Tacir Səmimi yazır:”50 yaşın işığında”
Yaxşı dost, mehriban, istiqanlı insan, gülərüz, xoşrəftar deyəndə dərhal yadıma dostum Araz Yaquboğlu düşür. Aramızda xeyli yaş fərqi olsa da, onunla tay-tuş kimi rəftar edirəm. Araz texniki sahə üzrə təhsil alsa da, ədəbiyyatımıza, folklorumuza, etnoqrafiya və tariximizə də yaxşı bələddir. Bunu onun çap etdirdiyi kitablar, məqalələr, araşdırmalar sübut edir. Digər tərəfdən Araz əslən Göyçədəndir. Yeni Daşkənd kəndində dünyaya gəlib. Babasının qardaşı Həsən Xəyallı Göyçənin tanınıb seçilən el şairlərindəndir. Bu kökdə, nəsildə el şairləri az deyil. Bunlardan biri də Sərraf Şiruyədir. Etiraf edim ki, mənim kitablarımın işıq üzü görməsində Araz heç vaxt köməyini əsirgəməyib. Bir qardaş, bir dost kimi əlimdən tutub. Yeri gəlmişkən deyim ki, neçə-neçə mənim kimilərə bacardığı köməyi eləyib. Araz Yaquboğlu belə xeyirxah adamdır. Xeyirxahlıq onun canındadır. O, bundan zövq alır.
…Məhz Arazın sayəsində mən çox sevdiyim el şairi Sərraf Şiruyə ilə tanış olmuş, dəfələrlə bu böyük şairin qonağı olmuş, Yeni Daşkənd kəndinə getmişəm. Orada qonaqpərvərlik və hörmət görmüşəm.
…İllər nə tez ötüb keçir – xəbər tuturuq. Bir də baxırıq ki, saçlarımız ağarıb, qəddimiz əyilib, qocalıq qapımızı döyür. Təəccüblənirik:
– Nə tez keçdi bu illər?!
Ömür belədir – su kimi axmağında… İnsanın başı müxtəlif işlərə necə qarışırsa bir də baxırsan gənclik ötüb keçib, amma xəbərin olmayıb.
…Deyəndə ki, Araz Yaquboğlunun 50 yaşı tamam olur, inanmadım. Amma inansam da, inanmasam da bu bir həqiqətdir. 50 yaş ömrün yarı yaşıdır. Mən Araz Yaquboğluna 100 yaş arzulayıram. Araz adını tarix səhifəsinə jurnalist, publisist, folklorşünas, bir sözlə, qələm əhli kimi yazmış, bunu neçə-neçə kitabları ilə təsdiqləmişdir. Dostuma yeni-yeni uğurlar arzu edirəm. 50 yaşın işığında bu yazını yazdım.
Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent