Laçın həqiqətləri
Prezident İlham Əliyev Laçına səfəri çərçivəsidə bir neçə müəssisə və obyektin təməlini qoyub
Biz adətən xüsusi dövlət bayramlarında Bakıda atəşfəşanlığın olduğunu görmüşdük. Heç kimin ağılına gəlməzdi ki, nə vaxtsa Azərbaycanın işğal altında olan rayonlarında da belə atəşfəşanlıqlar olacaq. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azda olunması ilə xalqmız üçün bir çox ağılagəlməz həqiqətlərə qarşılaşdı. Baxmayaraq ki, Ermənistanın bu əraziləri “ölü torpaq”lara çevirməsi hər bir soydaşmızı, o cümlədən dünyanı şoka salmışdı. Amma ötən ilin noyabrında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilməsi haqqında sərəncam verdikdən sonra bu ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Sərəncamda da bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Artıq Böyük Qayıdışa başlanılmışdır. Və rayonların sakinlərinin hər bir qaydışı təntənə ilə qeyd edilir. Eyni zamanda işğaldan azad olunan rayonların adına bayram günləri keçirilir. Bununla da bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı var. Sərəncamda qeyd edildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bəli, Azərbaycan xalqı böyük qürur hissi ilə işğaldan azad olunan rayonların şəhər günlərini qeyd edir. İlk belə təntənəli tədbir Laçında təşkil edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanmışdır. İki gün davam edən tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etmişdirlər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək demişdir ki, biz öz doğma torpağımızda qürurla yaşayırıq: “Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”. Qeyd edək ki, Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olmuşdur. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilmiş, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olmuş, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndirmişlər. Cənab Prezident deyib ki, biz xoşbəxt günləri yaşayırıq: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”. Onu da deyək ki, avqustun 26-da ilk dəfə keçirilən “Laçın Şəhəri Günü”nü münasibəti ilə möhtəşəm atəşfəşanlq da olmuşdur. Bu atəşfəşanlıq çox böyük maraqla qarşılanmışdır.
Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Gördüyümüz kimi, dövlətimiz Laçını yenidən qurub yaradıb. Prezident İlham Əliyev Laçına səfəri çərçivəsidə daha bir neçə müəssisə və obyektin təməlini qoyub. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Cari ilin avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin də təməli qoyulub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Laçında bütün infrastruktur yenilənir. Bundan sonra laçınlılar öz doğma ata-baba yurdlarında rahat və təhlükəsiz yaşaya biləcəklər.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent