REYHANƏ XANIMIN SARABƏYİM NƏNƏSİ İLƏ BAĞLI XATİRƏLƏRİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Naxçıvanın Ordubad bölgəsi olduqca maraqlı bir ərazidir. Qədimliyi ilə, özünəməxsus adət-
ənənələri, meyvələri, iqlimi ilə fərqlənir, adamı cəzb edir.
Şəhərin gözəlliyi, özünəməxsusluğu məni bir neçə dəfə buraya gətirdi. Maraqlı adamlarla görüş-
düm. Belələrindən biri də Reyhanə xanım oldu, Reyhanə Babayeva. Onun Sarabəyim nənəsi haqqında
xatirələri məni tərpətdi. Bu xanımın dediklərini olduğu kimi yazıya aldım.
…Söz adət-ənənədən, eldən-obadan düşüncə Reyhanə xanım çox duyğulandı:
– Belə söhbət olanda nədənsə hər şeydən əvvəl Sarabəyim nənəmi xatırlayıram. Hər şeyin yerini,
eyni zamanda danışdığının həm dəyərini, həm yerini biləndi. Həmişə bizə öyüd-nəsihət verər, ötübkeçənlərdən də danışmağı sevərdi.
…Nənəm həyatın hər üzünü görmüş bir adamdı. Babam cavan vəfat etdiyindən ailənin ağırlığı
onun zərif çiyinlərinə düşmüşdü. Nənəm ortaboy, zəif vücudlu qadın olsa da, çox cəsarətli, qabiliyyətli, işgüzar biri idi. Ailə doqquz nəfərdən ibarətdi. Yəni beş bibim, iki əmim vardı, bir də nənəmlə
atam… Amma nənəm nə qədər əzab-əziyyət çəksə də, bir dəfə də olsun taleyindən şikayətləndiyini görmədim. İnanclı insandı, oruc tutar, namaz qılar, Quran oxuyardı. Bir sözlə, naşükürlük nənəmin təbiətinə yaddı. Maraqlıdır, onun xörəkləri də dadına, tamına görə çox fərqlənərdi. Məsələn, adi yarma aşını,
ya da əriştə aşını elə bişirərdi ki, bizə ləzzət edərdi. Həmişə ona deyərdim:
– Ay nənə, bunun sirri nədir ki, sən nə bişirirsən belə dadı olur?
Nənəm gülümsünərdi:
– Bilmirəm, bala, bircə onu bilirəm ki, həmişə xörəyi həvəslə bişirirəm, heç vaxt bundan dolayı
da narazılıq etməmişəm.
Həmişə nənəmin başında şal, ya da kələğayı, boynunda torba olardı. O torbada pul olurdu. O yeri
gələndə xeyir işlərə, xınalara adamları dəvət edərmiş.
…Nənəm aclıq və qıtlıq illərində də ailəsini aclıqdan qoruyub saxlamışdı.
…Həmişə küftə bişəndə qanı qaralar, uzaqda dayanardı:
– Ay bala, onu aradan tez götürün, gözüm görməsin.
Baxardım ki, nənəmin gözlərindən yaş axır. O saat yadıma nənəmin söylədiyi bir faciə düşürdü.
Nənəm evdə küftə bişiribmiş. Uşaqlara tapşırıb ki, heç nəyə əl vurmayın, mən gedib gələcəyəm. Uşaqlar balaca imişlər. Nənəm geri qayıdanda gəlib görür ki, kiçik bibim od tutub yanıb.
…Bəli, ağır, unudulmaz bir yara idi, nənəmin ürəyində kök salmışdı, onu incidirdi.
…Nənəm olduqca şux, mehriban qadındı, gözəl oynamağı, şirin səsi vardı. Arada bir qaval çalmağı da vardı. Onun qaval çalıb rəqs etməsi, oxuması bir ayrı tamaşa idi.
Bayramlarda həmişə nənəmin sandığının ətrafına toplanardıq. Nənəm sandığı açıb bizə konfet,
alma, armud qurusu kimi şeylərdən verib sevindirərdi. Onun sandığı açılanda gözəl qoxu, ətir iyi adamı vurardı, çünki nənəmin sandığı ədviyyatla zəngin olardı.
…Yadımdadır, nənəm qışın ərzaq hazırlığına çox fikir verərdi:
– Bu iş yayın sonlarından başlanmalıdı ki, qışda ailə əziyyət çəkməsin. Bunun da başında qovurma gəlir. Bu, hazır xörəkdir, bala.
…Nənəm təhsilə, məktəbə də maraqlı idi. Odur ki, atamla bibilərimdən birini oxutmuşdu. Hər
ikisinin ali təhsil almasına nail olmuşdu.
…Boş dayanmağı sevməzdi, iş canın gövhəridir – deyərdi.
…Məni çox istəyirdi, çünki ahıl yaşlarında yanımda idi. Onunla gün keçirmək, nəsihətlərinə, danışıqlarına qulaq asmaq mənə xoş gəlir, həmişə özümü dünyanın ən xoşbəxt insanı hiss edirdim. Çünki
mən nənəmdən çox şey öyrəndim. Buna görə də soya-kökə, adət-ənənələrə bağlandım. Odur ki, hə-
mişə nənəmi xatırlayıram. Onun nurani siması gəlib durur gözlərimin qabağında.
Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR