UNUDULMAZ MÜƏLLİM
Bir neçə gün bundan öncə əslən Göyçədən olan dostum Əmiraslan müəllimin səsini
eşidən kimi özümdən asılı olmayaraq ötəni-keçəni yadıma saldım, dostumun atası Zeynalabdin Mahmudoğlunu xatırladım. Zeynalabdin müəllim tanınmış müəllimdi, təcrübəli
pedaqoqdu. Onu mənimlə Tofiq müəllim tanış etmişdi, Tofiq Hüseynzadə. Dostum Zeynalabdin müəllimlə görüşməmişdən əvvəl demişdi ki, bu kişi çox təvazökar adamdı,
özündən danışmağı sevmir. Olduqca xeyirxah, nəcib, abır və həya gözləyəndi. Amma sən
söhbəti elə sal ki, ondan sənə lazım olan folklor örnəklərini toplayıb yaza biləsən. Əslinə
baxanda o özü də həm toplayıcıdır, həm tədqiqatçı, həm də…
– Həm də nə?
Dosum burda adəti üzrə qoltuğundakı çantanı əlləşdirdi, sonra da mənə baxıb dedi:
– Həm də şairdi. Di gəl mətahını hər yerdə xərcləyən deyil. Bəlkə sözdə-söhbətdə
onun ürəyinin sarı siminə toxunasan… Onda bir-iki kəlmə desin.
Zeynalabdin müəllimlə tanışlıq məni çox məmnun etdi. Baxdım bu təcrübəli müəllim nəinki qeyri-adi informator, həm də adət-ənənələrə bələd bir el ağsaqqalıdır. Göy-
çənin bütün el sənətkarlarına bələddir. Eyni zamanda həmin sənətkarların həyatı, məişəti
ilə bağlı əhvalat, rəvayət, aşıq rəvayəti az eşitməyib. El-obadan yaddaşına həkk etdiyi
bilgi və məlumatlar az deyil.
Bəli, söz-söhbətin axarında aramızda səmimiyyət yarandı. Baxdım ki, Zeynalabdin
müəllimin yanında həmişə on-on bir yaşında bir qız dolanır. Qızın danışığı, şeirə marağı,
gülər gözləri Zeynalabdin müəllimi məftun edir. Anladım ki, bu uşaq onun nəvələrindəndir. Sən demə, müsahibim də mənə göz qoyurmuş. Dedi:
– Hə, müəllim, bu qız mənim nəvəm Saniyədir. Buna nənəsinin adını qoymuşuq.
Çox zəki qızdı, poeziyaya, aşıq yaradıcılığına çox maraqlıdır. Mən Saniyəni çox istə-
yirəm. Maşallah, yaddaşı da çox yaxşıdı, inanıram ki, gələcəkdə Saniyə mənim kimi ədə-
biyyat müəllimi olacaq. Üstəlik, mənim işimi davam etdirəcək… Yəni, əlyazmalarımı,
topladığım folklor örnəklərini, məqalələrimi bir yerə cəmləyəcək… Bir sözlə, babasının
qalan işlərini başa çatdıracaq.
– Zeynalabdin müəllim, baxıram siz Ağ Aşıqdan, Miskin Abdaldan, Aşıq Alıdan,
eləcə də digər el sənətkarlarından məlumatlısınız. Üstəlik, onların indiyədək toplanıb
yazıya alınmayan şeirlərini də bilirsiniz. Sirr deyilsə, bunları necə öyrənmisiniz?
Müsahibim gülümsündü, sonra əlini nəvəsi Saniyənin saçlarına çəkdi:– Yaxşı deyirsən, əlbəttə, adam bilmədiklərini bir biləndən soruşub xəbər ala. Hə,mən də ağsaqqallarla çox həmsöhbət oluram. Olmuşam da. Kənddə, kənarda… Elə
bunlardan biri Kərəm dayım. Aşıq Alının qorçusu. Kərəm dayım 110 yaşında idi. Bizim
Göyçə aşıqlarının işlətdikləri nağılların hamısını bilirdi, təxminən iyirmidən çox dastan bilirdi. Odur ki, kəndə-kəsəyə aşıq gələndə xəbər alırdı ki, Kərəm kişi kənddədimi. Çəkinirdilər kişidən. Dayım heç vaxt el sənətkarını camaatın yanında utandırmaz, mat eləməzdi. Fürsət düşəndə deyərdi:
– Ay bala, bax, filan yerdə söz beş bənddi, sən üç bəndini oxudun, ikisi qaldı. Adam
sənətini kamil bilməlidir. Bax, filan sözü sən “Göyçəgülü” üstə oxumağın əvəzinə “Qaytarma”da oxudun.
Aşıq da maraqlanardı ki:
– Ay Kərəm baba, sən aşıqsan ki?
– Yox, bala, mən ustad yanında çox olmuşam. Çox məclislərdə aşıqlara qulaq asmışam.
– Zeynalabdin müəllim, dayının şairliyi də vardımı?
– Əlbəttə, Göyçə kimi yerdə doğulasan, ustadlar yanında olasan… o təmiz havadan,
sudan… şair də olar, sinədəftər də.
– Yəqin Göyçə, o axarlı-baxarlı yerlər, qəlbi dağlar yadınızdan çıxmır.
– Yox, çıxmır. Arada bir yurd həsrəti məni sıxanda qələmi götürürəm. Dağlar dedin,
başımdan duman qalxdı. Odur ki, ürəyimdən keçənləri dilə gətirirəm.
Şişpilləkən, Versdağı çox ucadır,
Çətindərə qocalardan qocadır.
Qərib düşən oda yanar qaydadır,
Sənsiz necə oda yandım, a dağlar.
– Müəllim, dağlara sözünüz yenə varmı?
– Niyə olmasın ki, qulaq as:
Didərgin olsam da əhli-halam mən,
Ağam sənsən mənim, sənə qulam mən.
Zeynalabdin deyər, dərdi bolam mən,
Yoxdu dərd-sərimin sanı, a dağlar.
Birdən səsi qırıldı kişinin. Baxdım qəhərlənib. Birtəhər özünü ələ aldı, ürəyindən
keçən hisslərini, duyğularını dilə gətirdi:
Torpağına qarışım,
Qurbandı sənə başım.
Ay mənim torpaq-daşım,
Gəldim burda ölməyə.
Vətən, gəldim, görüşək,
Sonu ölüm-itimdi.
Dərdi-qəmi bölüşək,
Könlüm sənsiz yetimdi.
Bunları sonuncu dəfə Göyçəyə gedəndə, yəni 1989-cu ilin mayında demişəm. O
müqəddəs yeri son dəfə ziyarət eləyib gəldim. Elə bil ürəyimi orda qoydum… Nə ah çəkməkdən doydum, nə ozalanmaqdan… Hərdən bir də dərd məni dindirdikcə dərdi vərəqlərə tökdüm beləcə.
… Aradan iyirmi il vaxt keçib, amma mən Zeynalabdin müəllimi unuda bilmirəm.
Onun şirin söhbəti, bədahətən söz deməyi, sinədəftərliyi, səmimiyyəti unudulmazdır.
Odur ki, hisslər və duyğular mənə bu yazını yazdırdı.
Sən unudulmaz müəllimsən, Zeynalabdin müəllim, Allah sənə qəni-qəni rəhmət
eləsin!
Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent