ƏZİZƏ CƏFƏRZADƏ UNUDULMAZDIR
Bilmirəm, nədəndirsə yaxşı insanların, əməli saleh adamların, bir sözlə, gözümdə, könlümdə taxt quranların yoxluğuna, ölümlərinə özümü inandıra bilmirəm. Mənə elə gəlir ki, onlar həyatdadırlar, yaşayırlar… Gözəl əməlləri, xeyirxahlıqları ilə. Belələrindən biri də Əzizə xanımdı, Əzizə Cəfərzadə. Bizim ağbabalıların, şörəyellilərin (amasiyalıların) “Əzizə bacı”sı.
Bu ayın 4-ü onun anım günüdür. Yenə xəyal qanadlarında əvvəllərə – 70-ci illərə yön
aldım, yolumu dağlardan saldım.
…Bizim bölgə uzaq, dağlıq, eyni zamanda sərhəd olduğundan buraya gedib-gəlmək elə
asan deyildi. Sərhədçilər gedib-gələndə sənədləri yoxlamamış buraxmırdılar. Heç yadımdan
çıxmır, uzaq Qazaxıstandakı qohumlar kəndə gələndə ancaq bir həftə, ya da uzaqbaşı on gün
qala bilirdilər. Çox qala bilməzdilər, çünki onlar vaxtilə burdan sürgün olunmuşdular. Bura sərhəddi, burda çox qalmaq olmazdı. Qohumlar Qazaxıstandan gələn Əli dayını, Musa dayını, Eyyub dayını, Həbib dayı və başqa qohumları bizim yaşlı qohumlar, qadınlar göz yaşı ilə qarşı-
layıb göz yaşı ilə də yola salardılar. Sonralar yaşa dolanda bunun necə ağır bir dərd-bəla oldu-
ğunu anladım. Bizim bölgəyə, bu ucqar və dağlıq əraziyə ilk qədəm basan yazıçı Əzizə xanımdı, Əzizə Cəfərzadə. Onunla ilk görüşüm yaxşı yadımdadır. Oxçoğluya getmişdim. Baxdım
Ağca xala harasa tələsir, dedim:
– Ay Ağca xala, hara tələsirsən belə.
– Deyirlər Əzizə bacı gəlib, yazıçıdı, adamları danışdırır, məni də Cəbrayılgilə çağırıblar.
– Mən də səninlə getsəm…
– Onda tez elə, məni də gecikdirmə.
…İçəri girdik, Ağca xala qadınların arasında bardaş qurub oturan xanımı işarə ilə mənə
göstərdi. Çox təəccübləndim. Yazıçı bu qədər sadə, bu qədər sadə adamlara yaxın olar? Bu
suala özüm də ürəyimdə cavab verdim. Gördüyünə inan – bu ki həqiqətdir.
…Maraqlıdır, bizim nanayları, yəni xalq nəğmələrini də ilk dəfə yazıya alan Əzizə xanımdır, məndə nanaylara maraq oyadan da bu böyük yazıçıdır. Baxdım nanayların cazibəsi və tə-
siri məni tərk etmir, yavaş-yavaş bu xalq nəğmələrini toplayıb yazıya aldım.
…Əzizə xanımın topladığı nanayların cazibəsi, yazıçının mənə qarşı isti münasibəti məni
folklora, xalqın tükənməz qaynağına istiqamətləndirdi. Onun topladığı folklor örnəkləri “Nanaylar” adı ilə ölümündən sonra işıq üzü gördü.
…İndi Əzizə xanımın əsərlərinə tez-tez baxıram, kitablarından bir neçəsi stolumun üstündədir. Darıxanda, nədəsə çətinlik çəkəndə onları vərəqləyirəm. Bu an sanki yazıçının mehriban
siması gözlərim qarşısında canlanır:
– Tələsən təndirə düşər, səbirli adam həmişə xeyir tapar. Əvvəlcə ürəyinin səsinə qulaq
as, sonra ona uyğun hərəkət et.
…Doğrudan da, dərhal nə edəcəyimi dəqiqləşdirir, işimi həvəslə davam etdirirəm.
Sentyabrın 4-ü Əzizə xanımın anım günüdür. Sağ olsun, “Mirvarid Dilbazi Poeziya
Məclisi” İctimai Birliyinin rəhbəri Güllü xanım bu anım gününü C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanasında keçirdi. Tədbirdə gözlədiyimdən də çox adam iştirak edirdi. Burda də-
vət olunmayanlar da vardı. Çıxışlar da maraqlı idi. Bu tədbir iki saatdan çox çəksə də, mənə
elə gəldi ki, bir an oldu. Bir daha burada Əzizə Cəfərzadəyə adamların, oxucuların sevgisini,
rəğbətini gördüm. Anladım ki, bəli, mən haqlıyam. Xeyirxah insanlar, vətəni, xalqı sevən
şəxslər unudulmazlar. Belə adamlar həmişə xalqımızın bağrından qopub, ölümsüzlük tapmış
kimsələrdir. Əzizə Cəfərzadə də belədir: unudulmaz, adı ürəklərdə yaşayan, əsərləri ilə
ürəklərdən ürəklərə insanın yaxşı xüsusiyyətlərini və nəcibliyini daşıyır.
Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent