MƏHƏMMƏD TAĞI SİDQİNİN EV MUZEYİNDƏ
Yadımdadır, Ordubada tələbəlik illərində, yəni 1978-1979-cu illərdə getmişəm. Şə-
hərin möhtəşəm tikililəri, yəni Şah Abbas, şəhər məscidləri, zorxana kimi memarlıq abidələri yadımda qalıb. Ordubadın özünəməxsusluğu, meyvələri, yaradıcı insanları, Azərbaycan adını uca tutan ziyalıları, alovlu maarifçiləri, görkəmli adamları az olmayıb.
Tələbə yoldaşım Yusif Qədirquliyevlə elə Naxçıvan hava limanında görüşən kimi
Ordubadı xatırladım. Onunla Yuxarı Əylisə gələndən bir neçə sonra Yusiflə bərabər Ordubada getdik. Burada bir az öncə qeyd etdiyim kimi, tarixi abidələri ziyarət etdik. Baxdım köhnə küçələr eynilə durur, həmin çinar ağacları yenə öz möhtəşəmliyi ilə adamı
cəlb edir.
Yenə Sərçeşmənin suyu buz kimi, durudur göz yaşı kimi. Bu sirli çeşmənin suyundan içib sərinlədik. Yolda Məhəmməd Tağı Sidqinin ev muzeyini görüb qapıdan içəri daxil olduq. Bizi gülərüz, mehriban bir xanım qarşıladı:
– Buyurun.
Biz içəri keçəndə xanım özünü təqdim etdi:
– Mən bu muzeyin baş nəzarətçisiyəm. Adım Reyhanədir, Reyhanə Babayeva.
2016-cı ildən burada işləyirəm. Gördüyümüz kimi, muzey 3 ekspozisiya zalından ibarətdir. Vitrinlərdə Məhəmməd Tağı Sidqinin attestatı, təhsili ilə bağlı sənədlər, eləcə də
məktəb və şagirdlər haqqında şeir örnəkləri nümayiş olunur. Təbii ki, bu alovlu maarifçinin yaradıcılığında mühüm yer alan “Məhəmmdəliyə nəsihət” şeiri də buradadır. Qeyd
edim ki, bu muzeydə vaxtilə Məhəmməd Tağı Sidqinin açdığı məktəblərin şəkilləri də
var.
– Bəs Məhəmməd Tağı Sidqi haqqında nə deyə bilərsiniz?
– Azərbaycanın görkəmli şəxslərindən biridir. O 1892-ci ildə Ordubadda “Əxtər”,
1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbi açıb.
– Bu məktəblərin əhəmiyyəti nə idi?
– Bu məktəblərdə dini elmlərlə bərabər, həm də dünyəvi elmlər də tədris olunurdu.
Buna görə də çar üsul-idarəsi Məhəmməd Tağı Sidqinin maarifçi ideyalarına qarşı idi. Bu
səbəbdən 1896-cı ildə ona müəllimlik etməyə qadağa qoyuldu. Amma görkəmli maarif
xadimi buna da çarə tapdı. O, İrəvana gedib imtahan verərək Zaqafqaziya ruhani idarə-
sindən müəllimlik şəhadətnaməsini aldı.
Reyhanə xanımla söhbətimi davam etdirdim:
– Yəqin siz hansısa ali məktəbi bitirmisiniz.
– Xeyr, mən heç bir ali məktəb bitirməmişəm. Sadəcə, orta məktəbi bitirmişəm.
– Maraqlıdır, Məhəmməd Tağı Sidqi haqqında kifayət qədər biliyə maliksiniz.
– Geniş mütaliəm var, kitabları çox sevirəm. Ordubadın adət-ənənələri məni çox
cəlb edir. Mənim özümə uyğun bir dünyam var. Bu dünyadan baxıram… İnsanlığın ən
yaxşı cəhətlərini yaşatmağa çalışıram. Çünki hər bir insan dünyaya yaxşılıq etməyə, tə-
biətin gözəlliyinə gözəllik qatmağa gəlib.
Nəhayət, muzeyin “xatirə” kitabına da ürək sözlərimi yazıb ayrılanda Reyhanə xanımla sağollaşdıq.
Bu görüş dostum Yusifi də, məni də ziyadəsi ilə məmnun etdi. Bu təəssüratları
oxucularla da bölüşmək üçün bu yazını işlədim.
Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent