“BİR ÜRƏKDƏN MİN ÜRƏYƏ” HAQQINDA DÜŞÜNCƏLƏRİM

İmran Güllübulaqlı Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində
dünyaya gəlib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bakının 244 saylı orta məktəbində işləyir. İmran müəllim el-oba arasında şair kimi tanınıb. Şarin indiyə
qədər bir neçə kitabı işıq üzü görüb. “Bir ürəkdən min ürəyə” kitabı onun oxucularla be-
şinci görüşüdür. Kitab “İmza” nəşrlər Evində (2023) çap olunub. Kitabın Ön sözünün
müəllifi və redaktoru Rauf İlyasoğludur.
Burada vətən həsrəti, yurd niskili motivləri özünü göstərir. Şair yazır:
Gəlmir təndirindən çörəyin ətri,
Kəsilib bağından çiçəyin ətri.
Gəlmir dağlarından küləyin ətri,
Çölləri yiyəsiz qoyub gəlmişəm,
Elləri yiyəsiz qoyub gəlmişəm.
Burada qeyd olunan təndirdən, bağdan, eləcə də dağlardan ətir, iy niyə kəsilib? Müəllif bunu burada yaşayan ellərin didərgin düşməsi ilə cavablandırır, bunu “çölləri yiyəsiz
qoyub gəlmişəm” şəklində ifadə edir. Bununla belə İmran müəllim bədbinliyə qapılmır,
Ağbabaya, Şörəyelə dönəcəyinə inanır, bu görüşü həsrətlə gözləyir, buna inamlıdır:
Zaman gələ, çıxam sənin yoluna,
Ağbabada, Şörəyeldə görüşək!
Bu görüşə şahid olsun təbiət,
Gözəl məkan, cənnət eldə görüşək!
Ayrılığın ömrü olsun çox gödək,
Elimizin yollarını düz gedək!
Tut əlimdən, dağlarını seyr edək,
Min bəzəkli naxış çöldə görüşək!
Bəs bu Ağbaba, Şörəyel deyilən yerlər necə yerlərdi? Şair bu suala da özünəməxsus
cavab verir:
Yaşatmışıq dilimizi,
Ağbabada, Şörəyeldə.
Unutmadıq dinimizi
Ağbabada, Şörəyeldə.
Yaşadı türk adətimiz,
Varlığımız, qeyrətimiz!
Mərd yaşadı millətimiz
Ağbabada, Şörəyeldə.
Pakdı, safdı niyyətimiz,
Birlik olub gərəyimiz.
Halal olub çörəyimiz
Ağbabada, Şörəyeldə.
Şair hərdən bir gəncliyini də anır, xoş xatirələr onu xəyalın qanadlarında ötənlərə –
gənclik çağlarına aparır, kövrəlir, qəlbinin sarı simi onu dilləndirir:
1
Nə gəncliyim dindi, nə də gözəlim,
Misramdan cavanlıq əl etdi mənə.
Gəldi köməyimə qoşmam, qəzəlim,
Şeirlə bildirdim – həsrətəm sənə!
O qız xeyli baxdı nurlu gözüylə,
İlk görüş gününə apardı məni.
Xəyal aləmindən şirin sözüylə
Ömür-gün yoldaşım qopardı məni!
Hər kəs kimi İmran müəllim də bahar, yaz fəslini çox sevir, onun gəlişini ürəyindən
gələn duyğu və hisslərlə belə əks etdirir:
Bahar qədəm qoyur bizim ellərə,
Dağlar gözəlləşir, düz gözəlləşir.
Dizə təpər verir bahar nəfəsi,
Yollar gözəlləşir, iz gözəlləşir.
Səmadan gözəllik yerə ələnir,
Güllərə, çiçəyə çöllər bələnir.
Qəlblərə məhəbbət, sevgi çilənir,
Kədər, qəm çəkilir, üz gözəlləşir.
Həssas və kövrək müəllifin Şəhidlər Xiyabanı haqqında düşüncələri də diqqətəlayiqdir. O yazır:
Əllərində qərənfil
Hamı kədər içində.
Burda məzar daşları
Hamısı bir biçimdə.
Burda yatan oğullar
Hər biri igid, ərən.
Xoş sabaha açılar
Vətən, kədər pəncərən!
And yerinə dönübdü
Şəhidlər Xiyabanı.
Tanrımız hifz eyləsin
Vətən Azərbaycanı!
Təbii ki, bir məqalədə “Bir ürəkdən min ürəyə” kitabının özünəməxsus məziyyətlə-
rini incələmək imkan xaricindədir. Mən sadəcə bu kitabdakı poetik örnəklər haqqında
düşüncələrimi qeyd etdim.
İmran müəllimə yeni uğurlar diləyirəm.
Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
2