin ərazisinin geniş-
liyini, həm də onun qədim dövrlərini də az-çox xatırladırdı. Sanki dağlar hər tərəfdən kəndi
üzük qaşı kimi dairəyə almış, qala divarları kimi qoruyurdu. Burda ustad aşığımız Aşıq Ələsgərin istər-istəməz bu misrasını xatırladım:
Qüdrətdən səngərli-qalalı dağlar.
Bəli, bu qüdrətdən yaranmış səngərli-qalalı dağlar da da, qədimlərdən orta əsrlər şəhəri
olan Əylis də məni sehrlədi. Bu kəndin üç məscidi, mədrəsəsi, hamamı, bazarı olub. Bu ərazi vaxtilə ipək yolunun üstündə yerləşib. Bu barədə tələbə dostum Yusif Qədirquliyev dəfələrlə
Naxçıvan televiziyasında çıxış edib, Əylisin qədimlərdə qala-şəhər olduğunu, Əylis toponiminin məna, anlamını da dilə gətirib. Mən də onun bələdliyi və verdiyi məlumatlardan faydalanıb bu yazını işlədim.
…Burada bir problem var – su problemi. Qədim kəhrizlər quruyub, qalanları da azdı. Su
olsa bu ərazidəki güllü-gülüstanlıq, yaşıllıq bol olar. Kəndin gözəlliyi bir az da artar, kənd
gözəlləşər.
Nəyi yazdım, nəyi unutdum – bilmirəm, amma Yuxarı Əylisin gözəlliyi, qədimliyi, ətrafındakı əzəmətli dağ zirvələri, qədim binaları məni ovsunladı. Bu gözəl və unudulmaz mənzərələr yaddaşıma həkk olundu.
Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent