Alim ömrü ömürlərə işıqdı… – Bayram Məmmədov yazır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Naməlumluğu tanımağa kəşf etmə deyirlər. Kəşf edilən araşdırılır, öyrənilir, digər məlumatlarla analogiyalar əsasında xarakterizə edilir. Tanımadığın insanı tanımaq da kəşf etməkdirmi? – kəşf etməkdi, tanıyırsan, bəzən tanıma prosesinə xoş bir salam da kifayət edir. Kəlmələşirsən, onun düşüncələrindən düşüncələrinə işıq düşür, işıq bu gün düşsə də zaman anlamında sabahların işığına dönür. Həmin işığın qüdrətini duyursan, sezirsən və sənə elə gəlir ki, bu işığın mahiyyəti bəşər üçün ömür yoludu…

Bu duyğuları Sudeif İmamverdiyevi tanıyanda da yaşamışam. İlk tanıdığımda ( 2021-ci il oktyabrın 14-də TAİB İdarə heyətinin üzvü seçiləndə) ustad alimi, dəyərli ziyalını, əsl vətənpərvəri sevdim, xarakterinin gözəlliyini bəşəri işıq bildim və bu qənaətimin minlərin qənaəti ilə ortaq olduğunu biləndə qədərsiz şükranlıq yaşadım. O vaxtdan indiyənəcən hər görüşəndə dediyim kimi müra¬ciət edirəm Südeyf müəllimə: Gün aydın, ustad! “Ustad” ifadəsi təkcə onun peşəsiylə bağlı deyil, bu ustadlıq ona insani keyfiyyətlər aşılama qüdrətinə görə verilib (mənim kimi düşünənlərin hamısına minnətdaram!). Ustadın gözlərində cilvələnən bənzərsiz təbəssümü yaşatmaq üçün hər dəfə gözlərimə köçü¬rü¬rəm. Onu tanıyanlar yaşadıqları bu ovqatı Tanrı töhfəsi bilir…

Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci ildə iyulun 2-də Astara şəhərində müəllim aliləsində anadan olub. Göz açıb kitablar görüb, kitablara sevgi görüb. Ata sevgisi, ana sevgisi bu sevgilərlə süslənib; Sudeifdə ata sevgisinin, ana sevgisinin işığında bu sevgiyə sevgi yaranıb. Astara 1 saylı orta məktəbində rus bölməsində təhsil alıb. Orta məktəbi 1956-cı ildə bitirib. Həkim olmaq istəyib – bir ömürdə neçə-neçə ömürlər yaşatmaq niyyəti ilə bu peşənin mücahidi olmağı qərara alıb. Sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun( indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə verib. Azərbaycan bölməsinə! Bu qərar da özünəinamın, dilə sevginin təzahürüdür. Oxuyub, öyrənib. Öyrəndikləri öyrənəcəklərinin başlanğıcı olub. İnstitutu 1962-ci ildə bitirib. Tələbə Sudeif həkim Sudeif idi! Bu da niyyətin ərəfəsi! Bu da bəşəri xidmətə yol açan anlar!..

Hələ tələbə ikən cərrahiyyəyə daha böyük marağı olub. Bu gözəl duyğu onda İbn Sinalığa sevgi kimi yaranıb – insanın daxili aləmini zahirdəki kimi görmək marağı yaradıb! Bu maraq tələbə Sudeifin elmi axtarışlarının yolgöstərəni olub. İnstitutun 5-ci kursnda təhsil alarkən hospital cərrahiyyə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov və dosent M.F.Muradovun rəhbərliyi altında “Nefrektomiyadan sonra qalan yeganə böyrəyin funksiyası“ adlı ilk elmi iş üzərində işləyib. Həmin iş 1962-ci ildə Bakı şəhərinin ali məktəblərinin tələbə elmi işləri arasında birinci yeri tutaraq fəxri fərmana layiq görülüb. Bu onun urologiya sahəsində ilk elmi işi idi. Bu,həkim Sudeif İmamverdiyevin ixtisas seçimində əhəmiyyətli təsir göstərib: cərrah olmaq!
İnstitutu bitirdikdən sonra 1962-1963-cü illərdə leytenant hərbi rütbəsində cərrah həkim kimi hərbi xidmətdə olub.1963-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Bakiya qayıdaraq M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində uroloq işləyib.

Sudeif İmamverdiyev həkim olaraq elmi axtarışlarını davam etdirib, cəmiyyət üçün gərəkli bir sahə üzrə tədqiqatlar aparıb, 1968-ci ildə “Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi əsər təbabətə çox gərəkli olan mövzunun həlli ehtimallarını zənginləşdirib, bəşəri niyyət kimi elmi cəmiyyətlə bağlayanlardan olub Sudeif İmamverdiyev!

Görəsən, başlanğıcmı çətindir, başlanğıcdan başlayan sonmu? – kamil insan, kamil mütəxəssis üçün çətinlik olmur, mövcud çətinliklər zəhmət çəkməklə aradan qaldırılır.

1972-ci ilin sentyabrında doktorluq dissertasiyası üzərində elmi axtarışlarını davam etdirmək üçün Moskvaya Ümumittifaq Cərrahiyyə Mərkəzinə ezam olunub. 1972-1974-cü illərdə bu nəhəng mərkəzdə elmi axtarışlarını davam etdirib. 1974-cü il dekabrın 24-də akademik B.V.Petrovskinin və görkəmli damar cərrahı,Dövlət mükafatı laureatı, professor M.D.Knyazyevin elmi rəhbərliyi altında Moskvada “Hər iki böyrək arteriya¬sının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda 36 yaşında doktorluq dissertasiyası müdafiə edib. Doktorluq dissertasiyasında da təbabətdə ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub ki, bu da təbabətdə elmi yenilik kimi dəyərləndirilib; tibb elmləri namizədi Sudeif İmamverdiyev mükəmməlliyi sevən insandır, vətəndaşdır, elm adamıdır. Sudeif İmamverdiyev Azərbaycana tibb elmləri doktoru kimi qayıdıb. Vətənə sevgi ilə yaşayanlar Vətəndən uzaqda yaşanılan il¬ləri ömrə qısqanır…

1975-ci ilin yanvarında tibb elmləri doktoru Sudeif İmamverdiyev döğma Vətənə qayıdandan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Cərahiyyə” kafedrasında assistent işləyib və Tibb İnstitutunda urologiya kafedrasının açılması üçün fəal iş aparıb. Onun məqsədyönlü səyi və gərgin fəaliyyəti nəticəsində 1975-ci ilin martında Tibb İnstitutunda urologiya kafedrası açılıb. İnstitutunun “Urologiya” kafedrasında fəaliyyətə başlayanda – 1976-cı ildə bu kafedranın dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən kafedranın müdiri vəzifələrində işləyib; elmi təfəkkürü, elm təşkilatçılığı, elmlə məşğul olanlara rəhbərlik etmə qabiliyyəti onu təhsil ocağında ən yaxşılardan biri kimi tanıtmışdı. Yaxşı həkim yaxşı elm nəzəriyyəçisi idi, yaxşı elm nəzəriyyəçisi qabiliyyətli təcrübəyə malik olan cərrah idi. Belə kadrlar həm rəhbərliyin, həm də əməkdaşların ehtiramı, sevgisi ilə əhatələnir; professor Sudeyf İmamverdiyev belə ehtiramla, belə sevgi ilə əhatələnmişdi. “Sevgisiz iş yeri insan üçün ən dözülməz əzab yeridir. İnsan sevərək işləməli, işləyərək sevməlidir. Təbabət mənə ömür qədər əzizdir…”, – professor Sudeif İmamverdiyev kö¬nül sirdaşlarına, onun məsləhətlərini arzulayanlara belə deyir…
O illərdə cərrahiyyə əməliyyatlarının təkmilləşdirilməsi tibb elminin ən aktual problemlərindən idi. Elmi araşdırmaları ilə elmin inkişaf mərhələlərini böyük məsuliyyətlə uzlaşdıran istedadlı alim, tibb elmləri doktoru professor Sudeif İmamverdiyev bu istiqamətdə mühüm araşdırmalar aparıb, mühüm nəticələrə nail olub. Bu nəticələr təcrübi təbabətdə, ümumən təbabətdə böyük elmi yeniliklər kimi dəyərləndirilib. Həmkarları, eləcə də xarici mütəxəssislər bu yeniliklərin mahiyyətini tibb elminin inkişaf mərhələsi bilirdi. Azərbaycanlı alimin adı ilə tanınsa da bu, Azərbaycan elminin nailiyyəti idi.

Tibb elmləri doktoru professor Südeyf İmamverdiyev həm də Azərbaycan elminin, deməli, Azərbaycanın tanıdılmasının cəfakeşlərindən biri olub. Bu elm fədaisi Azərbycandan kənarda mötəbər elmi konfranslarda Azərbaycanı böyük sevgilərlə, böyük elm mücahidi kimi təmsil edib. Bu təmsiletmə Azərbaycan elminə, Azərbaycan tibb elminə, Azərbaycanda urologiyanın bu səviyyədə inkişafına səmimi rəğbət yaratmışdı…

Qafqazda ilk dəfə olaraq böyrək arteriyasının ekstra korporal rezeksiyası və böyrəyin autotransplantasiyası əməliyyatını uğurla yerinə yetirən (1979) professor Sudeif İmamverdiyevin təşəbbüsü və rəhbərliyi ilə 2007-ci ildə Bakıda “Uroonkoloji əsaslara müasir baxışlar” adlı böyük elmi-praktiki konfrans keçirildi. Belə bir problemə həsr edilən elmi-praktik konfransın məhz Bakıda keçirilməsi həm də dünyəvi nüfuz amili ilə səciyyəvi idi və bu, vətənpərvər alimin adı ilə tarixləşdi.

İnsanlarda böyrək sallanması hallarının genişlənməsi bəşərə, bəşəriyyətə görə uroloq-alim kimi professor Sudeif İmamverdiyevi də ciddi narahat edirdi. O, bu istiqamətdə də ciddi araşdırmalar apardı, elmi tezis olaraq deyə bilərik ki, mümkünsüzü mümkün etdi, böyrəkdə və ətraf toxumalarda olan dəyişikliklərin xüsusiyyətlərini nəzərə alaraq üç nefrofeksiya üsulu təklif etdi. Əməliyyatların yaxın və perspektiv nəticələrinin elmi şərhi kimi Türkiyədə, Sankt-Peterburqda və Bakıda elmi məqalələri dərc edildi, elmi nəticələri ictimailəşdi, yeniliklər elmə, təcrübi təbabətə belə təqdim edildi. 2011-ci ildə “Nefroptozun cərrahi müalicəsi” kitabı (V.Y.Əbdürrəhmanova ilə birlikdə) nəşr olundu. Professor Sudeif İmamverdiyev (Abu Nahlehlə birlikdə yazdığı “Xirurqiçeskoe leçenie qidronefroza” kitabında çə¬tin pataloji xəstələrin cərrahi müalicəsinin aspektləri və perspektiv nəticələri ilə bağlı yeni elmi fikirlər, ümimiləşdirmələr, nəticələr öz əksini tapıb ki, bu da cərrahlar üçün son dərəcədə dəyərli elmi, elmi-təcrübi tövsiyələrdir, istiqamətverici (və istinadedici!) mənbədir. 2013-cü ildə nəşr edilən “Böyrək xəstəliklərində laparoskopik cərrahiyyə” kitabı da bu xüsusiyyəti ilə dəyərlidir…

Dünyaca məşhur alimin “Urologiya” kitabı da tibb elmi üçün böyük nəzəri (həm də təcrübi!) mənbələrdən biridi…

Obrazlı şəkildə desək, professor Sudeif İmamverdiyev əlinə qələm alanda yeni bir elmi tezis yaranıb, skalpeli əlinə alanda hansısa fəsad, fəsadlar aradan qaldırılıb. Dünya tibb elminin ehtiramı ilə əhatələnən professor Sudeif İmamverdiyev 1999-cu ildən etibarən aşağı sidik yollarının xoş və bədxassəli şişləri zamanı TUR əməliyyatlarının uğurlu tətbiqini hazırlayıb. Elmi kəşf kimi…

Tibb elmləri doktoru professor Sudeif İmamverdiyev təkcə Azərbaycanda deyil, türk dünyasında da kifayət qədər tanınır. O, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədridir. Bu Birliyin fəaliyyəti bəşəri fəaliyyətdir.

2022-ci ildə bu Birliyin üzvləri Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyətinə səfər təşkil edib, səfər zamanı iki dövlət arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı mövzusunda müzakirələr aparılıb. Bu, mahiyyət baxımından dövlətçiliyə xidmətdir.

TAİB-in təşəbbüsü və təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans da Azərbaycan tarixinin yaşadılması və öyrənilməsi baxımından Birliyin gərəkli xidmətlərindəndir.

TAİB-in İdarə Heyətinin üzvlərinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində TAİB və Qırğızıstan-Türkiyə “Manas” Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan liderlər” mövzusunda konfrans təşkil olunması da tarixdir, TAİB İdarə Heyə-tinin üzvü olan Azərbaycan millət vəkillərinin daxil olduğu bu konfransda Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əlaqələrin inkişafına verdiyi töhfələrin, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk Dövlətlərinin birliyi yönümündə həyata keçirilən tədbirlər də.

Türk dünyasının fikir və söz adamlarının təbliğ olunmasını xüsusi əhəmiyyətli istiqamət kimi özünün fəaliyyət proqramında əks etdirən TAİB Qax rayonunda İcra Hakimiyyəti və Dünya Türkologiya Mərkəzilə birgə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans təşkil edlməsi də TAİB-in, bu baxımdan onun sədri professor Sudeif İmamverdiyevin türk dünyasına tarixi xidmətidir…

Astara şəhərində anadan olan, bütün türk dünyasında tanınan, sevilən bir insandı Sudeyf İmamverdiyev. Bu sevginin hüdudları ürəklərdi. Onu sevənlərin sayı onu tanıyanların sayından dəfələrlə çoxdu. Özünü tanımayanlar elmini tanıyır…

Taleyimdən razıyam ki, Sudeif müəllimi mən də tanımışam, mən də sevirəm, dünyaduyumun da, düşüncə tərzinin də, mühakimələrinin də, … aludəsi olanlar sırasında mən də varam…

Alim ömrü ömürlərə işıq olduğu üçün dünya bəşərilik yoluna meyillənir…

Bayram MƏMMƏDOV

Əməkdar müəllim

525-ci qəzet

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR