Ermənistanın puça çıxan BMT ümidləri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu, Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasətinin bariz nümunəsidir

Artıq Ermənistan-Azərbaycan arasında münaqişə həll olunub. İndi əsas məsələ iki ölkə arasında normallaşma prosesinin sürətlənməsi, sülhün əldə edilməsidir. Eyni zamanda hazırda Azərbaycanın əsas narahatlığı Ermənistan tərəfindən dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpa edilməsidir. Bu kimi məsələlərlə bağlı Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə də əməkdaşlığa maraqldır. Qarabağda humanitar vəziyyət, əsasən də işğaldan azad olunmuş ərazilərin bərpasına dair Azərbaycanın planları var və bunu da icra edir. Ermənistan isə Qarabağda süni gərginlik yardır. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi. Rəsmi İrəvan növbəti təxribat törətməyə çalışırdı, amma səmərəsiz oldu. Əslində, regionda Ermənistan 30 il ərzində humanitar fəlakət yaradıb. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev daima bu faktı beynəlxalq tribunalarda səsləndiriblər. Hətta Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının sessiyalarında belə, bu haqda çıxışlar edib. Dövlətimizin başçısı 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72 sessiyasının açılışındakı nitqində deyib: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir”.

Ermənistan 30 ilə yaxın müddətdə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və buna görə cəzalandırılmadı da. BMT-nin Təhlükəsizlik Şurasının sədrinin belə, bir sıra bəyanatlarına açıqaşkar məhəl qoymayan Ermənistan, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Bu, rəsmi İrəvanın siyasi məsuliyyətsizliyidir. Çox təəssüf ki, 30 il ərzində beynəlxaq təşkilatlar bu işğalçı ölkəyə hər hansı sanksiya tətbiq etmədi. Bu, Azərbaycana qarşı ikili standarta əsaslanan yanaşma idi. Bu yanaşmanı Azərbaycan heç bir halda qəbul etmir. Amma Ermənistanın cəzasını Azərbaycan özü verdi. Prezident İlham Əliyevin mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda deyib ki, Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var: “İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Biz bunu özümüz etmişik. Ona görə də, qeyd etdiyim kimi, buna çox diqqət yetirmirik. Lakin, əlbəttə, biz düşünürük ki, ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir”.

Dövlətimiz BMT institutları ilə daha çox qarşılıqlı əlaqə qurmağa çalışır. Azərbaycan tərəfindən BMT institutları bölgəyə bir neçə dəfə dəvət olunmuşdur. Ermənistanın bizim ərazilərdə nələrin törətdiyini öz gözləri ilə görmələrini istəmişdik. Baxmayaraq ki, işğal dövründən onlardan bir xəbər olmadı. Amma Vətən müharibsindən sonra regiona gəlmək istəyirlər. Lakin Ermənistan hər zamanki kimi buna etiraz edir. Bu gün Ermənistanın Xankəndinə gətirdiyi əcnəbi diplomatların, beynəlxalq təkşilat nümayəndələrinin qeyri-obyektivliyi ondadır ki, onlar işğal faktına heç zaman reaksiya verməyiblər. Təcavüzkarın yanında olmaları elə bu qurumların hansı məqsədə xidmət etdiyini göstərir.

Bu gün beynəlxalq ekspertlər Azərbaycanı qlobal geosiyasətindən danışmaq üçün ən etibarlı məkan hesab edirlər. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Bu, Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasətinin bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın firavan və təhlükəsiz ölkədir. Qarabağ məsələsinin həll edilməsindən sonra indi daha geniş şəkildə regional imkanlardan, Avropa ilə Asiyanı bir araya gətirmək üçün Azərbaycanın tranzit imkanlarından danışılır.

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR